Keçid linkləri

Təcili xəbərlər

Ümid 2018-ci ildən sonraya qaldı?


Serzh Sarkisian
Serzh Sarkisian
-

Formal siyasi etika xatirinə olsa belə, Ermənistandakı prezident seçkilərinin rəsmi nəticələrini gözləməyə səbir çatmadı. İlkin nəticə bu gün elan olunmalıdır. Dünən isə artıq «exit poll»un nəticələri bəlli oldu. Məlum oldu ki, indiki prezident böyük səs fərqilə irəlidədir. Başqa cür ola da bilməzdi, çünki Ermənistanda nə baş verdiyini hamıdan yaxşı Rusiyada bilirlər. Seçki ərəfəsində rus mətbuatına, müxtəlif saytlara diqqət yetirirdik, hər yerdə seçkinin nəticəsinin artıq bəlli olduğu, ölkədə faktiki olaraq rəqabətsiz seçkilərin keçiriləcəyi deyilirdi. Amma bizim üçün ən maraqlısı Azərbaycan telekanallarının seçki ilə bağlı hazırladığı süjetlər oldu. Seçki vaxtı total saxtakarlıqdan, zorakılıqdan bir xeyli danışıldı. Bunları inkar etmək niyyətində deyilik, çünki biz də razıyıq ki, Ermənistanda prezident seçkilərinin nəticələrini iki amil həll edir: Rusiya və bir də inzibati resurslar. Amma bir sual yaranır. Məgər Azərbaycanda seçki bundan yaxşı keçirilir? Azərbaycanla Ermənistan arasında bir çəkişmə predmeti də var. Azərbaycanlılar daim gileylənirlər ki, niyə beynəlxalq təşkilatlar Ermənistandakı zorakılıqlara göz yumur, onlara saxta seçkilər keçirməyə imkan verir, amma bizi bunlara görə qınayır? Həqiqətən də böyük «dərd»dir… Amma əsl dərd bundan da böyükdür. Daha beş il Qarabağ problemində heç bir irəliləyiş olmayacaq, regionda silahlanma böyük sürətlə davam edəcək, soyuq bir siyasi atmosfer hökm sürəcək. Ona görə də «İndiki prezidentin təkrar seçilməsi regiona nə verəcək?» sualının cavabı sadədədir: heç nə! Bu sadəcə növbəti vaxt itkisi olacaq. Dəyişiklikdən, buzun əriməsindən o vaxt danışmaq mümkün olardı ki, hakimiyyətə P. Hayrikyan kimi siyasi baxışları və ən əsası onun kimi geosiyasi platforması olan bir şəxs gələydi. Bəli, o vaxt təhlilçilər alınlarını qırışdırıb nəsə düşünmək və hansısa sualın cavabını axtarmaq məcburiyyətində qalardılar. İndi isə hər şey aydındır.

Düşünəndə bu, faktiki olaraq faciəli durumdur: söhbət 2018-ci ilə qədərki vaxtdan gedir. Bu, az müddət deyil. O vaxt münaqişənin başlanmasının otuzuncu ili tamam olacaq. İrəlidən isə Ermənistan üçün önəmli olan daha bir tarix gəlir: bunlar 2015-ci ildə qondarma soyqırımın 100 illiyini qeyd etmək niyyətindədirlər və artıq buna hazırlıq gedir. Bu, isə siyasi atmosferin göstəricisi hesab oluna bilər. Bu prizmadan baxanda adamın bir məsələyə heyfsilənməyi gəlir: söhbət 1993-cü ilə qədər Azərbaycanda baş verən siyasi qalmaqallardan, qarşıdurmalardan gedir. Bəlkə o vaxt bunlar olmasaydı və yaxud az olsaydı itkilər də indiki qədər olmazdı? Amma indi bir siyasi mənzərə adamın gözləri önündən çəkilmir: parlamentin iclasında bir nəfər çox uca səslə «Sizin Qarabağ problemini həll etmək üçün konsepsiyanız varmı?» - deyə soruşur. Həmin adam H. Əliyev idi. Hadisə isə, səhv etmirəmsə, 1991-ci ildə baş vermişdi. Əgər bu il də seçkini öz bildikləri kimi keçirsələr, 2018-ci ildə YAP özünün hakimiyyətdə olmasının 25-ci ilini qeyd edəcək. Amma H. Əliyevin soruşduğu konsepsiya isə hələ yoxdur…

ƏYALƏT İNQİLABI

Əslində Ermənistan da az şey itirməyib. Amma bəzən adama elə gəlir ki, iki xalqın hətta məntiq haqdakı təsəvvürləri belə müxtəlifdir. Ermənistan çox qəribə bir yoldadır, hər halda onlara belə gəlir. 1920-ci ildə Ermənistanın milli partiyası olan Daşnaksutyunun liderləri maraqlı fikir demişdi: «Biz Ermənistan dövlətini elan etdik, onu qurmaq isə erməni kommunistlərinin öhdəsinə düşəcək!». İndi Ermənistanın əsas əhalisi bir neçə ildir ki, sürətlə ölkəni tərk edir və onların yerini Qarabağ erməniləri tutur. Bəlkə elə indi ölkəni tərk edən ermənilər də fikirləşir ki, Qarabağı onlar işğal etdi, onu «qorumaq» isə Qarabağ ermənilərinin boynuna düşdü?... Hər halda, bu xalqın «məntiq»indən baş açmaq o qədər də asan deyil. Amma bir məsələni başa düşməyi çox istərdik: görəsən, ermənilər bu əraziləri kimin üçün tutur, kimin üçün genişləndirir? Axı onlar, xaricdəki ermənilər hətta dincəlmək üçün də Ermənistana gəlmirlər!...

KİÇİK SÖZARDI

Dünya da 2018-ci ilə qədər bir ciddi dəyişiklik vəd etmir. Qarabağ problemi ətrafındakı siyasi «konstruksiya» artıq bəllidir, dəyişiklik yoxdur. Onun tam oturuşması, qapanması üçün bir Azərbaycandakı seçkilər qalıb. Onlar da keçiriləcək və 18-ci ilə qədər köhnə ssenari fırladılacaq və Allah bilir bu müddət ərzində daha hansı yuxular görəcəyik?!.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG