Keçid linkləri

Təcili xəbərlər

Etiraz etməyə pulun varmı?


Bakıda 10 mart aksiyası
Bakıda 10 mart aksiyası
-

HAKİMİYYƏTİN ÜMİDLƏRİNİN İFLASI

Aksiyalarla bağlı qanunvericiliyi sərtləşdirəndə hakimiyyətin əsas arqumenti bu idi ki, cərimələrin azlığı insanları çəkindirmir, onlar etiraz edir və hökumət adamlarının dili ilə desək, «icazəsiz aksiyalar keçirirdilər». Doğrusu, cərimələr artırılanda hamı bir qədər qeyri-müəyyən vəziyyətdə qaldı. Düşündük ki, görən, bundan sonra aksiyaya çıxan olacaqmı? Amma hər şey gözlənilənlərin əksinə oldu. Rayonlarda, Bakıda çox möhtəşəm aksiyalar baş tutdu. Çox güman ki, indi aksiyalara görə qadağaları daha da sərtləşdirmək haqqında düşünməyə başlayıblar. Amma məsəl var, deyirlər ki, qaradan da tünd rəng olarmı?

AZƏRBAYCAN NİYƏ TÜRKMƏNİSTAN DEYİL?

Bəziləri neqativ halları çox da diqqətə gətirməməyə çağırır və tez-tez deyirlər ki, nədən narazısınız, axı Azərbaycan Türkmənistan və yaxud da Özbəkistan deyil! Doğrudur. Amma nəyin və kimin hesabına? İnsanların, vətəndaşların böyük fədakarlığı hesabına –bunu birmənalı şəkildə etiraf etmək lazımdır.

Aksiyalar zamanı gənclər nə qədər əziyyət çəkir, döyülürlər, təhqir edilirlər, cərimələnirlər, amma öz baxışlarından, əqidələrindən dönmürlər. Hər dəfə cərimələnənlərin, həbs edilənlərin siyahısına baxanda adam azadlıqda olduğu, cərimələnmədiyinə görə bir utanc hissi keçirir. Gəlin açığını etiraf edək. Bu gənclər öz fədakarlıqları ilə yaxınları üçün də problemlər yaradırlar, çünki insanların maddi durumu onsuz da ağırdır. Bu gün aksiya keçirmək üçün təkcə cəsarət azdır, bu, həm də müəyyən maddi çətinliklər vəd edir. Bəziləri hətta bununla bağlı da «konspiroloji fərziyyələr» qurmağa cəhd edirlər. Bu da təbiidir, çünki insanlar özlərində bir keyfiyyət tapa bilməyəndə başqalarında da belə keyfiyyətin olmasına şübhə edirlər, başlayırlar cürbəcür fərziyyələr uydurmağa. Ruslarda bunun adı daha yaxşı səslənir, buna «teoriya zaqovora» - bizim dildə desək, «gizli sövdələşmə» nəzəriyyəsi deyirlər.

Azərbaycanda buna aludəçilik həmişə böyük olub. Bəzilərinə inansaq, 80-ci illərin izdihamlı mitinqləri, 90-cı ildəki böyük etiraz, müstəqilliyin əldə edilməsi, 20 illik siyasi mübarizə – bunların hamısı hansısa mistik kənar qüvvələrin təhrikinin və dəstəyinin nəticəsidir. Amma maraqlıdır, əgər həqiqətən də belə kənar, mistik qüvvələr varsa, onlar niyə həmişə Azərbaycanı seçirlər? Niyə Türkmənistanı yox, Özbəkistanı yox, məhz həmişə Azərbaycanı? Adı çəkilən və çəkilməyən, amma bu sırada olan ölkələrin nə geosiyasi, nə də iqtisadi göstəriciləri heç də Azərbaycandakından az deyil, hətta bəzi parametrlərə görə bəlkə də üstündür. Burada etnik və konfessial həmrəylikdən danışmaq da yersizdir, o səbəbə görə ki, Azərbaycan onlarla müsəlman dövlətindən yalnız biridir. Amma tarixə baxanda görürsən ki, Azərbaycan həmişə digər Yaxın və uzaq Şərq ölkələrindən fərqlənib. Bunun səbəbini də Azərbaycan insanında və onun fədakarlığında axtarmaq lazımdır. Bu ölkənin və onun insanlarının həqiqətən də bir unikallığı var. Biz bu ölkədə yaşadığımızdan, onun insanları ilə bir cərgədə olduğumuzdan bəzən hadisələrin və proseslərin sürətindən narazı qaldığımız üçün özümüzü qınayırıq, bəzən hətta aşağılayırıq. Amma soyuq məntiqlə baxanda görürsən ki, çox da geridə deyilik, hətta bir çoxundan irəlidəyik. Elə özünütənqid, özünütəftiş də bu potensialın göstəricisi hesab olunmalıdır. Etiraf etmək lazımdır ki, hakimiyyət davranış tərzi ilə, məqsədləri ilə heç də Türkmənistandakından, Özbəkistandakından geri qalmır. 20 ildir ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə bir cərgəyə qoymağa çalışırlar, addım-addım insanları bu aqibətə, bu sonluğa doğru sürükləyirlər. İnsanların bunun müqabilində bir bəraəti var - onlar mümkün olan qədər müqavimət göstərir, ölkənin neqativ mənada asiyalaşmasının qarşısını almağa cəhd edirlər. Bəzən alınır, bəzən alınmır. Nə etmək olar? Azadlıq uğrunda mübarizə bəzən on illərlə davam edir.

Bəlkə də 50 il bundan əvvəl deyilsəydi ki, ABŞ-ın prezidenti qaradərili olacaq, çoxu buna inanmazdı. Amma indi hətta Roma papasının qaradərili ola bilməsi söyləniləndə bu, elə də təəccüb doğurmur…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG