Keçid linkləri

Təcili xəbərlər

Nüvə qışı. O, real ola bilərmi?


Şimali Koreyanın Yonqbyon şəhərində yerləşən nüvə zavodu
Şimali Koreyanın Yonqbyon şəhərində yerləşən nüvə zavodu
-

Bəli, bu xoş yaz günlərində təzəcə yola saldığımız qışdan, özü də adicə, mövsümi qışdan deyil, nüvə qışından danışmaq bir qədər qəlizlik olsa da, mövzu heç də maraqsız deyil. Ona görə ki, indi Şimali Koreya ətrafında yaranmış vəziyyətə hərə bir aspektdən yanaşır.

Bu yaxınlarda Rusiya prezidentinin çox maraqlı bəyanatı oldu. O, belə bir fikir dedi ki, dünya elə bir fəlakətlə üzləşə bilər ki, onun yanında hətta Çernobıl da uşaq oyunu təsiri bağışlayar.

Bəlkə də bu, Rusiya prezidentinin bu vaxta qədər verdiyi çoxsaylı bəyanatlardan yeganə birisidir ki, onunla razılaşmamaq bir o qədər də asan məsələ deyil.

Təbii ki, proseslər bu duruma çatmayacaq. Bütün tərəflər mümkün nəticələri bir daha götür-qoy edəcək. Təsadüfi deyil ki, ABŞ dövlət katibinin bu günlərdə Asiya regionuna səfəri planlaşdırılıb.

Hadisələr özünün hərbi inkişafını tapmasa da, bu yaxınlarda hamı üçün bir daha aydın oldu ki, nüvə silahının avtoritar rejimlərin əlinə keçməsi nə qədər təhlükəli məsələdir. Dünya bir çox hallarda İranla ABŞ arasında yaşanan çoxillik gərginliyin fərqinə varmır. Bəziləri hətta deyir ki, nə olsun, İranın nüvə silahı olanda dünya dağılacaqmı? Amma budur, Şimali Koreya belə məsuliyyətsiz bəyanatların hansı problemlərə gətirib çıxara biləcəyinin əyani sübutudur.

Amma, deyəsən, bir qədər tələsdim. Əvvəlcə bir-iki cümlə ilə nüvə qışının nə demək olduğunu anladaydım.

PROFESSOR K. SAGAN MOSKVADA NƏDƏN DANIŞDI?

Məşhur bir amerikalı alim vardı – K. Sagan (K. Saqan). Onu biz daha çox planet astrofizikası sahəsindəki tədqiqatlarına, bir də kosmik sivilizasiyalarla bağlı işlərinə görə tanıyırdıq. Bu adam 70-80-ci illərdə başqa bir maraqlı iş görmüşdü – o, nüvə müharibəsinin mümkün nəticələrini araşdırmışdı. Elə «nüvə qışı» anlayışı da o vaxt meydana çıxmışdı. Sagan-ın tədqiqatlarına görə, nüvə müharibəsindən sonra Yerin atmosferində çox ciddi dəyişikliklər baş verməli, atmosfer Günəş şüaları üçün tamamilə keçilməz və qeyri-şəffaf olmalı idi. Bu da öz növbəsində, Yerdə temperaturun kəskin düşməsinə gətirib çıxarmalı idi.

Təbii ki, bu, real mənzərənin çox primitiv bir təsviridir.

Yadda qalan detallardan biri də bu idi ki, K. Sagan bu mövzuda Moskvada çıxış etmişdi. Seminara biz tələbələr də toplaşmışdıq, amerikalı alim bizim üçün də maraqlı idi.

Hətta etiraf edim ki, bizə nüvə qışından daha çox kənar, kosmik sivilizasiyalarla bağlı tədqiqat aparan amerikalı alimin özü daha maraqlı idi, çünki nüvə qışı bizim üçün kənar sivilizasiyalardan da fantastik və qeyri-real görünürdü. Bəlkə də bu, onun nəticəsi idi ki, o vaxt hələ Çernobıl baş verməmişdi, biz nüvə silahının yalnız Xirosima və Naqasakidə tətbiqi haqqında eşitmişdik.

Sonradan sovet alimləri də bu mövzuya qoşuldular. Nəticədə nüvə qışı məsələsi bir qədər də aktuallaşdı.

Bəlkə də bu tədqiqatlar ulduz müharibələrinə aparan yolların qarşısında bir sədd oldu, çünki siyasət adamları nüvə müharibəsi ilə bağlı daha real düşünməyə başladılar.

NÜVƏ SİLAHI ÇƏKİNDİRİRMİ?

O da maraqlıdır ki, nüvə silahının özü ilə bağlı da çox fikirlər səslənib. Bu silahın yaradılmasını lənətləyənlər də olub, əksinə onu vəsf edənlər də. Bu məsələ ilə bağlı həmin silahın yaradılmasında iştirak etmiş alimlərin fikirləri daha çox maraq kəsb edir.
Məsələn, A. Sakharov yazırdı ki, nüvə silahı növbəti dünya müharibəsinin qarşısını aldı. Elə amerikalı alimlərin nüvə silahının sirlərini SSRİ-yə ötürməsini də tarixçilər bu aspektdən yozurlar.

İlk dəfə alimlər, konkret halda fiziklər, siyasətçilərə inanmadılar. Onlar hər iki dövlətin – ABŞ və SSRİ-nin nüvə silahının olmasına çalışdılar ki, balans olsun, heç bir tərəf üstün olmasın.

Həm də hər iki tərəfdə nüvə silahının olması bayaq dediyim kimi, bir azca da olsa, çəkindirici təsir bağışlayır.

Sonradan dünya siyasətində bir neçə dəfə böyük böhran yaşanıb. Həmin böhranlardan biri, məsələn, Karib böhranı haqda hamı eşidib. O vaxt dünya nüvə müharibəsinin lap astanasında idi. Xoşbəxtlikdən bu böhran müharibəsiz sovuşdu…

KİÇİK SÖZARDI

A. Einstein-in bir fikri vardı ki, nüvə enerjisi kibrit qədər təhlükəsizdir. Amma kibrit azmı fəlakət törətmək iqtidarındadır? Elə qorxulusu da budur ki, bu gün həmin kibrit rolunu Şimali Koreya oynaya bilər.

Bədbəxtlikdən də indiyə qədər heç kim lokal nüvə müharibəsinin mümkünlüyünü sübut edə bilməyib. Ən qorxulusu da budur…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG