Keçid linkləri

Təcili xəbərlər

Kosmosdan görünən «Berlin divarı»


Berlinin 322 kilometr yüksəklikdən görüntüsü
Berlinin 322 kilometr yüksəklikdən görüntüsü
-
Avropanı iki bloka bölən «Berlin divarı» artıq 23 ildir ki, yoxdur. Demək olar ki, yoxdur. Onun cəmi 80 metri qalıb.

Bunun üçün hətta xiffət çəkənlər də var. Təkcə keçmiş kommunist Şərqində yox, həm də demokratik Qərbdə.

Məsələn, Britaniya mətbuatının verdiyi xəbərlərə görə, məşhur Amerika aktyoru, müğənnisi və prodüseri David Hasselhoff ötən ay Berlinə yollanıb ki, «dəmir pərdə»nin, heç olmasa, qalan hissələrinin qorunub saxlanması üçün kampaniya aparsın.

Amma, məsələ burasındadır ki, kosmosdan baxanda, divar yerindədir ki, yerində.

Bunu Kanada astronavtı polkovnik Chris Hadfield-in 2012-ci ildə Beynəlxalq Kosmik Stansiyadan çəkdiyi fotoşəkildən də görmək olar.

Chris Hadfield sosial şəbəkələrin ən fəal davamçısı kimi tanınır və fotonu da internetdə yayıb. O, Berlinin şəklini 322 kilometr yüksəklikdən çəkib.

Fotoşəkildən görünür ki, Almaniya paytaxtı gecə vaxtı küçələrin işıqlandırılması zamanı həmin o divar boyunca ikiyə bölünüb.

Şərqi Berlinin gecə işıqları sarıya çalır, Qərbi Berlin isə dümağ işığa bürünür.

BERLİN 2050-Cİ İLDƏ «BİRLƏŞƏCƏK»

Bu hadisəni Berlin bələdiyyəsindən Christa Mientus-Schirmer belə izah edir:

«Berlin 40 il müddətində ikiyə bölünmüş vəziyyətdə olub. Divarın 20 ildir ki, sökülməsinə baxmayaraq, bizim hələ o qədər pulumuz yoxdur ki, şəhərin iki hissəsi arasındakı fərqi aradan qaldıraq».

Bələdiyyənin başqa bir əməkdaşı Daniela Augenstine deyir ki, tarixən Şərqi Berlində nitrat qazı ilə işıqlanan lampalardan istifadə edilib. Bu lampaların işığı isə sarıya çalır.
O deyir ki, Qərbi Almaniyada həm səmərəlilik baxımından, həm də ekoloji mülahizələrlə qeyri-nitrat əsaslı merkurili flüorosent lampalarından istifadə edilir. Bu lampaların işığı ağ rəngdədir.

Məhz bunun nəticəsində Berlin kosmosdan sarı və ağ işıqlı iki hissəyə bölünmüş görünür və işıq sərhədi həmin o mövcud olmayan divar boyunca keçir.

Mətbuat xəbər verir ki, sarı işıqlar yavaş-yavaş yox olur və 2050-ci ildən Berlin kosmosdan ağ işığa bürünmüş şəhər kimi görünəcək.
XS
SM
MD
LG