Keçid linkləri

Təcili xəbərlər

Bir ölkənin ağ-qara siyasi qrafikası


Arxiv foto
Arxiv foto
-

Prezident seçkisi yaxınlaşdıqca siyasi bəyanatların da, proqnozların da sayı gündən-günə artır. Amma maraqlıdır ki, hamı sözünü əsasən bir ünvanda deyir – kimin üçünsə bu ünvan müxalifət, kimin üçünsə də hakimiyyət qəzetlərinin səhifələridir.

Vurğunu ona görə mətbuatın üzərinə yönəldirik ki, hakimiyyət elektron informasiya vasitələrində müxalifətin adının hətta tənqidi kontekstdə çəkilməsinə imkan vermir. Ona görə ki, bu, istər-istəməz ictimai fikri həm də müxalifətə qarşı yönəldir, onun unudulmasına imkan vermir.

Amma mətbuatın özü də bu tendensiyadan tam azad deyil. Ona görə də əgər kimsə ölkədə baş verən prosesləri hətta mətbuat səhifələrindən öyrənməyə çalışsa çətin ki, bir şeyə nail olsun, çünki cəmi iki «rəng» var - biri qaradır, digərisə ağ. Gəl, indi bu ağ-qara siyasi qrafikadan bir şey anla, görüm necə anlayırsan!

Sayı günbəgün artan yasaqları və qadağaları nəzərə almasaq, zahirən ölkə özünün adi həyatını yaşayır. Hətta bircə anlığa media sferasından uzaqlaşsan inana bilməzsən ki, bu ölkədə nəinki prezident seçkisi və üçüncü dəfə seçilmək məsələsi var, hətta ölkədə siyasət deyilən sahənin mövcudluğunu belə hiss etməzsən. Düzdür, seyrək etirazlar olur. Amma bunlar daha çox sosial xarakter daşıyır. Məsələ bundadır ki, hakimiyyətlə cəmiyyəti ayıran sərhəd də olur və böyük əksəriyyət bu sərhəddən uzaqda durmağa üstünlük verir.

Təbii ki, ölkənin ölü sükutunu pozan müxalifətçi gəncləri, ümumiyyətlə, bu hakimiyyətə qarşı müxalifətdə olan insanları da unutmaq olmaz. Onlar var. Bəlkə də nə vaxtsa məhz onların sayəsində ölkə əhalisi deyə biləcək ki, bəli, biz də avtoritar siyasi sistemə qarşı müqavimət göstərmişik, heç də həmişə əllərimizi yanımıza salıb oturmamışıq.

Amma bunu ola bilsin, cəmiyyət gələcəkdə etiraf edəcək. Ona görə də siyasət sferası tamamilə marginallaşıb desək, bir o qədər də təhrifə yol vermərik. Hələ ki, siyasətlə məşğul olanlarla-olmayanlar arasından tünd rəng keçir və onları çox asanca bir-birindən fərqləndirmək və ayırmaq mümkündür.

Bəlkə də seçkilər günü bu sədd aradan götürülür, həmin sfera bütövləşib bir olur. Bilmirik, çünki əlimizdə bu nəticəni sübut edəcək real seçki dəlilləri yoxdur.
İndisə bir şeyi demək mümkündür ki, bu ölkənin bəlkə də ən qaranlıq guşəsi onun seçki məntəqələridir, orada nələrin baş verdiyini bilmək üçün adi seçki müşahidəçisi olmaq da kifayət etmir, gərəkdir ki, hakimiyyətdə olasan. Onda həqiqəti bilərsən…

ÖLKƏNİN ƏSAS SİYASİ SUALI

Ən başlıcası odur ki, müxalifət sferasında belə yazılanlara, deyilənlərə baxanda görürsən ki, insanlar ölkənin əsas sualından qaçırlar. Nədir bu sual?

Sual budur ki, hakimiyyəti düzgün seçki keçirməyə, səsləri düzgün saymağa və düzgün nəticələr elan etməyə necə vadar edəsən? Hamı özünü politoloq və ya siyasi lider hesab edir, amma heç kim bu suala cavab vermək istəmir.

Heç də iddia etmirik ki, biz bu sualın cavabını bilirik. Amma buna rəğmən bir məsələni tam inamla deyə bilərik ki, böyük ehtimalla ölkədə dəyişikliklər heç də bu seçkidə, ümumiyyətlə, seçki vaxtında baş verməyəcək, çünki seçkinin əsas missiyası, onun qanuni hakimiyyəti təsbit etmək və ölkədə hakimiyyət dəyişikliyini həyata keçirmək missiyası çoxdan əlindən alınıb.

Ciddi siyasi dəyişikliklərin nə vaxtsa baş verəcəyi ilə bağlı söylənilənlər isə daha çox belə bir fəlsəfi tezisə söykənir ki, prinsipcə, heç nə əbədi deyil və dünyada heç bir şey azadlıqların genişlənməsinin, onların daha böyük və daha geniş ictimai-siyasi sferalarda özünü təsdiq etməsinin qarşısını ala bilməz.

Bundan savayı əlimizdə bu ölkədə nə vaxtsa baş verəcək dəyişikliklərin labüdlüyünü əsaslandırmaq üçün ciddi dəlil yoxdur. Ola bilsin, ondan artıq unutduğumuz materialist fəlsəfəsinin qoxusu gəlir. Amma nə etmək olar? İndi elə vəziyyətdir ki, insanlara ümid verə biləcək, onları ayaq üstə saxlaya biləcək istənilən fikir faydalıdır.

DÜNYA ÖZÜ-ÖZÜNƏ DƏYİŞİRMİ?

Bu inam həm də belə bir amilə söykənir ki, bəli, dünya dəyişir. Amma biz çox sadə və obyektiv bir həqiqəti unuduruq ki, bu dünya heç də öz-özünə dəyişmir, onu insanlar dəyişdirir, özü də böyük fədakarlıqlar hesabına.

Məsələn, nə vaxtsa Suriyadakı hadisələr, proseslər yekunlaşacaq, B. Assad də öz erasını başa vuracaq və onda oturub geosiyasi motivlər arayacağıq, deyəcəyik ki, bax, gördünüzmü, daha bir avtoritar sistem süqut etdi!

Amma çox sadə bir həqiqət unudulacaq ki, həmin sistemin çökməsi üçün insanlar nələrdən keçməyə məcbur oldular! Əgər hər şey obyektiv qanunların öhdəsinə qalsaydı, dəyişikliklər də birmənalı, bəlkə də daha asan və bəsit olardı.

Amma nə İraqda, nə Misirdə, nə Yəməndə, nə də Liviyada birmənalı proseslər baş vermir. Hətta bəzən elə olur ki, avtoritar sistemin çökməsi belə azadlığa gətirib çıxarmır, növbəti siyasi döngələr başlayır və həmin bu döngələrdə on illərlə yubanmalar olur.
Əgər hər şey geosiyasi amillərlə, kimlərinsə iradəsi ilə baş versəydi, bəlkə də bu döngələr olmazdı, ya da onların sayı çox az olardı. Amma onlar var və bu gün mövcuddur.

Əgər bu döngələr olmasaydı, nəinki indi, hətta yüz illər irəli Fransada hər şey elə birinci respublika vaxtında həll olunardı. Amma belə olmadı.

Hamı birdəfəlik qurtuluşa, bir siyasi akta köklənir. Amma birdəfəlik qurtuluş olmur və bu, bir faktdır ki, tarix birpərdəli siyasi pyesləri sevmir, siyasətdə heç nə bir aktda baş vermir. Ona görə də bu gün təsəlli ola biləcək yalnız bir fikir demək mümkündür: demokratiya yolu hələ çox uzun olacaq, çox uzun…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG