Keçid linkləri

Təcili xəbərlər

İlin ən qaynar siyasi dönəmi


Arxiv foto: 2008-ci il
Arxiv foto: 2008-ci il
-

HAKİM PARTİYA QƏRARINDA QALACAQMI?

Budur, hakim siyasi partiyanın da qurultayının vaxtı təxminən bəlli oldu. Partiya funksionerlərinə istinadən qəzetlər belə yazdı. Ola bilsin, hələ dəqiqləşmə olacaq. Amma bunun elə bir ciddi fərqi yoxdur - bir ay gec, ya bir ay tez, partiya bütün hallarda qurultayını keçirməlidirlər.

Sadəcə, qurultayın maraq doğurmasının əsas səbəbi budur ki, o, hakimiyyətin siyasi niyyətlərinə birdəfəlik aydınlıq gətirə bilərdi, bəlli olardı ki, partiya seçkiyə hansı namizədlə gedəcək?

Doğrusu, hakimiyyət daxilində seçki ilə bağlı qruplaşmalar haqda mülahizə və fikirləri bir o qədər də bölüşmürük. Düzdür, avtoritar sistemlərdə siyasi çəkişmələr, intriqalar bilavasitə «saray» daxilinə köçür – müxtəlif məmur qrupları yaranır, onlar siyasi və iqtisadi nüfuz sferası, ölkəyə daha çox nəzarət uğrunda çəkişirlər.

Amma Azərbaycanda elə bir siyasi sistem formalaşıb ki, ən birinci yerə yalnız hakim ailənin nümayəndəsi iddia edə bilər. Elə ona görə də istisna etmirik ki, hakim ailənin hakimiyyətə iddialı bir neçə nümayəndəsi ola bilər. Amma onların arasında ziddiyyətlər axtarmaq bir növ sakit suda tufan yaratmaq istəyi kimi bir şeydir.

Əvvəllər də belə şeylər yazılırdı, deyilirdi, di gəl, sonrakı proseslər bu yozumların yaşarlı olmadığını sübut etdi. Ona görə də böyük ehtimalla qurultayda namizədlə bağlı partiyanın bu vaxta qədər səsləndirdiyi siyasi bəyanatlar qüvvədə qalacaq.

İCTİMAİ PALATADA HƏLL OLUNA BİLMƏDİSƏ…

O ki qaldı digər tərəfə, müxalifət düşərgəsinə, bu cinahdakı bəzi siyasi məsələlər heç hakimiyyət düşərgəsində olduğundan az dərəcədə qəliz deyil. Milli Şura nəhayət ki, elan olundu. Bu təşəbbüsün müəllifi və aparıcı liderləri olan şəxslərin müsahibələrini, bəyanatlarını çox ciddi şəkildə izləyirik və belə təsəvvür yaranır ki, görülməli işin çox böyük hissəsi hələ qalıb – təmsilçilərin siyahısı tam razılaşdırılmayıb, seçkidə necə iştirak etmək, kiminlə seçkiyə qatılmaq və necə qatılmaq məsələlərinə isə hətta yaxın düşülməyib.

Dəfələrlə deyilib ki, Milli Şura istəsə də, bir məsələdən - ümumi seçki strategiyasının hazırlanması məsələsindən yan keçə bilməz, əks halda onun önəmi azalar, ən başlıcası isə bu birliyin qurulması üçün sərf edilən əməyin hədər getdiyi aydın olar.

İctimai Palatanın mövcud olduğu bir halda daha bir qurum yaratmağa vaxt sərf etməyin məqsədəuyğunluğu əvvəldən şübhə yaratmışdı. İlkin tərkibə də baxanda belə bir təsəvvür yaranır. Prinsipial yenilik yoxdur, tanış simalar, tanış siyasi qüvvələrdir. Demək olar ki, faktiki olaraq bir nəfərə görə yeni siyasi qurum yaradılır. Üstəlik, bu qurumun İctimai Palata çərçivəsində həll edilə bilməyən problemləri həll edəcəyinə ümid də azdır.

Düşünürük ki, vahid namizəd məsələsi böyük ehtimalla alınmayacaq. Səbəbi ən azı İctimai Palatada cəmləşən siyasət və ictimaiyyət fəallarına tamam aydındır. Hətta bu problemi bir qədər azaltmaq üçün bir müddət bundan əvvəl bir neçə təklif də deyilmişdi. Onların ümumi məğzi bu idi ki, seçkiyə bir neçə nəfərlə gedilsin, həmin bir neçə nəfər seçkinin verdiyi təbliğat imkanlarından maksimum istifadə etsin və ən son anda daha çox şansı olan namizəd qalsın, o birilər isə onun xeyrinə öz namizədliklərini geri götürsünlər.

Amma dərindən fikirləşəndə görürsən ki, bu üsul da o qədər də effektiv deyil, istər-istəməz ümumi elektorat parçalanacaq və ola bilsin, onları yenidən birləşdirmək bir az çətinləşəcək. Amma hamını razı sala biləcək başqa bir variant da yoxdur. Üstəlik, Novxanıda keçirilən sonuncu tədbir də böyük ümidlərə qapılmağa əsas vermir. Müxalifət əvvəldən öz üzvlərini səfərbər etməyə cəhd etsə də böyük siyasi izdiham alınmadı.

Məsələ bundadır ki, müəyyən siyasi qərara addım-addım getmək daha effektlidir. Əslində vahid namizəd məsələsi əvvəlcə İctimai Palata tərkibində öz həllini tapmalı idi. Bundan sonra bir qədər geniş çevrəyə çıxmağa cəhd etmək və əlavə siyasi qüvvələrin təmsil olunduğu daha geniş koalisiya tərkibində onun çözümünə nail olmağa çalışmaq olardı. Bunların heç biri edilmədi.

Faktiki olaraq İctimai Palata tərkibində yaranmış problem təzə formalaşmaqda olan təşkilata transfer olundu. İndi məlum deyil, necə olacaq? Mahiyyət etibarilə İctimai Palata tərkibində olan iki əsas siyasi cinah Milli Şuraya özü üçün bir baza kimi baxır, ondan yararlanmağa cəhd edir. Hətta onlardan biri özünün iddiasını geri götürsə də, digəri haqda bunu demək çətindir. Qərəz, Milli Şuranı çətin bir perspektiv gözləyir.

MÖVSÜM İSTİRAHƏT MÖVSÜMÜ DEYİL…

Hakimiyyət tərəfdə bu problemlərin heç biri yoxdur, orada müəyyənlik daha çoxdur. Onların yaşadığı qeyri-müəyyənlik daha çox daxili elektoratla və bir də geosiyasi tendensiyalarla bağlıdır.

Birincisi, cəmiyyətin böyük hissəsi onlara səs verməyə bilər və hakimiyyət seçkini total saxtalaşdırmaq məcburiyyətində qalar, bu, isə əlavə problemlər deməkdir.

İkincisi, Rusiya ilə münasibətlər hakimiyyətin şəriksiz nəzarətindən çıxır. Rusiya bu hakimiyyət üçün bütün başqa şeylərdən əlavə həm də beynəlxalq resursdur, çünki MDB-nin müşahidəçi korpusu da hakimiyyətin dediyini deməsə, onların vəziyyəti çox çətinləşər.

Üstəlik, Qərbdən hansı küləyin əsəcəyi bəlli deyil. Qərbin də siyasi şakəri budur ki, o, Rusiyadan fərqli olaraq reallıqlara qarşı getmir, əgər görsələr ki, bu hakimiyyətin dəyişməsi labüddür, böyük ehtimalla bunun qarşısına keçməyəcəklər…

Bir sözlə, qarşıdan gələn yay heç də rahat istirahət vəd etmir. Ən azı ona görə ki, mövsüm daha çox siyasi mövsümdür, istirahət mövsümü deyil…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG