Keçid linkləri

Təcili xəbərlər

Nikbin hakimiyyət, tərəddüd edən müxalifət


İlham Əliyev və xanımı M. Əliyeva
İlham Əliyev və xanımı M. Əliyeva
-
BİR GÜNDƏ İKİ BÖYÜK SİYASİ TƏDBİR

İyunun birinci on günlüyü ölkə siyasətində aydınlığa doğru ciddi irəliləyişlə yadda qaldı. Nəinki bir qrup müxalifət partiyası Milli Şuranı təsis etdiyini bəyan etdi, hətta hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası da öz qurultayını keçirib, prezident seçkilərində iştirak edəcək namizədinin adını açıqladı və bu namizədin İ. Əliyev olacağı elə bir təəccüb doğurmadı. Amma bəzi təhlilçilər hələ də YAP-ın seçki marafonuna başqa bir namizədin də qatılacağını və yaxud da onun ehtiyat variantı kimi nəzərdə tutulduğunu istisna etmirlər.

M. ƏLİYEVA SİYASƏTƏ DOĞRU DAHA BİR ADDIM ATIR

Məsələ bundadır ki, H. Əliyev Fondunun prezidenti M. Əliyeva da hakim siyasi partiyanın rəhbərləri sırasına qatıldı. Sonuncunun siyasi iddiası olmasaydı onun hakim partiyanın rəhbərliyində təmsil olunmasını izah etmək çətin olardı.

Mehriban Əliyeva
Mehriban Əliyeva
Belə bir iddia var və bu iddia yalnız indi təzahür etməyib - M. Əliyeva ölkədə İ. Əliyevdən sonra ən çox təbliğ olunan ikinci siyasi fiqurdur, hətta bəzən onların təbliğat resursları arasında bərabərlik işarəsi qoymaq lazım gəlir. Ölkədə görülən bir çox işlərin, həyata keçirilən layihələrin məhz onun adı ilə bağlanması, onun daim ön planda təqdim edilməsi adi bir haldır.

Bu vaxta qədər hətta onun hakimiyyətdə böyük bir siyasi qruplaşmanı təmsil etdiyi haqda fikirlər də dolaşırdı. Güman etmək olar ki, yeni təyinatdan sonra belə fikirlər nəinki səngiyəcək, bəlkə bir qədər də güclənəcək və yeni çalarlar kəsb edəcək. Böyük əminliklə demək olar ki, ölkənin birinci xanımı statusu artıq M. Əliyevanı o qədər də qane etmir, o, daha böyük statusa, faktiki olaraq ölkənin ikinci siyasi fiquru statusuna can atır.

Nəzərə alanda ki, ölkənin siyasi iyerarxiyası hakim partiyanın nizamnaməsindən də təsirsiz bir duruma düşən Ali Qanunun maddələri ilə deyil, tamam başqa meyarlarla müəyyən edilir, onda bu təyinatın məzmunu bir qədər də aydınlaşar.

BİR AİLƏNİN PARTİYASI

Burada başqa bir maraqlı siyasi nüansı da görməmək çətindir. Əslində bu detalla ölkənin idarəçilik modeli, onun siyasi sistemi və hakim partiyanın siyasi strukturu bir daha özünün real həyati tərtibatını tapmış oldu və hakim partiya bir daha öz siyasi modelinə, ailə-klan partiyası modelinə sadiq olduğunu təsdiq etdi, necə deyərlər, hər şey olduğu kimi adlandırıldı. H. Əliyevin vaxtında İ. Əliyev partiya rəhbərləri sırasında idi, İ. Əliyevin vaxtında isə M. Əliyeva bu statusa layiq görüldü. Hətta daha bir müavinin - Akademiyanın mötəbər yaşda olan prezidenti A. Əlizadənin də təyinatını onun hakim ailə ilə yaxın dostluq münasibətlərinin təzahürü kimi yozurlar.

DÜNYA TƏCRÜBƏSİ

Dünya siyasətində belə hallara, bir ailənin nümayəndələrinin böyük siyasətin aparıcı fiqurlarına çevrilməsinə təsadüf olunub. İ. Əliyev hətta bir neçə dəfə öz ailəsi ilə Gandhi ailəsi və digərləri arasında paralellər aparıb. Amma Azərbaycanın siyasi sistemi, onun seçki təcrübəsi, idarəçilik mentaliteti nə qədər dünyadakı vəziyyətə adekvatdır? Məsələ də elə bundadır. Məsələn, ABŞ-da heç kimin Kennedy ailəsinin və yaxud Bush ailəsinin siyasi diktəsindən danışmaq ağlına gəlmirdi, çünki ölkə demokratik ölkədir. Amma Azərbaycan haqqında bunu demək mümkündürmü?

İlham Aliyev


Hər bir siyasi partiya hansısa bir ailənin təmsilçilərini özünün siyasi lideri kimi görə bilər, amma onları millətin siyasi lideri kimi görməsi üçün bu şəxslərin siyasi iddialarının demokratik və azad seçkilərdə öz təsdiqini tapması vacibdir. Azərbaycanda isə bu, yoxdur. Qeyri-demokratik sistemlərdə bunun yalnız bir adı var - sülalə hakimiyyəti…

MÜXALİFƏTÇİLƏR İSƏ TƏRƏDDÜD EDİR…

Artıq qeyd etdiyimiz kimi, bir qrup aparıcı müxalifət partiyasının da Milli Şuranı elan etməsi hakim partiyanın tədbiri ilə eyni vaxta təsadüf etdi. Amma hakimiyyətdəki nikbinlik notları müxalifətdə hiss olunmadı.

Bu düşərgədəki insanlarla söhbət edəndə hiss edirsən ki, onlara pessimist ovqat hakimdir. Bunun səbəbi bəlkə də odur ki, hamı öz partiyasını və onun liderini birinci rolda görmək, 20 illik müxalifətçilikdən sonra özləri üçün daha aydın siyasi perspektiv qazanmaq istəyir. Amma Milli Şurada təmsil olunan və onun özəyini təşkil edən əsas istiqlalçı qüvvələrin liderlərinin vahid namizəd olması şansı bir o qədər də yüksək qiymətləndirilmir.

Bəlkə də burada reallıq şişirdilir, onu bir qədər deformasiya edirlər, çünki təkcə son günlərdə Rusiyanın Milli Şura ideyasına və Milli Şuranın da Rusiyaya münasibəti haqqında onlarla bəyanat səslənib. Amma insanlar yenə də narahatdır. Onlar özlərini düşündürən suallara hələ də tükəndirici cavab almayıblar.

DAHA BİR MÜTƏLLİBOV?

Belə tərəddüdlər özünü seçki vaxtı da göstərə bilər. Elə bir vəziyyət yarana bilər ki, Milli Şuranın əsas potensialı hesab olunan siyasi qüvvələr seçkidə ürəkdən fəallıq göstərməzlər.

Onda necə olacaq? Seçicilərin bütün zəhməti mühacir həyatı yaşamağa məcbur olan daha bir «qanuni prezident»in meydana çıxması ilə nəticələnməyəcəkmi?

Nəzərə alanda ki, Milli Şuranın sədri seçilən və onun vahid namizədi olmağa ən böyük şansı olan R. İbrahimbəyov faktiki olaraq ölkədə olmur, daha çox xaricdə olur, bu, variant bir o qədər də fantastik görünmür…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG