Keçid linkləri

Təcili xəbərlər

Bu ölkədə təkcə seçicilər seçmir…


Seçki
Seçki
-
Vahid namizədlə bağlı müxalifət düşərgəsində yaranmış narazılıqları «qidalandıran» əsas amillərdən biri bu yaxınlarda aradan qalxmağı vəd edir- artıq ayın sonunda Milli Şuranın vahid namizəd elan etdiyi R. İbrahimbəyovun ölkəyə dönəcəyi gözlənir. Bu hadisəni ona görə xüsusi qeyd edirik ki, o, hakimiyyətin R. İbrahimbəyovla bağlı planlarına, eləcə də müxalifət düşərgəsində yaranmış vəziyyətə qismən də olsa, aydınlıq gətirə bilər.
R.İbrahimbəyov əvvəlki müsahibələrində demişdi ki, ölkəyə dönəcəyi təqdirdə onu həbs edə bilərlər. Amma maraqlıdır ki, hakimiyyətin onunla bağlı qara təbliğatından belə notlar hiss olunmur. Hər halda, bir neçə gündən sonra hakimiyyət düşərgəsinin Milli Şuranın vahid namizədi ilə bağlı nə düşündüyü aydınlaşacaq.
Eləcə də Müsavat başqanı İ. Qəmbər R. İbrahimbəyovun ölkəyə dönüşündən sonra bəzi məsələləri, xüsusən də vahid namizəd problemini bir daha onunla müzakirə edəcəyini və yekun qərar qəbul edəcəyini bildirmişdi.
Bu hadisə elə müxalifətyönümlü seçicilər üçün də az şey vəd etmir. Onların daha çox qiyabi olaraq tanıdığı bir şəxsi daha yaxından tanımaq imkanı olacaq.
Amma geriyə dönüş heç də bütün problemlərin həlli deyil. Burada da daha çox hakimiyyətin planlarında bir aydınlıq yaranması gözlənir. O ki qaldı Müsavat başqanının bəyanatına və seçicilərin intizarına, böyük ehtimalla vahid namizəd problemi ilə bağlı dolaşıqlıq seçkilərə qədər davam edəcək və bütün digər iddiaçılar kimi hakimiyyət R. İbrahimbəyova da ölkədə sərbəst hərəkət edərək öz gələcək seçiciləri ilə ünsiyyət qurmağa imkan verməyəcək.
Üstəlik, Milli Şuranın vahid namizədinin ölkədə çox qalacağı gözlənilmir. Ən azı ona görə ki, istisna deyil ki, onun Avropaya səfəri məhz avqust ayında baş tutacaq. Halbuki ona bu səfərini iyulda gerçəkləşdirmək məsləhət görülmüşdü, çünki avqust ayı Avropada da istirahət ayı kimi başa düşülür.
İlham Əliyev və Rüstəm İbrahimbəyov
İlham Əliyev və Rüstəm İbrahimbəyov
Maraqlısı budur ki, o, ölkəyə dönüşünü daha çox kino günündə iştirak etmək arzusu ilə bağlayır və təsadüfi deyil ki, bu, diqqətli təhlilçilərin nəzərindən yayınmayıb. İndi ölkədə nümayiş etdiriləcək ən maraqlı «kino» prezident seçkiləridir və R.İbrahimbəyov da nəzərə almalıdır ki, onun bu vaxta qədər ssenariləşdirdiyi filmlərlə müqayisədə bu «film» daha çox əziyyət tələb edən işdir. Hamı da ondan bu dəfə maraqlı siyasi ssenari gözləyir və o, bilməlidir ki, bu ssenaridə onun büdrəməsini təkcə hakimiyyət düşərgəsində arzulamırlar.
AVQUSTDA BAKIYA BAŞQA SƏFƏR DƏ GÖZLƏNİR…
Elə digər tərəfdə-hakimiyyət tərəfdə də «əllərini əllərinin üstünə qoyub» oturmayıblar. Artıq bir müddətdir ki, Rusiya və Azərbaycan prezidentlərinin yüksək səviyyəli görüşü haqda söhbətlər gəzir.
İndi hətta deyirlər ki, böyük ehtimalla avqust ayının ortalarında Rusiya prezidenti V.Putin Azərbaycana səfər edəcək. Aydındır ki, baş tutacağı təqdirdə bu səfər bir məqsəd güdəcək – o, Rusiya prezidentinin İ.Əliyevə seçki hədiyyəsi olacaq.
R. İbrahimbəyovun Rusiya ilə bağlı hələ də bir problemi qalır. O, bu yaxınlarda demişdi ki, Rusiya vətəndaşlığından imtina edib. Amma mövcud proseduralara görə bu prosesin bir aydan altı aya qədər çəkəcəyini və hər şeyin qonşu ölkənin prezidentinin onu imzalamasından asılı olacağını deyirlər. Rusiya ilə Azərbaycan arasında «anlaşma»nın məhz bu mövzuda baş verəcəyi istisna olunmur, belə ki, Rusiya tərəfi məsələni uzada bilər və bunu seçkidə namizədlərin qeydiyyatı başa çatandan sonra edə bilər.
Bakıda belə bir perspektivi çoxu inkar etsə də, bəzi təhlilçilər bu variantı istisna etmir. Böyük ehtimalla Milli Şuranın namizədi seçkiyə buraxılacaq və bəzi detallar artıq indidən bunu deməyə əsas verir. Hətta bu yaxınlarda Brüsseldə səfərdə olarkən İ.Əliyev faktiki olaraq söz verdi ki, onun bütün opponentləri seçkidə iştirak edəcək.
Üstəlik, belə söhbətlər gəzir ki, hakim partiya öz «kölgələr»inə seçkidə iştirak etməyi yasaq edib. Bu, o deməkdir ki, hakimiyyət düşərgəsində başa düşürlər ki, bu dəfə formal seçki oyunu ilə keçinmək mümkün olmayacaq və bu seçkinin əsl seçkiyə bənzəməsi üçün mütləq orada əsas müxalifətin namizədi iştirak etməlidir.
Amma bu namizəd kim olacaq? Sual da elə budur. Bu namizəd R. İbrahimbəyov olmaya da bilər. O, bunun fərqindədir. Hətta bir dəfə demişdi ki, bütün halda müxalifət seçkiyə bir nəfərlə qatılmalıdır. Amma onu eşidəcəklərmi?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG