Keçid linkləri

Təcili xəbərlər

Əlili anla və... dəyiş


Arxiv foto
Arxiv foto
-
Sevda Səfərəliyeva (1-ci qrup əlil)
Hind filosofu Ciddu Krişnamurtinin məşhur bir deyimi var: “Anlamaqla görmək eyni şey deyil. Anlamaq – dəyişməkdir”.
Demək, anlamağın əsas şərti dəyişməkdir. Gördüyümüz, qarşılaşdığımız insanları və hadisələri başa düşmək üçün onlara münasibətimizi dəyişməliyik.
Əlillik anlayışının tarixi
Əlilliyə münasibətin tarixi öz köklərini qədim Spartadan götürür. Məşhur Roma tarixçisi Plutarxa görə, Spartada zəif uşaqları qayadan aşağı atarmışlar. İnsanın fiziki mükəmməlliyinə yüksək dəyər verilən Qədim Yunanıstanda da, fiziki qüsurlarla anadan olmuş uşaqları öldürürdülər.
Əlillər xəstə sayılırdı
Qədim Romada da uşaqların öldürülməsi adi qarşılanırdı. Amma Romada əlillərin müalicə üsulları da təcrübədən keçirilirdi. Məsələn, “Aristotel karlığı öyrənir, Hippokrat epilepsiyanı sağaltmağa çalışırdı”. Su terapiyası və bədən tərbiyəsi hərəkətləri vasitəsilə sonradan yaranmış xəstəliklərin müalicə üsulları işlənib hazırlanırdı. Lakin bu müalicədən yalnız zəngin vətəndaşlar faydalana bilirdi.
İnkişaf pozuntuları olan insanlara cəmiyyətin münasibəti də müxtəlif olub. Məsələn, orta əsrlərdə fiziki qüsurlar haqqında anlayış, əsasən, günahların cəzası və ya bəd ruhlarla əlaqə kimi dəyərləndirilirdi. Nəticədə, cəmiyyət ya fiziki qüsurlu insanlardan qaçır, ya da əlilləri “xəstə” sayırdı. Beləcə, xəstə insanların dustaq həyatı sürməsi, təcrid edilməsi məqbul hesab edilirdi. Əlillərin məşğulluğu və cəmiyyətin normal həyatında iştirakından danışmaq hələ mümkün deyildi.
Buna baxmayaraq sosial yardımın, müdafiənin və qayğının bu və ya digər formalarının inanc, dünyagörüşü və ideologiyalarda təzahürü bütün dövrlərdə və xalqlarda mövcud idi.
...Qədim yəhudilər əlil uşaqları öldürməzdilər
Qədim yəhudi mədəniyyətində “bütün korlara və karlara, dul qadınlara, yetimlərə və yoxsullara xüsusi diqqət göstərilirdi” (8, s.3; Böyük ensiklopedik lüğət. 2-ci nəşr, Böyük sovet ensiklopediyası, 1997. 1456 s.), uşaqların öldürülməsi isə qadağan idi. Lakin əlillər, əvvəlki kimi günah möhürü daşıyan insanlar sayılır, bu üzdən onlara dini ayinlərə qatılmaq yasaq edilirdi.
Xristian əlillər monastırlara çəkilirdi
Xristianlıq dövründə əlillərə münasibət ambivalent, yəni ikili xarakter daşıyır. Əlilliyi olan insanlar, rahiblik ənənələrinə dayanaraq, onları qida və sığınacaqla təmin edən monastırlara çəkilirdilər.
İslam dini əlillərlə xoş davranışa çağırırdı
İslamda “görmə problemi olan insana yardım etmək, eşitməyən insanla onun anlaya biləcəyi tərzdə ünsiyyət qurmaq, ehtiyacı olan bir şəxsi istədiyi yerədək aparmaq, xəstəlikdən əziyyət çəkən insana xəstəliyinin çarəsini tapmaqda kömək etmək, zəif insana əl uzadaraq yardım etmək sədəqənin növləri hesab edilir”. (Əhməd bin Hanbal, Musnad, 5/168-169). Məhəmməd Peyğəmbər fiziki məhdudiyyətli insanlarla xoş davranmağı, onlara şəfqət göstərməyi və onları utandırmamağı buyurmuşdu.
Cəmiyyət inkişaf etdikcə, onun bu kateqoriyadan olan insanlarla qarşılıqlı əlaqələri də dəyişirdi.
Yaralı döyüşçüləri “əlil” adlandırırdılar
Sağlamlıq problemləri olanların əsas və böyük hissəsi müharibələrdən və döyüş əməliyyatlarından sonra yarandığından, əsas diqqət döyüş əməliyyatları zamanı yaralanmış, zədə almış və ya xəstəlik keçirmiş keçmiş döyüşçülərə yetirilirdi.
Belə döyüşçüləri “əlil” adlandırırdılar. “Əlil” termini Fransada orduda xidmət etmiş, dövlət qarşısında xidmətləri olan, zədə, yaralanma və ya taqətsizlik nəticəsində xidmətə yararsız olan döyüşçülərə münasibətdə tətbiq edilirdi.
Fransa Kralı Fransisk (1515-1547) Fransa dövləti qarşısında xidmətləri olan əlillərə pensiya ayrılması və onların qəsrlərdə yerləşdirilməsi haqqında fərman imzalamışdı. İngiltərə, Almaniya və Avstriyanın hökmdarları sosial təminat sahəsində Kral Fransiskenin ardıcılları olmuşlar. Fransa Kralı IV Henrix (1616) qocalar və ağır yaralılar üçün əlillər evi (hotel des İnvalides) inşa etməyə göstəriş vermişdi. Fransanın ardınca İngiltərə, Almaniya və Avstriyada, daha sonralar Rusiyada əlil evləri tikildi.
Əlil cəmiyyətdən təcris edilirsə, demokratiya mənasını itirir
Cəmiyyət yalnız 20-ci əsrdə əlillərin sosial cəhətdən təcrid edildiyi bir şəraitdə demokratiyadan danışmağın mənasız olduğunu anladı. Birinci Dünya müharibəsindən sonrakı dövrdə Qərbdə xəstəliklərin şərtləri və nəticələri, beynin funksiyasına dair bir sıra tədqiqatlar həyata keçirildi. Əldə edilən yeni biliklər sayəsində cəmiyyətdə əlilliyi olan insanlara qarşı mövcud olan, nadanlığa və cahilliyə əsaslanan münasibətin dəyişməsi müşahidə edildi. Hər iki ayağı iflic olmuş Franklin Ruzveltin ABŞ prezidenti seçilməsini buna örnək göstərmək olar. İkinci Dünya Müharibəsi dövründə əlil olmuş insanlar da insan ləyaqəti ideyasının populyarlaşmasına yardım etdilər. Qapılar əvvəllər cəmiyyətdən tam təcrid edilmiş insanların qarşısında açılmağa başladı.
Əlil hüququnun formalaşması
20-ci əsrin ikinci yarısından etibarən əlillərin müdafiəsinin hüquqi prinsipləri formalaşır.
BMT-nin Baş Assambleyasının 9 dekabr 1975-ci il tarixli qətnaməsində (3447) deyilir: “Əlillər zədələrinin və qüsurlarının mənşəyindən, xarakterindən və ciddiliyindən asılı olmayaraq, onlarla eyni yaşda olan həmvətənləri ilə eyni əsas hüquqlara malikdirlər. Bu ilk növbədə mümkün qədər normal və dolğun olmaqla qənaətbəxş həyata olan hüquq deməkdir.”
1950-60-cı illərdə Qərb ölkələrində əlilliyi olan insanlarla bağlı sosial siyasətdə yaranmış normallaşma münasibətinin yayılması, müstəqil yaşamaq imkanlarının artması müasir yaşayış layihələrində qrup evləri deyilən evlərin yaranmasına səbəb oldu. Bu evlərdə sakinlər qida və nəqliyyat xərclərini bölüşür, eləcə növbətçi yardım xidmətindən istifadə edirlər. Belə evlər 1970-ci illərdə Qərbdə yaranaraq, əlilliyi olan insanlar üçün internat evlərə ehtiyaca son qoyub.
Cəmiyyətlə iç-içə...
Təxminən 1960-cı illərin sonu, 1970-ci illərin əvvəlindən bəri ABŞ, İsveç və bəzi başqa gəlişmiş dövlətlərdə hökumətlər əlillərin ictimai hərəkatlarının və keçirilmiş tədqiqatların təsiri altında ölkələrində institutlardan kənarlaşdırma siyasətini həyata keçirməyə qərar verdilər. Burda söhbət ondan gedirdi ki, həmin vaxta qədər qapalı müəssisələrdə-institutlarda (internatlarda, koloniyalarda, psixiatrik xəstəxanalarda, uşaq evlərində) saxlanılan insanlar daha mülayim şəraitdə yaşaya, müalicə oluna, reabilitasiya, korreksiyaedici və təhsil proqramlarına cəlb edilə bilərdilər. Belə şəraiti övladlığa götürən ailələr, dispanserlər, sosial-psixoloji dəstək xidmətləri, könüllü yardım proqramları və qrup evləri (8-10 nəfərdən, o cümlədən kiçik personaldan ibarət azsaylı internatlar) təqdim edirdi. Qrup evləri ideyasının əsasında qavrama və öyrənmə çətinliyi olan insanların icmada müstəqil yaşaması və sosial aləmə daxil ola bilməsi barədə humanist düşüncə durur.
“Şəxsi təcrübə”...
İnsan ləyaqətinə hörmət prinsiplərinə əsasən, insanlar daha az məhdudlaşdırıcı mühitdə yaşaya və zəruri xidmətlərdən (tibbi və sosial xidmətlərdən, təhsil xidmətlərindən) faydalana bilər. Heç kim üçün sirr deyil ki, həyatının çox hissəsini internatda keçirən insanlarda intim, yaxın, insani münasibətlərin şəxsi təcrübəsi olmur. Bəzi insanlar onlarla köməksiz və bacarıqsız insan kimi davranılmasına öyrəşir və uyğun davranış modeli nümayiş etdirirlər (“Bilmirəm”, “Bacarmıram”).
Səhv etmək hüququ
İnstitutdan kənarlaşma prosesinin mühüm anlayışlarından biri də “riskin məziyyəti (yaxşı cəhəti)” idi. Bu, ciddi himayə altından çıxan insanın başqa insanların gördüyü işləri görmək, o cümlədən təsadüfi səhvlərə yol vermək hüququdur.
Müasir zamanda inkişaf etmiş cəmiyyətlərin mənəvi əsasları sosial ədalətə və hüquq bərabərliyinə əsaslanır. Fiziki və psixi sağlamlığın vəziyyətindən, yaşından, cinsindən, dini əqidəsindən və sosial statusundan asılı olmayaraq insan ləyaqətinə hörmətin prinsipləri insan hüquqlarına, o cümlədən tibbi xidmət, təhsil və əmək hüquqlarına əməl edilməsinə əsaslanır.

Ədəbiyyat:
Киселев М. И. Генезис отношения к детям с ограниченными возможностями [Текст] / М. И. Киселев // Молодой ученый. — 2012. — №12. — С. 412-415.
XS
SM
MD
LG