Keçid linkləri

Təcili xəbərlər

Bakıda hamı V. Putini gözləyir...


Vladimir Putin
Vladimir Putin
-

Elə bil xəbərlərin də lap insanlar kimi həyatı olur. Rusiya prezidenti V. Putin-in Bakıya gələcəyi haqda iyulun ortalarından başlayan xəbərlər bir neçə mərhələ yaşadı. Əvvəl onu tamam inkar etdilər, sonra təsdiqlədilər, daha sonra isə dedilər ki, böyük ehtimalla səfər seçkidən sonra reallaşacaq.

Amma maraq azalmır ki, azalmır. İndi də buyururlar ki, istisna deyil ki, V. Putin növbəti həftədə Bakıya səfər edəcək. Hətta Rusiya mövzusu o qədər inkişaf etdirildi ki, bəzi qəzetlər, agentliklər İ. Əliyevin özünün bu ölkəyə səfər etdiyi haqda xəbərlər yaydılar və israrla onu müdafiə etdilər.

Amma bu xəbəri nə təsdiqləyən, nə də onu birdəfəlik inkar edən dəlillər tapılmadı və hamı belə qərara gəldi ki, sadəcə bəzi media strukturları bu dəfə öz gümanlarını həqiqət kimi qələmə veriblər.

OD YANMAYANDA DA TÜSTÜ ÇIXIR?

Nədən Rusiya mövzusu siyasi gündəmdə bu qədər aktuallaşıb? Əvvəla, etiraf etmək lazımdır ki, səfər azərbaycanlılar üçün heç də yaxşı olmayan dönəmdə nəzərdə tutulur. Bir müddətdir ki, Rusiyada azərbaycanlılar da daxil olmaqla, Qafqaz əsilli əməkçi miqrantlara qarşı əməlli-başlı kampaniyaya başlanıb. Burada diqqətçəkən məqamlardan biri də budur ki, V. Putin özü bu kampaniyanı zərurət kimi qiymətləndirdi, onun dayandırılması, insanların az qala kütləvi şəkildə incidilməsi hallarına son qoyulması haqda göstəriş vermədi.

Üstəlik, dərindən fikirləşəndə görürsən ki, Rusiya ilə Azərbaycan arasında bu qəbildən olan problemlər istisna olunmaqla, elə bir məsələ yoxdur ki, onun həll edilməsi üçün yüksək səviyyəli görüşə ehtiyac olsun.

Diplomatlar, hərbçilər dəqiq vaxt deməsələr də, Qəbələ RLS-i ilə bağlı işlər gedir, ikitərəfli komissiya təhvil-təslim işlərini aparır. Qonşu Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycan Avropa Birliyi ilə assosiasiya sazişi imzalamağa hazırlaşmır - hər halda, dövlət rəsmiləri bu haqda bircə kəlmə belə söz deməyiblər. Azərbaycan öz qazının ixracı ilə bağlı Rusiyanı da qane edən marşrut seçdi. İki ölkə arasında hərbi sahədə əməkdaşlıq davam edir, Azərbaycan Rusiyadan silah-sursat alır…

Etiraf etmək lazımdır ki, onu təkcə hakimiyyət gözləmir, elə müxalifət də bu xəbərlərin nə ilə bitəcəyinin intizarındadır. Təbii ki, bu, siyasi rəqabətdən doğur.
Bir sözlə, zahirdə olan, ilk baxışda diqqəti çəkən elə bir məsələ yoxdur ki, ona əsaslanaraq deyəsən ki, bax, bu məsələyə görə iki ölkənin prezidentlərinin görüşü vacibdir.

Amma o da var ki, məhz bu il iki ölkə arasında gərginlik çağı kimi qiymətləndirilib. Rusiyada diaspora ətrafında başlanan çəkişmələr belə söhbətlərə bir növ qida verdi. Lakin tədricən bu gümanlar də çəkilir və yerdə bir məsələ qalır - bu da Azərbaycanda bu il keçiriləcək prezident seçkiləridir.

ADİ SEÇKİ TEXNOLOGİYASI, YOXSA…

Ən azı bu amilə görə Rusiya prezidentini Azərbaycanda gözləyirlər. Etiraf etmək lazımdır ki, onu təkcə hakimiyyət gözləmir, elə müxalifət də bu xəbərlərin nə ilə bitəcəyinin intizarındadır. Təbii ki, bu, siyasi rəqabətdən doğur. Müxalifət, daha doğrusu, Milli Şurada təmsil olunan partiyalar qonşu ölkəni Azərbaycan hakimiyyətinin əsas müttəfiqi hesab edir və ona görə də bu iki cinah arasında ən kiçik soyuqluğa belə çox böyük həssaslıqla yanaşır və bundan özü üçün siyasi dividentlər əldə etməyə çalışır.

Amma proseslər ona işarə edir ki, Milli Şurada təmsil olunan partiyaların gümanları düz çıxmadı, Rusiyada diaspora ətrafında başlanan çəkişmələr çox böyük siyasi nəticələr doğurmadı.

Bu proseslərdə ən çox adı hallanan şəxslər - A. Abbasov və S. Sadıqov gözlənilən siyasi davranışı nümayiş etdirmədilər. Baş nazirin sabiq müavini A. Abbasov bir neçə dəfə israrla bəyan etdi ki, o, İ. Əliyevə sadiqdir, S. Sadıqov isə seçkidə M. Əliyevanın namizədliyini dəstəkləməyə hazır olduğunu bildirdi...

Ona görə də müxalifətin Rusiya ilə bağlı gözləntiləri bir fokusda, bir siyasi nöqtədə cəmləşdi - V. Putin R. İbrahimbəyovun müraciətinə seçkiyə qədər «hə» deyəcək, ya yox? Ehtimal olunan budur ki, bu məsələ rəsmi Bakının istəyilə yubadılır. Amma o da var ki, prezidentlərin baxmalı olduqları məsələlər belə tezliklə həll olunmur, Milli Şura sədri çox yubandı, özünün ikili vətəndaşlıq məsələsinin həllinə çox gec başladı.

Təbii ki, qarşıda hələ təxminən iki həftəlik vaxt var. Xarici qəzetlərin biri yazmışdı ki, prezident V. Putin həm də R. İbrahimbəyovun filmlərinin pərəstişkarıdır. Ona görə də müxalifət hələ ümidlidir. Amma «Günəşdən usanmışlar» filminin qəhrəmanı S. Kotov da güman edirdi ki, ona bircə zəng etmək kifayətdir. Axıra qədər də fikirləşdi ki, ona sadəcə, bu zəngi etməyə imkan vermədilər. İnanmadı ki, onun zəngini heç kim gözləmirdi…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG