Keçid linkləri

Təcili xəbərlər

Vaxt həm də V. Putin-in əleyhinə işləyir…


Arxiv foto: V. Putin Kremldə qaz ixracatçıları sammitindən sonra keçirilən mətbuat konfransı zamanı
Arxiv foto: V. Putin Kremldə qaz ixracatçıları sammitindən sonra keçirilən mətbuat konfransı zamanı
-

Rusiya prezidenti V. Putin-in Bakıya sabah - oktyabrın 13-nə nəzərdə tutulmuş səfəri təkcə rəsmi Bakı üçün həssas dövrə təsadüf etmədi. Bu dövr elə Rusiyanın özü üçün də çox mürəkkəb bir dövrdür.

Bunu düşünərkən etiraf etməli olursan ki, doğrudan da böyük siyasət deyilən fenomenin haradan başlanğıc götürəcəyini və harada qərar tutacağını təxmin etmək olduqca çətindir. Cəmi bir-iki ay bundan əvvəl çox az adam ABŞ-la Rusiyanın münasibətlərinin indiki səviyyəyə çatacağını güman edə bilərdi.

Amma indi münasibətlər olduqca gərgin bir durumdadır. ABŞ hətta Rusiya ilə münasibətlərini özü üçün aydınlaşdırmaq üçün bir fasilə götürmək əzmindədir.
Bir vaxt məhz belə oxşar formada Rusiya ilə Böyük Britaniyanın münasibətləri korlanmışdı. Bu münasibətlər hələ də qaydasına düşməyib. Ola bilsin ki, ən azı ABŞ-ın indiki siyasi administrasiyasının fəaliyyət dövrünün sonuna qədər münasibətlər gərgin qalacaq.

Düyünün açılması Rusiya tərəfdən çox ciddi güzəştlərin olmasını tələb edir. Belə bir güzəşt, məsələn, Rusiyanın Suriya ilə bağlı mövqelərinin tam dəyişməsi ola bilərdi. Prinsipcə, bunu istisna etmək olmaz.

RUSİYA, YOXSA AVROPA BİRLİYİ?

Amma ən ümidverici cəhət budur ki, münasibətlər Rusiyanın Avrasiya İttifaqı və vahid Gömrük Birliyi üçün çalışdığı bir məqamı təsadüf edir.

Avrasiya İttifaqı
Avrasiya İttifaqı
Artıq qeyd etdiyimiz kimi, V. Putin avqustun 13-də Bakıya səfər edəcək. O, bu səfər zamanı həm də bir az əvvəl adı çəkilən məsələləri də müzakirə etməyə hazırlaşır.
Düzdür, müzakirələri rəsmi Bakı üçün mürəkkəb bir vaxtda – seçki ərəfəsində aparmaq nəzərdə tutulub, amma güman etmirik ki, hətta bu halda onlar bir nəticə vermiş olsun, çünki müxalifət sferasına aid olmayan adamlar belə Avrasiya İttifaqına və vahid Gömrük Birliyinə qoşulmağı çox böyük şərtlə bağlayırlar: Rusiya özünün Qarabağ siyasətində ciddi dəyişikliklər etməlidir…

Rusiyanın belə bir addım atacağını zənn etmək çətindir. Üstəlik, adı çəkilən birliklər haqqında yalnız amorf təsəvvürlər var. Məsələ bundadır ki, V. Putin həmişə keçmiş SSRİ üçün bir nostalji keçirib.

S. Freud (Z. Freyd) deyirdi ki, insanın davranışı daha çox onun uşaqlıqda topladığı təcrübədən asılıdır. V. Pitin-in də uşaqlığı SSRİ dövrünə təsadüf edib, ona görə də onun siyasətində bir qədər infantil çalarlar daim özünü büruzə verir.

Bəs Azərbaycanın V. Putinə cavabı nə olacaq?

Böyük ehtimalla Azərbaycan bu ilin noyabrında Avropa Birliyi ilə assosiativ sazişi imzalamayacaq. Bunu Rusiyanı qane edən addım kimi yozmaq olar. Amma müəyyən vaxta qədər. Bəli, müəyyən vaxta qədər rəsmi Bakının Avropa fobiyası Rusiyanı qane edəcək. Fəqət, Rusiya ilə ABŞ-ın, Rusiya ilə Qərbin münasibətləri korlananda onlar Qafqazı, o cümlədən də Azərbaycanı öz tərəflərinə çəkməyə cəhd edəcəklər. Elə bu səbəbdən artıq indidən rəsmi Bakının manevr imkanlarının məhdudlaşdığını demək olar.

İ. Əliyevin siyasi ritorikasının mühüm hissəsini Azərbaycanın müstəqilliyi məsələsi tutur. İş o yerə çatıb ki, o, hətta bu müstəqilliyə səs verən, onun uğrunda mübarizə aparan adamları belə «böyük qardaş sevdası» ilə, hələ də «qul psixologiyası» ilə yaşamaqda suçlayır.

Ona görə də onun Rusiyanın «böyük layihə»lərinə «hə» deyəcəyini zənn etmək çətindir. Amma tənha məğrurluğun da sonu olmalıdır, İ. Əliyev də son addımda seçim etməlidir. Bu seçim necə olacaq?

PREZİDENT, YOXSA VASSAL?

Avropa onlar üçün siyasi cəhətdən təhlükəlidir, çünki bu istiqamət İ. Əliyevdən onun siyasət haqqındakı təsəvvürlərini tam dəyişməyi, özünün siyasi fəlsəfəsinə ciddi korrektlər etməyi tələb edir.

Rusiya ilə yaxınlaşmaq isə, ümumiyyətlə, ölkəni «marionet teatrı»na çevirmək deməkdir. Avropa ilə yaxınlaşaraq müstəqil olmaq, layiqli siyasət yürütmək, layiqli prezident olmaq mümkündür, amma kral olmaq mümkün deyil. Rusiya isə yalnız öz vassallarına etibar edir…

Ona görə də hər iki istiqamət İ. Əliyev üçün məqbul deyil, çünki o, nə adi prezident, nə də vassal olmaq istəyir, o, da elə atası kimi ölkəni daha çox kral kimi idarə etməyə alışıb.

ARİFƏ BİR İŞARƏ DƏ KİFAYƏTDİR…

Artıq qeyd etdiyimiz kimi, İ. Əliyevin siyasi vəziyyətini çətinləşdirən həm də odur ki, bu il ölkədə prezident seçkisi ilidir. Belə olan təqdirdə, Putin-in növbəti gəlişini İ. Əliyevə siyasi dəstək kimi başa düşmək olarmı?

Birmənalı şəkildə demək çətindir. Bir məsələ aydındır ki, Rusiya prezidentinin öz səfərini seçki ərəfəsinə salması müəyyən mənada rəsmi Bakıya siyasi «kart-blanş» verir…

O da təsadüfi deyil ki, digər tərəf də, Milli Şurada təmsil olunan siyasi qüvvələr də artıq Kreml ilə Bakının münasibətlərinin istiləşməsindən danışırlar. Amma İ. Əliyevə Rusiyanın dəstəyi siyasi avans formasında da ola bilər.

Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
Milli Şuranın sədri R. İbrahimbəyov vətəndaşlıq məsələsinə avqustun 15-dən sonra aydınlıq gələcəyini deyir. Bu, V. Putin-in Bakıya səfərindən bir neçə gün sonraya təsadüf edir.

Bunu bir siyasi işarə kimi qəbul etmək olardı, amma bu vaxta qədər Milli Şurada R. İbrahimbəyovun ardıcıl müdafiəçiləri kimi tanınanların bəzisi belə indi yeni vahid namizəd haqqında danışmağa başlayıblar.

Son məlumatlara görə isə avqustun 12-də namizədliyi rəsmən irəsli sürülən R. İbrahimbəyov vahid namizəd qalmaq şərtilə, Milli Şuraya daxil olan digər partiyaların da liderlərinə öz namizədliyini irəli sürməyi tövsiyə edib.

Elə bunu da bir siyasi işarə kimi yozmaq olardı. Bəs bu iki siyasi işarədən zaman hansını seçəcək? Tezliklə bilinəcək, özü də lap tezliklə.

Bəli, nəzəri cəhətdən hər şey aydındır. Ölkə prezident və prezident də ona siyasi müttəfiq seçməlidi. Zahirən hər şey çox sadədir. Amma yalnız zahirən.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG