Keçid linkləri

Təcili xəbərlər

Stepan Razindən sonra V. Putin ikinci oldu…


V. Putin və İ. Əliyev
V. Putin və İ. Əliyev
-

W. Churchill (U. Çerçill) yazırdı ki, ruslar bəlkə də dünyada yeganə xalqdır ki, yalnız güclə hesablaşırlar. Amma güc də özünə qarşı həssaslıq, diqqət tələb edir.

Gənc, atletik bədənə malik olan bir adam balaca uşağı döyərkən və yaxud da özündən yaşlı zəif bir insanı incidərkən nə qədər məharət, «idman texnika»sı göstərsə belə, bunu heç kim təqdir etməz, ona «Sağ ol, afərin!» deməz, çünki bu halda güc bayağılıq həddinə çatır və biz belə adamlara güclü adam deyil, sadəcə, heyvərə deyirik…

Dövlətlərin davranışı fərdlərin davranışı ilə eyniyyət təşkil etməsə də, müəyyən oxşar çalarlar olur, çünki dövlətə bir institut kimi mahiyyət verən də fərdlərdir, insanlardır.

HƏRBİ GƏMİLƏRİN «MİSSİYASI»

Ona görə də bir dövlət kimi Rusiyadan söhbət gedəndə adamın ağlına gələn ilk ifadə məhz «bayağılıq həddini aşan güc» ifadəsi olur.

Bunu sonuncu dəfə Rusiya-Gürcüstan müharibəsi vaxtı görmüşdük. Rusiya əsgərləri gürcü torpaqlarında özlərini elə aparırdılar ki, sanki dünyanın yiyələri idilər.

Arxiv foto: Rusiya-Gürcüstan müharibəsinin 3-cü ildönümü
Arxiv foto: Rusiya-Gürcüstan müharibəsinin 3-cü ildönümü
Elə Rusiya prezidenti V. Putin-in Azərbaycana səfəri zamanı da onu suda müşayiət edən hərbi gəmilərin missiyası bu dövlətin Xəzərin və bölgənin hakimi olduğunu nümayiş etdirmək idi.

Hərbi gəmilərin, özü də raket daşıyıcılarının Bakıya yan almasını başqa cür yozmaq mümkündürmü? V. Putin bir siyasətçi kimi özü haqqında «supermen» obrazı yaratmağı sevir, bunu bilirik. Onu gah tatami üzərində, gah at belində, gah da təyyarənin sükanı arxasında görməyə adət etmişik.

Amma izafi reklamın da bir xüsusiyyəti var: bayağı hala çatanda o, anti-reklama çevrilir. Ona görə də V. Putin-in reklam çarxlarına baxanda adamın ağlından bir fikir keçir: «Vallah, «mujik»sən ki, «mujik»…

Bəlkə də tarixi oxşarlıq da təsadüfi deyil ki, o, gəmilərin müşayiəti ilə Xəzər sahillərinə yan alan «mujik» Stepan Razin-dən sonra ikinci rusiyalı oldu. Düzdür, o, Bakıya təyyarə ilə gəldi, amma gəmilər ondan əvvəl Bakının sahilini kəsdirmişdilər…

Dərhal hiss olunur ki, bu adam hər bir hərəkətilə, hər bir səfəri ilə siyasi effekt yaratmaq istəyir, hər şeyi reklama hesablayır. Nə edəsən ki. elektorat da belə effektləri sevir!...

B. YELTSİN TƏYYARƏDƏN NİYƏ DÜŞMƏMİŞDİ?

Bir dəfə keçmiş prezident B. Yeltsin İrlandiyaya yolüstü səfər edərkən öz təyyarəsindən düşməmişdi. Onu qarşılamaq üçün gələn siyasi xadimlərin təəccübünə rəğmən təyyarə hava limanında bir qədər dayanandan sonra təzədən havaya qalxmışdı.

Boris Yeltsin
Boris Yeltsin
Geriyə, Rusiyaya dönəndən sonra bunun səbəbini soruşanda B. Yeltsin çox qısa cavab vermişdi: «Yatmışdım». Yadıma gəlir ki, bu, Rusiya mediasına ləzzət etmişdi: başqa bir dövlətə qarşı Rusiya prezidentindən savayı kim bu cür sayğısızlıq göstərə bilərdi? Bəli, bunu yalnız Rusiya prezidenti edə bilərdi.

İndi də «qorxulusu» budur ki, V. Putin özünün Bakı təcrübəsini diplomatik protokola salar: bundan sonra səfər edəcəyi ölkələrə əvvəlcə qoşun göndərər.

Amma xoşbəxtlikdən başqa dövlətlər buna imkan verməzlər, çünki dünyanın bütün ölkələri heç də rusiyalı siyasətçilərin «məhəllə»si deyil. «Məhəllə» statusunda bulunan hələ ki, keçmiş sovet respublikalarıdır. Hələ ki…

İTALİYADAN SONRA İKİNCİ…

Bəs V. Putin-in səfərinin siyasi tərəfləri haqqında nə demək olar? Səfər zamanı bir neçə sənəd imzalandı. Ötəri baxış onlar haqqında «protokol sənədləri» təəssüratı yaradırdı, ciddi bir şey nəzərə çarpmadı. Elə səslənən fikirlər, bəyanatlar da protokol xarakterli idi. Ola bilsin, bəzi məsələlər təklikdə – bağlı qapılar arxasında müzakirə olundu.

Ekspertlər ən çox ondan narahat idi ki, V. Putin azərbaycanlı həmkarını öz sevimli mövzuları – Avrasiya İttifaqı və Gömrük Birliyi ideyası ilə məşğul etməyə çalışacaq.
Amma hər iki ideyanın bir ümumi xüsusiyyəti var: bunlar amorf ideyalardır.

Xoşbəxtlikdən Rusiya siyasətçilərinin ideyaları «ölü» doğulur. Bu səbəbdən o ideyaların belə tezliklə kimisə maraqlandıracağını zənn etmək çətindir.

Ola bilsin ki, bu haqda söhbət aparıldı. Bunu istisna etmirik. Amma yalnız bir söhbət ola bilər, hansını ki, Putin bütün dövlət başçıları ilə aparmağı sevir.

Əsas bilirsiniz nədir? V. Putin özü dedi ki, Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiya İtaliyadan sonra ikinci yerdədir! Bu, özü əsl real siyasət və iqtisadiyyat haqqında təsəvvür yaradır.

Səfər həm də İ. Əliyevin seçki kampaniyasının bir elementi oldu. Bəli, o, V. Putin-i Bakıya gətirə bildi. Bununla da özü ilə Rusiya prezidenti arasında heç bir problemin olmadığı görüntüsünü yaratmağa cəhd etdi. Əslində böyük bir problem də yox idi. Sadəcə, böyük söz-söhbət vardı…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG