Keçid linkləri

«Təmiz rus» kimə deyilir?


Xüsusi Təyinatlı Polis Dəstəsi Moskvada rus millətçilərinin keçirdiyi aksiyanın qarşısını almağa çalışarkən

Xüsusi Təyinatlı Polis Dəstəsi Moskvada rus millətçilərinin keçirdiyi aksiyanın qarşısını almağa çalışarkən

-
Bu yaxınların söhbətidir. Rus şairi Y.Yevtushenko haqqında veriliş verirdilər. Birdən ağılma gəldi ki, onun bioqrafiyası ilə daha yaxından tanış olum.
Doğrusu, əvvəllər şeirlərini çox oxusam da, hətta bəyəndiyim şairlərdən biri olsa da, bioqrafiyası ilə elə bir tanışlığım yox idi. Həmişə düşünmüşdüm ki, sadəcə, rus yazıçısıdır.
Qərəz, elə ilk anda diqqətimi nə cəlb etdi? Sən demə, bu adamın atası alman mənşəli pribaltikalı imiş, anası sonradan onun familiyasını dəyişmiş və ona özünün familiyasını veribmiş.
Bir sözlə, belə alınırdı ki, Y.Yevtushenko etnik mənşəcə heç də, necə deyərlər, təmiz rus deyilmiş. Ruslarda da bizdə olduğu kimi ata xətti əsas götürüldüyü üçün belə hesab etmək olar ki, etnik mənşəcə o, alman imiş.
Bundan sonra araşdırmalarımı bir az da dərinləşdirmək qərarına gəldim. Daha sonra R. Rozhdestvenskynin və A.Voznesenskynin bioqrafiyaları ilə tanış olmağa başladım.
Məlum oldu ki, A.Voznesensky etnik mənşə etibarilə rus imiş, amma R. Rozhdestvenskynin atası polyak olubmuş.
Bəs nədən məhz onları, bu üç böyük şairi götürdüm? Səbəbi çox sadədədir. Ona görə ki, onlar etnik mənşə etibarilə tatar olan qadın şairə Bella Akhmadulina ilə birlikdə 20-ci əsr rus ədəbiyyatının dörd böyük nəhəngi hesab edilirlər.
İndi belə məlum olur ki, 20-ci əsrin ikinci yarısına aid olan böyük rus ədəbiyyatının böyük dördlüyünün üçü mənşəcə heç də ruslar deyilmişlər.
Millətçilərin istədiyi kimi, Rusiya tək ruslardan ibarət olsaydı, mədəniyyət qeyri-ruslardan təmizlənsəydi bu ölkəni nələr gözləyərdi? Onun mədəniyyəti bir anın içində kasıblaşmazdımı?
Başqa vaxt bunun bizim üçün elə bir əhəmiyyəti olmazdı. Amma indi, Rusiyada cərəyan edən hadisələrin fonunda, millətçi ovqatın böyük vüsət aldığı bir dövrdə bunun dərin mənası var.
Millətçilərin istədiyi kimi, Rusiya tək ruslardan ibarət olsaydı, mədəniyyət qeyri-ruslardan təmizlənsəydi bu ölkəni nələr gözləyərdi? Onun mədəniyyəti bir anın içində kasıblaşmazdımı?
Çox kasıblaşardı. Biz hələ üç şairin adını çəkdik.
Bəs B.Pasternak? Bəs İ.Brodsky? Bəs digərləri? Bəs atası şotlandiyalı olan M.Lermontov? Bəs babalarından biri efiopiyalı ərəb olan A.Pushkin? Bəs İ.Turgenev?..
Alexander Pushkin

Alexander Pushkin

Beləcə, sıranı davam etdirmək olardı. Özü də mədəniyyət təkcə ədəbiyyatla müəyyən olunmur, bunun elmi, incəsənəti də var. Onları araşdırmaq fikrinə düşsəydik onda elə mənzərə yaranardı ki…
«TƏMİZ RUS»LAR KİMDİR VƏ ONLAR NƏ İSTƏYİR?
Bir qəribə təzadı bölüşmək istərdik. Milliyyətçilərin arasında çox nadir hallarda həqiqətən də böyük simalara təsadüf edilir. Bunu tək Rusiyadakı indiki proseslə bağlı demirik, amma indiki prosesdə də bu, olduqca qabarıq görünür.
«Təmiz Rusiya» iddiası ilə yaşayanlar kimlərdir? Haradasa keçmişin gənc hitlerçilərini xatırladan indiki qırxıqbaşlarmı?
Onlar Rusiyaya nə təklif edirlər? Məlum deyil.
Ən əsası odur ki, artıq qeyd etdiyimiz kimi, bu çağırışlar heç də yeni bir şey deyil. Onlar o qədər də uzaqda olmayan, çox acı keçmişi xatırladır.
Bəli, bir vaxt Almaniyada da təmiz almanları seçib ayırırdılar.
Bunun axırı necə qurtardı, indi hamıya bəllidir.
Bircə anlığa Rusiya mədəniyyətini və elmini, tutaq ki, yəhudilərsiz təsəvvür etməyə cəhd etsək, nə alınar? Olduqca kasıb bir mənzərə. Adam heç bunu təsəvvür də edə bilmir.
Əslində «təmiz etnos» abstrakt bir şeydir. Min illər, yüz illər ərzində hər yerdə etnosların formalaşması prosesi gedib və həmin o prosesdə müxtəlif etnik qruplar iştirak edib.
Bəlkə də rus mədəniyyətinin böyüklüyü ondadır ki, onda bir çox komponentlər yer alıb. Əgər belə olmasaydı bu mədəniyyət olduqca sönük bir məzmun kəsb edərdi.
MÜQƏSSİR AXTARMADAN KEÇİNMƏK OLMURMU?
İndiki Rusiyaya baxanda görürsən ki, təzə bir şey də yoxdur. Əsrin əvvəllərində «Qafqaz əsillilər»in yerini yəhudilər tuturdu.
Əslində mədəniyyət birləşdirir. Siyasət isə seçib ayırır və nə qədər qəribə olsa da, bir çox hallarda siyasət «müqəssir sindromu», «Kimdir müqəssir?» sualı olmadan keçinə bilmir.
İndiki Rusiyaya baxanda görürsən ki, təzə bir şey də yoxdur. Əsrin əvvəllərində «Qafqaz əsillilər»in yerini yəhudilər tuturdu.
O vaxt «müqəssir» yəhudilər hesab edilirdi, ona görə də gündə bir cinayət, bir proses uydururdular.
İndiki qafqazlı talanlarının yerini bir vaxt məşhur yəhudi talanları tuturdu. İndi Rusiya milliyətçilərinin qınaq, ittiham ünvanı dəyişib: eyni taleyi Qafqazdan olan əməkçi miqrantlar bölüşür.
Əgər «Qafqaz əsilli»lər belə böyük problemdirsə, onda, qoy Rusiya Qafqazdan tamam çəkilsin, onu qafqazlıların öhdəsinə buraxsın və o vaxt aydın olacaq ki, kim kimin üçün problemdir?
Bəs indi nə baş verir? Rusiya bütün Qafqazı nəzarət altında saxlayır. Orada əsil demokratik rejimlərin bərqərar olmasına imkan vermir və nəticədə indiki mənzərə yaranır: Qafqaz əsilli insanlar öz vətənlərində axtarmalı olduqları şeyləri Rusiyada axtarırlar. Əslində onların yeganə günahı da elə budur…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG