Keçid linkləri

Təcili xəbərlər

Arzuların və gerçəkliyin Türkiyəsi


Türkiyə prezidenti Abdullah Gul azərbaycanlı həmkarına şərəf ordeni təqdim edərkən. Ankara, 12 noyabr 2013
Türkiyə prezidenti Abdullah Gul azərbaycanlı həmkarına şərəf ordeni təqdim edərkən. Ankara, 12 noyabr 2013
-
ORDEN MÜBADİLƏSİ

Hər dəfə prezident olandan sonra birinci səfərini Türkiyəyə etməyi artıq İ. Əliyev bir ənənəyə çevirib. Bu dəfə də o, ilk xarici səfərini Türkiyəyə etdi.

Ortalıqda əsl orden mübadiləsi baş verdi- İ.Əliyev A.Gülü, o da öz növbəsində İ.Əliyevi ordenlə təltif etdi.

Bunu hökumətlər və dövlətlər arasında tam anlaşmanın bir təzahürü kimi də yozmaq olardı. Çox çalışdıq ki, səfərin dövlətlər üçün əhəmiyyət kəsb edən başqa məqamlarını da araşdıraq.

Amma yalnız o, məlum oldu ki, İ. Əliyev baş nazir R.T. Erdoganla iki dövlət arasında mövcud olan strateji tərəfdaşlıq şurasının daha bir toplantısını keçirəcək.

...on illərdir ki, arzularda yaşayan bir Türkiyə də var
İki gün davam edəcək səfərin başqa detalları məlum deyil. Əslində ənənə xarakterli səfərin protokolu siyasi tədbirlərlə, müzakirələrlə bir o qədər də zəngin olmur.

Bu, saədəcə, nəzakət xarakterli səfər idi. Ona görə də ondan başqa mühüm olaylar gözləmək əbəsdir.

Əsas odur ki, belə səfərlər Türkiyəni heç də arzuolunan statusda nümayiş etdirmir. Ona görə ki, on illərdir ki, arzularda yaşayan bir Türkiyə də var.

Amma görünür gerçəkliyin diqtəsi daha böyükdür. Gerçəklik öz məntiqini daha israrla diqtə edir.

R.T.ERDOGANIN SURİYA MƏNTİQİ

İndi Suriya probleminin daha qəti və sürətli həllini tələb edən Türkiyə və onun baş naziri R.T.Erdogandır. Bu yaxınlarda o Suriya ətrafında cərəyan edən prosesləri kimyəvi silah oyunu adlandırdı və belə bir fikir dedi ki, dünya ölkələrinin məntiqindən o nəticə hasil olur ki, dinc insanları adi silahlarla öldürmək olar, amma bunu kimyəvi silahlarla etmək olmaz.

Dünya ölkələrinin məntiqindən o nəticə hasil olur ki, dinc insanları adi silahlarla öldürmək olar, amma...
R.T.Erdogan indi hamıya bir sualla müraciət edir: gəlin görək B.Assad adi silahlarla nə qədər adam öldürülüb, kimyəvi silahla nə qədər adam tələf edib?

Bəli, nisbət təxminən onun birə nisbətinə bərabərdir. Amma ən maraqlısı odur ki, R.T.Erdogan deyir ki, mən B.Assad-ə birpartiyalı siyasi sistemdən əl çəkməyi məsləhət gördüm, amma o, məni eşitmədi….

Bütün bunları nədən xatırladıq? B.Assad-ı uzunömürlü avtoritar liderlərə aid edirlər.

Burada R.T.Erdogana bir sual vermək olardı: belə alınmırmı ki, əgər insanlar etiraz etmirsə, bir adam, özü də avtoritar üsullarla idarə edən bir siyasət adamı istədiyi qədər hakimiyyətdə qala bilər?

Düşünmürük ki, R.T.Erdoganın buna məntiqli bir cavabı olsun. Bu suala heç digər ölkələrin də doğru-dürüst və məntiqli cavabı yoxdur və nə qədər çalışsalar belə siyasətdəki bu paradoksu ört-basdır edə bilməzlər.

R.T.Erdoganın məntiq zəncirini itirdiyi anlar çox olub. İstanbulda etirazlar başlayan kimi, o, dedi ki, Türkiyə baharı olmayacaq. Bəli, o, bir anlığa belə bir həqiqəti unutdu ki, insanlar bahar deyiləndə, özü də ərəb baharı deyiləndə, avtoritarizmə qarşı mübarizəni başa düşürlər.

Nə oldu? Bircə anlığa R.T.Erdogan özünü avtoritar ərəb liderlərinin yerinə qoydumu? Bilmirik. Amma onu bilirik ki, onun özü də demokratiya təcəssümü deyil.

BİR UZAQ YAŞIL ADA...

Hazırda Azərbaycan da özünün növbəti payızını yaşayır. Ölkənin müstəqil adamları, müxalifətçiləri üçün elə sözün əsl mənasında bir payız başlanıb. Özümüzü yormayaq və bir suala cavab verək: bu gün Azərbaycan demokratiyası nəyin üzərində bərqərar olub?

Yox, o, varlığı və yoxluğu bilinməyən QHT-lərin üzərində dayanmayıb. O, aksiyalara, heç olmasa, öz üzvlərinin sayı qədər də etirazçı çıxara bilməyən onlarla siyasi partiyanın da üzərində bərqərar olmayıb.

Azərbaycan gerçəklikləri elə bir fondadır ki, burada insanları optimist olmağa çağırmaq o qədər də asan məsələ deyil
Bu gün Azərbaycanda demokratiya əsasən iki qəzetin sayəsində öz mövcudluğunu minimal həddə olsa da qoruyub saxlaya bilib. Budur, onlar da öz fəaliyyətlərini dayandırmaq üzrədir.

Bundan sonra nə olacaq? Bilinmir. Məsələ heç qəzetlərdə də deyil, bir qəzet dayanar, o birisi nəşrə başlayar- həyat bütün hallarda öz axarı ilə davam edəcək.

Sadəcə, Azərbaycan gerçəklikləri elə bir fondadır ki, burada nikbin bir fikir söyləmək, insanları optimist olmağa çağırmaq o qədər də asan məsələ deyil. Türkiyədə bütün bunları bilmirlərmi?

Təbii ki, Türkiyəni vəkil qismində də təsəvvür etmirik. Özü də ki, demokratiyanın vəkili ola.

Amma bir ada vardı, uzaq yaşıl ada. Nədən o, bir az da uzaqlaşdı?..

Bunlar müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini aşağıdakı foruma yaz, polemikaya qoşul.
XS
SM
MD
LG