Keçid linkləri

Təcili xəbərlər

Qəzetlər qurtulacaqmı?


Arxiv foto
Arxiv foto
Əsrlər, illər bu ölkədən çox şeyləri süpürüb aparıb. Xeyriyyəçiliyi yalnız nəzir və sədəqə vermək, dini səfərlərə çıxmaq kimi başa düşən azərbaycanlılara gəl indi ictimai xeyriyyəçiliyin nə demək olduğunu başa sal görüm, necə salırsan?

Amma ötən əsrin əvvəllərində, hətta ondan bir az əvvəl də çox şeylər vardı. Onları indi hissə-hissə bərpa etmək gərəkdir ki, ölkə tək dövlətin, xüsusən də hakimiyyətin ümidinə qalmasın. İki qəzet ciddi sınaq qarşısındadır və onları yalnız fədakar oxucuların köməyi xilas edə bilər.

Azərbaycanlılara hələ də belə şeylər qeyri-adi görünür. Hətta etiraz edib deyirlər ki, prinsipcə hər il belə vəziyyət təkrar oluna bilər. Oxucular hər il qəzeti xilas edəsi deyillər ki?

Nə demək olar? Ermənilər o boyda Qarabağı ianələrlə saxlayırlar və hər il ianə marafonu keçirirlər.

İndi azərbaycanlılara nə olub? İki qəzeti, özü də ölkənin ən oxunaqlı qəzetlərini xilas edə bilməyəcəklərmi? İstəsələr edə bilərlər, çünki bunun üçün cəmi beş yüz və ya min oxucunun fədakarlığı tələb olunur.

QƏZET MƏNƏVİ QİDA KİMİ QALIRMI?

Düzdür, ölkədə vəziyyət ağırdır. Bahalaşma davam edir, qiymətlər qalxır. Amma nə etmək olar? Hərdən mənəvi qida haqqında da əməlli-başlı düşünmək lazım gəlir.

Mənəvi qida dedim, bir məsələ yadıma düşdü. Bu günlər qəzetlər üçün həm də başqa mənada sınaqdır. Onlar özləri də düşünməlidirlər ki, cəmiyyət üçün mənəvi qida rolunu oynaya bilirlərmi, onların mənəvi ehtiyaclarını ödəyə bilirlərmi?

Axır vaxtlar qəzetləri əlinə alandan üç dəqiqə sonra artıq orada nələrin yazıldığından hali olursan. Amma belə olmamalıdır. Qəzet ən azı bir neçə saat oxucunu öz cazibəsində saxlamalıdır.

ÜMİD FABRİKİ

Bir məsələ də var ki, onu gərək mütləq qeyd edək. Sirr deyil ki, qəzetlər konkret siyasi maraqların ifadəçisidirlər. Bu gün böyük bir əminliklə demək olar ki, ölkədə əsl milli miqyaslı, qısaca desək, milli qəzetlər yoxdur. Bunu böyük təəssüf hissi ilə qeyd edirik və hətta bu vəziyyətə gətirib çıxaran obyektiv səbəbləri də bəraət kimi qəbul etmirik.

Konkret siyasi maraqların ifadəçisi olmaq bir çox fəsadlara gətirib çıxarır. Bunlardan ən bayağısı qəzetlərin ümid fabrikinə çevrilməsidir. Təsəvvür edin, hamı bilir ki, seçkinin taleyi həll edilib. Amma qəzetlər nə yazır?

Seçkini udacağıq, özü də böyük səs fərqi ilə! Hamı bilir ki, seçkinin elan edilmiş nəticələri qalacaq, onlar dəyişdirilməyəcək. Amma qəzetlər nə yazır? Darıxmayın, lap az qalıb, seçkinin nəticələri ləğv ediləcək!

Özü də bütün bunlar çox yaxın müddətə ünvanlanan «proqnozlar»dır. Oxucu gözləyir, üç gün keçir, beş gün keçir, amma heç nə dəyişmir. Nəticədə nə baş verir? Oxucu özünün ələ salındığını düşünür. Belə «nümunə»ləri çox sadalamaq olar.

Maraqlıdır ki, qəzet adamları ilə bu haqda danışanda onlar çox sakit «Biz siyasətlə məşğul oluruq»-deyə cavab verirlər. «Siyasətlə məşğul oluruq» sözləri isə bu ölkədə ən təmkinli adamı belə özündən çıxartmaq gücündədir. O səbəbdən ki, hamı bu siyasətin nə demək olduğunu yaxşı bilir.

«QƏZETİNİZ ÇIXMIR?»

Bir dəfə tədbirlərin birində maraqlı bir hadisə baş vermişdi. O, vaxt H.Əliyev hələ hakimiyyətdə idi. H.Əliyev heç kimin gözləmədiyi halda müxalifətçilərə, daha doğrusu, müxalif liderlər dayanan stola yaxınlaşdı. Hamı təəccüb içində idi.

Birdən H. Əliyev nə desə yaxşıdır? «Siz burada neynirsiniz, qəzetiniz çıxmır?». Bəli, H.Əliyev müxalifət liderlərinin işinin qəzet çıxarmaqdan ibarət olduğuna işarə edirdi. Düzdür, bu vəziyyəti də onun özü - H.Əliyev yaratmışdı. Amma müxalifət liderləri də vəziyyəti dəyişmək, əsl siyasi fəaliyyətlə məşğul olmaq üçün imkan əldə etmək haqqında çox az düşünürdülər.

QƏZETLƏRİN QÜRUBU: REALLIQDIR, YOXSA…

Elə bu yaxınlarda Rusiya tele-kanallarından birində Almaniya haqqında veriliş verirdilər. Jurnalist adamlardan onların öz evlərində müsahibələr götürürdü. Mənim diqqətimi nə cəlb etdi?

Bütün evlərdə kitablarla dolu rəflər vardı. Bu, mənə çox təəccüblü və hətta qeyri-adi göründü, çünki kağız medianın, ümumiyyətlə, kağız məmulatların gələcək perspektivləri haqqında o qədər pessimist proqnozlar oxumuşam ki, artıq dünyada kitabın, qəzetin və jurnalın tamam dəbdən düşdüyünü düşünürəm.

Amma belədirmi? Məlum olur ki, yox. Həmin ölkələrin təcrübəsinə baxanda düşünürsən ki, əcəba, bizdə İnternet istifadəçisi daha çoxdur, yoxsa bu ölkələrdə? Ona görə də adam çaş-baş qalır. Bilmir, kimə inansın?

Bildiyimiz odur ki, dünyada hələ də qəzet, jurnal oxuyurlar. Ona görə də Azərbaycanın da öz qəzetləri, jurnalları olmalıdır. Ən azı dünyadakılara oxşamaq üçün - axı Azərbaycanda oxşamaq olmaqdan həmişə önəmli olub…
Bunlar müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini aşağıdakı foruma yaz, polemikaya qoşul.
XS
SM
MD
LG