Keçid linkləri

Təcili xəbərlər

Siyasətdə Vilnüs sindromu


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası
-
ADAM İNANMAQ İSTƏYİR, AMMA…

Üçüncü dəfə prezident olandan sonra İ. Əliyevin xarici siyasət məsələlərində böyük, hətta qibtə olunacaq dərəcədə böyük fəallıq göstərdiyini demək olardı, əgər bəzi nüanslar olmasaydı.

Adətən ilin axırında mühüm görüşlər növbəti ilə saxlanır. Ona görə də İ.Əliyevin xarici səfərlərində diplomatiya baxımından mühüm nişanələr tapmaq çətindir.

Səfərdən ən böyük gözlənti isə Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini sadələşdirməsi ehtimalı idi
O, əvvəlcə Türkiyəyə səfər etdi. Dövlət rəsmiləri bu səfərə böyük məna verməyə çalışsalar da İ. Əliyev şəxsən özü bildirdi ki, bu, bir ənənə xarakterli səfər idi və o, hər dəfə prezident olandan sonra ilk xarici səfərini Türkiyəyə edir.

Səfərdən ən böyük gözlənti isə Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini sadələşdirməsi ehtimalı idi. Amma bundan bir qədər əvvəl İran öz sərhədlərini Azərbaycan vətəndaşlarının üzünə bağladı. Bununla da İran öz tərəfindən bir zəruri bir işarə etdi.

Ona görə də, olsa bilsin, bu səbəbdən və yaxud da başqa bir özəl problemin ucbatından Azərbaycan viza rejimini yalnız seçilmiş Türkiyə vətəndaşları- tanınmış şəxslər, idmançılar, elm və mədəniyyət adamları üçün sadələşdirmək haqqında öhdəlik götürdü.

Türkiyənin ardınca Ukrayna səfəri başladı. Burada da böyük bir məna axtarmağa dəyməz-bu ölkə ATƏT- in sədridir və böyük ehtimalla İ. Əliyev bu gün Vyanada Ermənistan prezidenti S. Sarkisyanla görüşü ərəfəsində sadəcə özünün ukraynalı həmkarına baş çəkməyi qərara alıb.

MÜSTƏQİL SİYASƏT HAQDA NƏĞMƏLƏR

Amma zahiri effektlərlə müşaiyət olunmasa da ölkənin siyasətində bir vurnuxma hiss olunur.

Demək olar ki, hər gün «müstəqil siyasət» haqda balladalar səslənir. Amma bu, bir sualı gündəmdən çıxarmır: Azərbaycan AB ilə münasibətlərini bundan sonra hansı müstəvidə quracaq?

Gürcüstanın seçimi aydındır, tərəddüdlər olsa da, Ukrayna da artıq öz seçimini müəyyən edib, Ermənistan Gömrük Birliyini seçib. Bəs Azərbaycan nə edəcək?

BÖHRANLI AVROPA HAQDA NAĞIL


Bu vaxta qədər bu məsələdə iki nüans vardı. Biri o idi ki, rəsmi dövlət təbliğatı Avropanı böhranlı bir məkan kimi təqdim edirdi.
Amma dərhal sual yaranırdı: əcəba, Gürcüstan və Ukrayna kamikadze rolunu oynamaq niyyətindədirmi?

Azərbaycan AB ilə münasibətlərini bundan sonra hansı müstəvidə quracaq?
Üstəlik, AB-nin yeni tərəfdaşlara iqtisadi yardımı haqqında da informasiyalar tədricən sızmağa başladı. Bu, isə böhranlı Avropa haqqındakı təbliğatın iflası demək idi.

Digər bir amil onunla bağlıdır ki, nə qədər ki, Ermənistan Gömrük Birliyini seçməmişdi, Avropa haqqında danışırdı, İ. Əliyev hakimiyyəti bərk təlaş içində idi. Ona görə ki, Ermənistanın da assosiativ sazişi imzalayacağı təqdirdə Azərbaycan rəsmiləri daha deməyə söz, özləri üçün bəraət tapa bilməyəcəkdilər.

Elə ki, Ermənistan hakimiyyəti Gömrük İttifaqına qoşulacağı haqda bəyanat verdi rəsmi Bakı rahat nəfəs almağa başladı. Bundan sonra onların Rusiyanın təzyiqləri haqqında söz-söhbətə böyük rəvac verəcəyinə şübhə qalmadı.

XOŞBƏXTLİK OLMAYACAQDI, AMMA BƏDBƏXTLİK KÖMƏK ETDİ

İş də elə gətirdi ki, Rusiyada əməkçi miqrantlara qarşı böyük bir kampaniya başladı. Adi tamaşaçılar gündəlik xəbərlərin fonundan İ.Əliyev hakimiyyəti üçün həm də bəraət və bəhanə ola biləcək bir məsələni tuta bilmirdilər.

Seçki debatları zamanı İ.Əliyev hakimiyyəti əməkçi miqrantların sayını azaltmağa cəhd edirdi. Amma Rusiyada anti-miqrant kampaniyası başlayanda yenidən bu ədədi böyütməyə və onun Rusiya millətçilərinin arzuladığı şəkildə həll olunacağı təqdirdə Azərbaycan üçün hansı problemləri yarada biləcəyini izah etməyə başladılar.

Bununla heç də demək istəmirik ki, Rusiyanın Azərbaycana münasibətində təzyiq elementləri ümumiyyətlə yoxdur. Var. Amma bu təzyiq hansı keçmiş sovet ölkəsinə qarşı yoxdur? Hamıya qarşı var.

Azərbaycanın Avropaya inteqrasiyasında yaşanan tərəddüdlər haradan qaynaqlanır?
O başqa məsələdir ki, rəsmi Bakı bu amili də özünün özəl maraqlarının instrumentinə çevirib. Bəli, bu gün soruşmaq olar ki, Azərbaycanın Avropaya inteqrasiyasında yaşanan tərəddüdlər haradan qaynaqlanır?

Birmənalı şəkildə demək olar ki, rəsmi Bakının özəl maraqlarından: rəsmi Bakının üstünlük verdiyi dəyərlərlə AB-nin dəyərləri uyuşmur. Problem bundadır.

YALNIZ NAĞILLARDA…


Adam doğrusu, özünü inandırmağa cəhd edir ki, Vilnüs sammitinə qədərki 10 gün müddətində nəsə dəyişəcək. Amma yalnız nağıllarda belə olur. Həyat isə başqadır. O, yalnız dəyişmək istəyənlər üçün dəyişir.

İ.Əliyevə Avropadan ünvanlanan bütün təbrik teleqramlarında AB ilə münasibətlərə açıq-aşkar işarə vardı. Amma o, həmin işarələri nəzərə alacaqmı?


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG