Keçid linkləri

Təcili xəbərlər

«Böyük siyasətçi» kimlərə deyilir?


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası
-
Bu bir-iki gündə ölkə nələr yaşadı? Bu sətirlərin müəllifi o qədər də cavan adam deyil, yaşının da yarısı sovetlər dönəmində keçib və orta məktəbi də, ali məktəbi də həmin dövrdə bitirib.

Bunları ona görə deyirik ki, təbliğatın bütün çərçivələri aşdığı, rəsmi ideologiyanın insan fəaliyyətinin bütün sferalarına sirayət etdiyi vaxtları da görmüşük.

Amma inanın ki, beləsi olmayıb. Bunu bütün məsuliyyəti ilə deyirik. Bəli, düşünmək olardı ki, bu, yuvarlaq tarix idi, ona görə də təbliğat xarakterli materiallar bu qədər çoxluq təşkil etdi.

Böyük bir ifrata varmadan demək olar ki, bu son 20 ildə çəkilmiş təbliğat lentləri ilə bəlkə də...
Amma burada iki nüans var. Birincisi, «çoxluq təşkil etdi» demək məsələni təhrif etməkdir. Əslində onlardan savayı bir şey olmadı.

İkincisi, bununla da «Stop!» deyilməyəcək. Sabah da, o birisi gün də hər şey təkrar olunacaq.

Böyük bir ifrata varmadan demək olar ki, bu son 20 ildə çəkilmiş təbliğat lentləri ilə bəlkə də Yer kürəsini ekvator boyunca bir neçə dəfə dolanmaq olardı.

MƏNİM «SİYASƏTÇİ» SÖZÜNDƏN NİYƏ XOŞUM GƏLMİR?

Bəlkə də siyasət elə bir şeydir ki, gərək, onu öz həyatında hiss edəsən. Təbii ki, biz belə bir iddiada buluna bilmərik. Amma biz də nəsə oxumuşuq, nəsə görmüşük, nəsə eşitmişik…

Xüsusən də nəzərə almaq lazımdır ki, Azərbaycan kimi ideologiyalaşmış ölkələr çox azdır. Amma var. Həmin ölkələrin təcrübəsində kütləvi şüura təsir etmək üsulları, təbliğat çarxları nə qədər desən var. Ona görə də onların təcrübəsinə müraciət etmək olar.

Açığını etiraf edim ki, mənim «siyasətçi» sözündən o qədər də xoşum gəlmir, daha çox «dövlət xadimi», «ictimai xadim» sözlərini işlətməyə meylliyəm.

Siyasət sözünü eşidəndə dərhal gözlərim önünə N. Makiavelli və onun məşhur əsəri gəlir. Amma hətta N. Makiavelli siyasəti böyük məqsədlər üçün vasitə hesab edirdi.

Bəli, böyük məqsədlər üçün. Amma bu gün öyrənirik ki, bu son 10 ildə ölkədən 17 milyard dollar pul çıxarılıb.

Burada siyasət elə buralarda dərk edildiyi kimidir
Bunu adi adamlar edə bilməz, belə işi yalnız bizim tanıdığımız və tanımadığımız «böyük siyasətçi»lər edə bilər. Ona görə həm də «tanımadığımız» sözünü yazıram ki, onların bəzisini biz həqiqətən də yaxşı tanımırıq, güman etmirik ki, onlarda belə bir fərasət ola bilər. Amma misal var, deyir ki, papaq altında oğullar varmış…

Bəlkə haradasa siyasət daha mütərəqqi məzmun kəsb edir. Amma Azərbaycan elə ölkələrə aid deyil. Burada siyasət elə buralarda dərk edildiyi kimidir.

Yazının əvvəlində epizodik olaraq sovet çağlarını xatırladıq. Amma sonralar nə qədər çalışdılarsa «sovet bossları»nın xaricdə pullarını tapa bilmədilər. Əslində onların heç belə pulu da yox idi.

Məsələn, İ. Stalinin dövründə ölkədən 10 ildə 17 milyard dollar çıxarmaq olardımı? L. Brejnev təvazökar adam deyildi, amma onun da xaricdə pulları yox idi.

Ümumiyyətlə, totalitar rejimlərdə hər şey daha sərt olur. Ən pisi avtoritar rejimdir - bu, nə demokratiyadır, nə də totalitarizm və min təəssüf ki, Azərbaycanda məhz belə bir quruluş bərqərar oldu.

Düşünürəm ki, belə quruluşlarda - avtoritar rejimlərdə demokratiya yalnız hakimiyyətdəkilərin dəbdəbəli həyatına, imtiyazlarına bir növ bəraət vermək üçün lazımdır.

...filankəs artıq bütün sərhədləri keçib və hakimiyyətə yarınmağı öz peşəsinə çevirib
İndi deyəndə ki, filankəsin filan qədər pulu var, o çox dəbdəbəli həyat sürür, dərhal qayıdırlar ki, bu, nə neobolşevizmdir, adamın pulu və sərvəti olar də! Amma demirlər və deyənin də dilini kəsirlər ki, axı filankəs bu qədər pulu düzgün yolla qazana bilməzdi!..

HƏRƏNİN ÖZ BİZNESİ

Kiçik bir epizod danışacağam. Bir dəfə bir nəfərlə elə bu məsələlər haqda danışırdıq. Dedim ki, filankəs artıq bütün sərhədləri keçib və hakimiyyətə yarınmağı öz peşəsinə çevirib.

Həmsöhbətim qayıtdı ki, sən elə bilirsən, o, ağılsız adamdır, yox, o, çox ağıllı və istedadlı adamdır, sadəcə hakimiyyəti, hakimiyyətdəkiləri tərifləmək onun biznesidir.

Bunları deyəndən sonra həmsöhbətim başladı məni danlamağa. Dedi ki, «Guya sən ondan ağılsız və istedadsızsan? Sən də nəsə yaz! Əminəm ki, yazsan, ondan min dəfə də yaxşı yazarsan və özünə də bir gün ağlarsan, hətta bizim üçün də nəsə edə bilərsən!».

Mən ona cavab vermədim. Ona görə ki, deməyə sözüm yox idi. Növbəti dəfə və növbəti adamın qarşısında romantik, idealist kimi də görünməyə həvəsim yox idi. Ona görə də sadəcə susdum. Düşündüm ki elə bəlkə doğrudan da bu, bir biznesdir?

Amma dərhal yadıma siyasət sözü düşdü. Yox, bu, siyasətdir, bizim hamımızın qavradığı və anladığı siyasət…

Ən son yazılan

XS
SM
MD
LG