Keçid linkləri

Təcili xəbərlər

Yanan ümidlər


Zaur Həsənovun dəfni Foto: aznews.az
Zaur Həsənovun dəfni Foto: aznews.az
-
CƏNNƏT CƏNNƏT OLSA DA...

Heç kim bu dünyanı cənnətə dəyişmək istəməz. Hətta insanların təsəvvüründə cənnət yaxşıların yaxşısı olsa da. Heç kim bu dünyadan asanlıqla qopmaq, ayrılmaq istəmir.

Fəqət, nə etmək olar? «Şəhidlərin son ünvanı cənnətdir»- deyiblər və elə bununla da təsəlli tapıblar.

Şübhə etmirik ki, bu günlərdə Azərbaycan daha bir insanını cənnətə yolladı.

Daha bir insan bu dünyada bir vətən qoyub getdi. Elə bir vətən ki, hələ uzun müddət «Ölməyə vətən yaxşı!» deyəcəyik!

Amma məzarlıqdan baş qaldırmağın vaxtı deyilmi? Başa düşürəm. Hər şeyi siyasiləşdirmək olmur. Bu vaxta qədərki bütün prezidentlərin vaxtında elə şeylər olub ki, onların hamısını böyük cinayət adamı kimi suçlamaq elə bir problem olmaz.

Bu mənada məsələ bəlkə heç prezidentlərdə də deyil. Fəqət, bir şeylər var ki, onları inkar etmək olmur və onlar müəyyən mənada prezidentlərin də suçunu müəyyən edir: hər halda, ölkədəki ümumi fonu prezident müəyyən edir.

Özünə qəsd edən Qarabağ qazisindən sonra demək olar ki, bəli, prezident bərk sarsılıb, baş vermiş olaydan çox təəssüflənib...

Elə biz də burada «Sağlığında qiymət verin insanlara!» kimi bəsit şüarları xatırlatmaq istəməzdik. Amma niyə də yox?..

Ən böyük həqiqətlərin böyüklüyü ondadır ki, onları çox sadə dildə ifadə etmək olar.

MÜLKİYYƏTƏ TOXUNANLAR...

Fikirləşirik ki, əslində belə şey çoxdan olmalı idi. Bu vaxta qədər nə qədər insanın malı-mülkü əlindən alınıb? Əvvəldə dedik ki, məsələni siyasiləşdirmək istəmirik. Amma o, əvvəldən siyasidirsə, nəsə etmək, nəyisə dəyişmək mümkündürmü?

Bu ölkədə çox adam mülkiyyət sahibi oldu. Amma çox az adam mülkiyyətin toxunulmazlığını qəbul etdi. Bəlkə ona görə ki, bütün bu mülkiyyət, bütün bu sərvət başqasının mülkiyyətinə toxunulmaqla qazanılıb?

Elə bir vaxt gələcək ki, bu gün hakimiyyətdə olanlar mülkiyyətin toxunulmazlığından danışacaqlar. Amma o vaxt gec olacaq. Ona görə ki, bu illər ərzində insanların gördüyü bir «həqiqət» olub: oğrudan oğruya halaldır!

Əvvəldə demişdim ki, bu yazıda bəsit həqiqətlər yer almayacaq. Amma daha bir bəsit həqiqəti xatırlamaqdan da özümüzü saxlaya bilmirik: bədbəxtliyin üzərində xoşbəxtlik qurmaq da olmur...

BİZ QALİB MİLLƏT DEYİLİK...

«Qazi» sözünü bir o qədər də sevmirik. Ona görə ki, biz qalib millət deyilik. Heç bilmirəm, bu söz bizim leksikonumuza haradan daxil oldu? Bəlkə də ilk dəfə o sözü çeçenlərdən eşitdik? İndi bunun elə bir mənası da yoxdur...

Kimisə özünəqəsdə təhrik etmək istəmirik. Bu yaxınlarda gözümüzə bir kiçik yazı sataşdı - özünü yandıran insanlar haqqında idi. Təsəvvür edin, bunların hamısı ictimai motivli hadisələr idi.

Burada indi qınaq üçün predmet axtarmaq fikrimiz yoxdur. Amma bu illər ərzində çox adam oldu ki, öz itirdiklərinin heç hesabını sormadı, daha çox hamının itirdiklərinə acıdı.

Bir dostum vardı, yazar idi. Deyirdi ki, bu illər ərzində çox şey itirmişəm, amma yazanda çalışıram elə yazım ki, mənim şəxsi uğursuzluqlarımın ruhu yazılarıma sirayət etməsin.

Amma nə qədər insan var ki, ümumi uğursuzluqları yalnız özlərinə toxunanda hiss edirlər!

Bəli, görmə qabiliyyətinə görə insanlar iki cür olur: bir yaxını görməyənlər var, bir də uzağı görməyənlər.

Bəlkə hissiyyatına görə də insanları qruplaşdırıblar. Bilmirəm. Amma insanlar var ki, yalnız özlərinə yaxını hiss edirlər.

İddialar var ki, bu hadisədən sonra hakimiyyətin diqqətini cəlb etmək üçün özünü yandırmağa cəhd edənlərin də sayı arta bilər.

Amma hakimiyyətin insanlara qarşı sayğısızlığı nə qədər ikrah doğurursa, belə adamların öz problemlərinə «fövqəl diqqəti» də bir o qədər ikrah doğurur.

AKSİYALARA MARAQ NİYƏ AZDIR?

Baş vermiş hadisə həm də başqa məsələyə də işıq salır. Özü də elə məsələyə ki, onu lap başımıza qaxınc ediblər.

Deyirlər ki, insanlar etiraz etmir. Hətta müxalifətin bahalaşma ilə bağlı keçirdiyi aksiyalara da gəlmirlər.

Amma necə izah edəsən ki, insan etiraz əlaməti olaraq özünü yandırır? Bəlkə bunun izahı budur ki, insanlar aksiyalara da inanmırlar? Axı onlar görür ki, bu hakimiyyət aksiyalara heç əhəmiyyət də vermir!

Əvvəla, onları sərbəst, azad şəkildə keçirməyə qoymurlar. İcazə verəndə də elə reaksiya göstərirlər ki, adam öz sadəlövhlüyünə inanıb aksiyaya getdiyinə utanır...

Bir dəfə Avropa ölkələrindən birində baş vermiş bir hadisə haqqında oxumuşdum. Deməli, bütün məhkəmə iclasları bir neçə yüz il bundan əvvəl səhv olaraq edam edilmiş bir çörəkçinin xatirəsini yad etməklə başlayır.

Bunu xatırlayanda ağlıma gəldi ki, həyatda tək qəhrəmanlar anılmır. Normal ölkələrdə, insana qiymət verilən yerlərdə günahsız qurbanları da yad edirlər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG