Keçid linkləri

Təcili xəbərlər

50 il sonra həyat belə olacaq [Fotoqalereya]


Isaac Asimov (1920-1992)
Isaac Asimov (1920-1992)
-
1964-cü ildə əfsanəvi elmi fantastika yazarı Isaac Asimov dünyanın 50 il sonra – 2014-cü ildə necə olacağı barədə bir esse yazıb. Onun proqnozlarından bəziləri – naqilsiz cihazlar və videotelefon zəngləri reallığa çevrilib. Ancaq, məsələn, uçan maşınlar və yeraltı şəhərlər hələ də təxəyyül məhsulu olaraq qalır.

AzadlıqRadiosunun müxbiri Daisy Sindelar 2064-cü ildən gözləntilərlə bağlı futuroloq Ian Pearson-la söhbətləşib.

KİLOMETRLƏRLƏ ÖLÇÜLƏN BİNALAR

Pearson deyir ki, əhali artımı və urbanizasiyanın yayılması 50 milyonluq meqaşəhərlərlə nəticələnəcək:

«İndi insanlar yaşamaq üçün kilometrlərcə hündürlüyü olan binalar tikmək istəyir, amma bu işi çözə bilmirlər. Əldəki materiallar elə də möhkəm olmadığından, hələlik, həmin binaları tikmək mümkün deyil. Ancaq 2050-2060-cı illərədək karbontəməlli materiallar bollaşacaq. Onları hazırlamaq da ucuz başa gələcək. Beləcə, biz çox-çox hündür binalar tikə biləcəyik».

Asimov-un «yerdən bir metr yuxarıda uçan» maşınlarla bağlı dediyinə gəlincə, Pearson ah çəkir. Onun sözlərinə görə, təhlükəsizlik səbəbindən 2064-cü ilin sürücüləri elektron maşınlardan istifadə edəcəklər.

ELEKTRON MAŞINLAR, BEYİNDƏ ÇALAN MUSİQİ

«Uçmaq barədə düşünməyə əsas görmürəm. Buna ehtiyac yoxdur. Hələ yerin üstündə nəyi bacarıb-bacarmadığımıza baxaq. Elektron maşınlara üz tutsaq, onlar bir-birindən bir neçə santimetr, hətta millimetr aralı gedə bilərlər. Küçədə 75 dəfə daha çox maşın ola bilər».

Asimov 2014-cü ildə insanların 3D filmlərinə baxmaq üçün növbəyə duracağını proqnozlaşdırırdı. Pearson 2064-cü ildə kino, teatr və konsertlərin ənənəvi əyləncə forması kimi qalacağını deyir. Ancaq bəzi şeylər dəyişəcək:
Ian Pearson
Ian Pearson
«2064-cü ildə siz hələ də musiqiyə qulaq asacaq, teatra gedəcəksiniz. Texnologiya irəlilədikcə, çatdırma vasitəsi də dəyişir. 2064-cü ildə bir musiqi barədə düşününcə, elə beyninizin içindəcə o musiqi çalınacaq!..».

Asimov proqnoz vermişdi ki, 2014-cü ildə psixologiya əsas tibbi ixtisasa çevriləcək. Bəşəriyyət avtomatlaşdırma nəticəsində xroniki darıxmadan əziyyət çəkəcək.

ELEKTRON ÖLÜMSÜZLÜK

Pearson isə əksinə, inanır ki, avtomatlaşdırma insanı hər cür ucuz əməkdən qurtaracaq, onları yaradıcılığa yönləndirəcək:

«Təsəvvür edirəm, bizə bu qədər fantastik seçim imkanı verildiyi halda həyatdan maksimum həzz ala bilməməyin əzabını çəkəcəyik. Məncə, bu, artıq bir təhlükəyə çevrilib, insanlar artıq seçim stressi ilə üzləşirlər».

Asimov texnologiya sayəsində gələcəkdə əhali artımının Yer kürəsi qarşısında duran əsas problemlərdən biri olacağını deyirdi. Ancaq Pearson «elektron ölümsüzlük»dən danışır:

«Təxminən 2050-ci ilədək elə bir həddə çatacağıq ki, düşüncənizin 90 faizi beyninizdən kənarda baş verəcək. 2060-cı ildə sizi yük maşını vurarsa, bu, karyeranız üçün elə də böyük problem olmayacaq. Hətta ölsəniz də, böyük məsələ deyil, çünki beyniniz daha çox şəbəkələrdə işləyir. Android mağazasından bir android alırsınız, beyninizi ona yükləyirsiniz və heç nə olmamış kimi, işinizə davam edirsiniz. Beləcə, elektron ölümsüzlük qazanmış olursunuz. Özünüzün bir neçə surətini hazırlaya bilərsiniz. Bu seçim gerçəkləşəndən sonra bəşəriyyətin gələcəyi büsbütün dəyişmiş olacaq».

Ən son yazılan

XS
SM
MD
LG