Keçid linkləri

Təcili xəbərlər

Böyük yolun yolçusu


Əli bəy Hüseynzadə
Əli bəy Hüseynzadə
-
BÖYÜK ABİ

Əvvəlcə Türkiyə tükcəsində biliyimizi az dəqiqləşdirmək qərarına gəldik. Dedilər ki, türkiyəlilər abi böyük qardaşa deyirlər. Amma bununla kifayətlənmədik, ürəyimiz soyumadı və haqqında bəhs edəcəyimiz adamı yenə də böyük abi adlandırdıq. Ona görə ki, o, həqiqətən də bütün böyüklərin böyük qardaşıdır...

Bəli, söhbət Əli bəy Hüseynzadə haqqındadır. Onun da bu il anadan olmasının 150 ili tamam olur. Hətta bu haqda sərəncam da səsləndirdilər.

Halbuki onun yubileyinə təxminən bircə ay vaxt qalıb. Maraqlıdır, bu il iki böyük türkün yuvarlaq yubileyidir. M.Ə. Rəsulzadənin 130, Ə.Hüseynzadənin isə 150 illiyidir.

Guya ki, hazır olanda nə yazacaqlar?
M.Ə.Rəsulzdənin yubileyinə çox az qalıb-cəmi dörd gün... Amma hələ heç nə yoxdur, onunla bağlı bir dənə belə olsun tədbir keçirilməyib. Halbuki, “Tədbirlər planı hazırdır”-deyirdilər. Amma orada nə heykəl haqqında bir şey vardı, nə də xatirəsinin əbədiləşdirilməsi haqda bir söz.

Ə.Hüseynzadənin yubileyilə bağlı tədbirlər planı isə hələ hazır deyil. Guya ki, hazır olanda nə yazacaqlar?

MİLLİ MÜTƏFƏKKİR

İdeoloq sözünü sevmirik. Ona görə ki, ondan ideologiya sözünün qoxusu gəlir. İdeologiya sözü isə sovetlər dönəmini xatırladır. Ondansa mütəfəkkir sözü daha yaxşıdır.

Ə.Hüseynzadə əsl milli mütəfəkkir idi. Bəlkə elə buna görə də hakimiyyət düşərgəsində bu adamı da sevmirlər. Ona görə ki, milli mütəfəkkir statusuna bu hakimiyyətin özününkülərinin iddiası var.

O nə etmişdi? Azərbaycanlıların milli kimlik problemini, milli özünüidentifikasiya problemini həll etmişdi, millətə onun milli istiqlal haqqını tanıtdırmışdı.

Nə yaxşı ki, tarix və tale bu işi onların öhdəsinə buraxmadı
Bir millət üçün bundan böyük iş yoxdur. Əminik ki, bu iş bizim hakimiyyətin başbilənlərinin öhdəsinə qalsaydı onlar millətin hüriyyət haqqını tanımadıqları kimi milli istiqlal haqqını da tanımayacaqdılar.

Deyəcəkdilər ki, biz hələ buna hazır deyilik. Deyəcəkdilər ki, biz heç millət də deyilik, kiçik etnik qrupuq. Deyəcəkdilər ki, istiqlala birdən qovuşmaq olmaz, bunun üçün “uzun bir yol keçmək” lazımdır.

Bəli, tanımayacaqdılar, necə ki, millətin dil haqqını tanımadılar, necə ki, bu millətin seçib-seçilmək haqqını tanımadılar, neçə ki, millətin yazı və söz haqqını tanımadılar...
Nə yaxşı ki, tarix və tale bu işi onların öhdəsinə buraxmadı. Bunu Ə.Hüseynzadəyə, M.Ə.Rəsulzadəyə qismət etdi... Onları bəziləri bəlkə də buna görə bağışlaya bilmir.

KİMİSƏ ANMAQ HAQQI

Amma yel qayadan nə aparar? İnsanların bütün haqları əllərindən alınanda onların bir haqqı qalır: kimisə anmaq haqqı. Bəli, buna bir dəstə gül haqqı deyirik.

Gəlin özümüz anaq deyəcəkdik, amma...
Pulumuza aldığımız bir dəstə gülü hansı məzarın və yaxud da hansı abidənin üstünə qoymağı yalnız özümüz müəyyən edə bilərik. Bu, həm də bizim sakit etirazımızdır.

Gələcəyə gəldikdə isə, hələ 1993-cü ildə bəziləri Azərbaycanı aparıb MDB-yə bağlayanda yazmışdıq ki, qərənfillər bu dənizin sahilinə bir də qonacaq.

Qayıdırıq bir dəstə gülün üstünə. Qoy, Ə.Hüsyenzadəni, M.Ə.Rəsulzadəni layiqincə anmasınlar. Buna görə qəm yeməyə dəyərmi? Gəlin özümüz anaq deyəcəkdik, amma burada dərhal “barmağımızı dişləməli” oluruq: Cümhuriyyət liderlərinin heç birinin Azərbaycanda məzarı yoxdur. Ə.Hüseynzadə və M.Ə.Rəsulzadə Türkiyədə, F.Xoyski isə Tiflisdə uyuyur. Halbuki gürcülər özlərinin ilk prezidentlərinin məzarını Gürcüstana köçürdülər...

YAXAYA TAXILAN METAL PARÇASI

Özlərinin ordenlərini, medallarını təsis edirlər. Amma qiymətli olan şey yaxaya taxılan deyil, sinənin altında, ürəklərdə gəzdiriləndir... Bu iki adam bu mərtəbənin adamlarıdır, onları insanlar ürəklərində gəzdirirlər...

...bu, heç nəyi dəyişməyəcəkdi
Bu yaxında bir tanışımla yol gedirdik. Tanışım dedi ki, bu hakimiyyət kimi bu ölkəyə yiyələnən olmamışdı. Bəli,o, düz deyirdi; hakimiyyət ölkəni qarış-qarış özəlləşdirib, çox şey qazanıb, çox şeyə sahib ola biliblər. Tək sevgidən başqa! Onu insanlardan ala bilmədilər. Onu qazana bilmədilər.

Bizim üçün hətta o da fərq etmir ki, Ə.Hüseynzadənin təkcə Salyanda bir büstü var. Hətta o da olmasaydı belə bu, heç nəyi dəyişməyəcəkdi. Bu adam zehinli, düşüncəli adamların ürəyindədir.

Azərbaycan intellektualı! Bəli, çoxu arzu edərdi ki, onu belə adlandırsınlar. Amma adlandırmırlar, adlandırmayacaqlar da...

İllər, qərinələr keçəcək. Azərbaycanın müstəqilliyi həqiqətən də əbədi, dönməz, sarsılmaz olacaq. Bu məsələdə bizim hakimiyyətin “mütəfəkkirləri” ilə razıyıq. Və həmişə iki isim anılacaq: Ə.Hüseynzadə və M.Ə.Rəsulzadə...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG