Keçid linkləri

Təcili xəbərlər

Novxanıya getmək günü


M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə
-
Bəli, gurultulu də sözlər arxada qaldı. «Növbəti yubileyə qədər» deyərdim, amma bilirəm ki, o, yubileydən yubileyə anılan insanlardan deyil. «O, həmişə bizimlədir» deyərdim, amma qorxuram ki, bayağı alınar. Qərəz, indi nə desəm, nə yazsam, mənası yoxdur. Ona görə ki, bu gün bir dəstə gül götürüb Novxanıya getməyin günüdür. Başqa sözə yer yox burada.

BİR BABƏK QALASI VARDI...

Bir vaxt Cənubi Azərbaycanda maraqlı ənənə vardı. Adamlar hər il Babək qalasına baş çəkirdilər. Düzdür, deyəsən, sonradan İran hökuməti bunu da yasaq etdi, amma çox yaxşı ənənə idi. Deyirəm, bəlkə bunu M.Ə.Rəsulzadə ilə bağlı da təkrar etmək olardı? Təsəvvür edin, Rəsulzadənin doğum günündə hamı Novxanıya axışır...

Amma qəm yeməyə dəyməz. Hamı olmasa da, azadlıq sevən insanlar, istiqlaliyyətə dəyər verənlər ora yollanacaq. Bilmirəm, nə qədər olacaq - yüz, min, bəlkə də daha çox...

Əsas odur ki, demokratik medianın-bura qəzetlər də aiddir, elektron media da - bəli, məhz onun sayəsində Rəsulzadə kifayət qədər anıldı. İndi söz güllərindir...

HƏR ŞEY TƏBİİ OLANDA...

Hər şey təbii olanda gözəl olur. Bu günlərdə kimlər danışdısa ürəkdən danışdı, kimlər yazdısa ürəkdən yazdı. Heç kim heç kimi məcbur etmədi...

Bunun gözəlliyi də elə budur. Əslinə qalsa, deyiləsi bütün sözlər deyilib də-yaxşısı da, pisi də...

Daha nə demək olardı? Fərq yalnız ifadə formasında ola bilər-kimsə daha yaxşı deyə bilər, kimdəsə bir qədər sönük alınar...

Amma yaxşı sözlərin hamısının məzmunu eynidir - böyük insan, böyük şəxsiyyət, böyük mübariz... Maraqlısı budur ki, qarşı tərəf də artıq öz qara nitqinə rəvac vermir. Bunun özü də irəliləyişdir.

Görünür, hamının yalnız yaxşı sözlərlə andığı bir nəfər haqqında nəsə bir pis şey uydurmağa cəsarətləri çatmır.

Orden, medal haqqında yazıldı bu dönəmdə. Düşünürük ki, müxalifət partiyaları bunu edə bilərdilər. Üstündə Rəsulzadənin əksi olan bir nişan təsis edərdilər. Lap bunun üçün müxalifətçilərdən pul toplayardılar. Təsəvvür edin, hər il onun doğum günündə insanlar bu nişanı yaxalarına taxardılar...

Maraqlı olardı, deyilmi? Nə isə. Yubileylər hələ olacaq, bundan da təmtəraqlı, bundan da gurultulu...

Deyilənə görə, Musa yəhudiləri qırx il səhrada dolandırıbmış ki, onlar Misir həyatını unutsunlar.

Bu mənada indiki nəsillər bir qədər gileylidir, bir qədər də tərəddüd içindədir. O nəsil ki, yetişir, onlar belə olmayacaq. Ona görə də hər şeyi onlara istiqamətləndirmək lazımdır. Onlar hər şeyin dəyərini daha yaxşı biləcəklər.

Etiraf etmək lazımdır ki, indiki nəslin çiyinlərinə həm də istiqlaliyyətin çətinlikləri çökdü. Bu illər ərzində dövlət idarəsindən təhqir edilib qovularkən, yeganə iş yerini, dolanışıq yerini itirərkən, axşam evə boynu bükük, pulsuz-parasız gedərkən bu nəslin adamları neçə dəfə keçmişin qayıtmasını arzuladılar? Neçə dəfə keçmişin nisgilini yaşadılar? Çox. Lap çox.

Buna görə onları qınamaq olarmı? Olmaz. Bunlar ani zəiflik anları idi. Bir an kimi gəldi və keçdi. O şey ki, gəldi-gedərdi onun dərdini çəkməyə dəyməz, o şey ki, əbədidir, qalandır, onun haqqında düşünmək lazımdır...

AĞAYİ, BU HÜRRİYYƏT NƏMƏNƏDİR?

Bəli, o, «İnsanlara hürriyyət, millətlərə istiqlal!» demişdi. İstiqlal haqqında danışanda və yazanda İranda deyirmişlər ki, ağa, bu Rəsulzadə Azərbaycan deyəndə haranı nəzərdə tutur?

Onu sevməyənlər, onun əleyhdarları bu detala diqqət yetirsəydilər çox yaxşı olardı -M.Ə.Rəsulzadə Azərbaycanın istiqlaliyyət ideyasının müəllifi idi. Bunu deyəndə bəziləri ona görə təəccüb edirdilər ki, tarixdə Azərbaycan dövləti adlı dövlət olmamışdı.

Bəli, istiqlal haqda dedikləri çin oldu. Qalır hürriyyət. Elə indi də bizim «iranbeyinlilər» «hürriyyət» sözünü eşidəndə qayıdırlar ki, ağa, bəs bu hürriyyət nəmənədir, bu millət heç onun nə olduğunu bilirmi?

Amma bilirlər. Bilməyənlər də tez bir zamanda biləcəklər, çünki o, həm də «Bir kərə yüksələn bayraq bir daha enməz» demişdi...

Nə isə... Yekunlaşdırmaq məqamıdır. Ona görə ki, Novxanıda bir abidə qalıb. İndi onun gözləri bəlkə də yol çəkir. Yolçu yolunda gərək...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG