Keçid linkləri

Təcili xəbərlər

Siyasətdə etimad limiti


müxalif liderlər
müxalif liderlər
-
Bu yaxınlarda Rusiyada Levada sorğu mərkəzi maraqlı tədqiqat aparmışdı. Mərkəz respondentlərin müxalifət siyasətçilərini nə qədər tanımasını və həm də onlara nə qədər etibar etməsini öyrənməyə çalışmışdı.

Nəticələri şərh etmək iddiasından uzağıq. Bircə detalı qeyd edək ki, etibar məsələsində müxalifətçilərin bəxti gətirməmişdi- sorğu mərkəzinin tədqiqatlarına görə insanlar müxalifətə etibar etmirlər.

Sosioloqlar müxalifətin belə duruma düşməsinin səbəbini elektron informasiya vasitələrinin onların üzünə bağlanması ilə (lap Azərbaycandakı kimi!) izah edirlər.

Böyük əksəriyyət müxalifətdən iki-üç adamı tanısa...
Gəl, elə bir rus məsələsi olmaz ki, orada istisna olmasın. A.Navalnıy bu dəfə də istisna olub, ona görə ki, o, böyük reytinq sıçrayışı edib. Görünür, əlahəzrət televiziya cənablarını artıq internet sıxışdırır. Ona görə ki, A.Navalnıy Rusiya siyasətçiləri arasında internetdən ən çox faydalanan adamdır.

RUSİYADAN AZƏRBAYCANA...

Əslində Rusiya nümunəsinə müraciət etməyimiz daha çox öz Azərbaycanı başa düşmək istəyindən yarandı. Düşünürük ki, bizim də müxalifət siyasətçiləri ilə bağlı belə problemlər yarana bilər. İndiki halda böyük əksəriyyət müxalifətdən iki-üç adamı tanısa bunu bir uğur kimi dəyərləndirmək olar. Ona görə ki, müxalifətçilərin media resursları minimuma endirilib.

İş o yerə çatacaq ki, növbəti hökumət iclaslarından birində prezident müxalifəti yamanlayanda adamlar biri-birindən soruşacaq ki, görən, bu müxalifətçilər kimdir, bunlar müxalifət deyəndə kimi nəzərdə tuturlar?

MÜXALİFƏTİN TƏNQİDİ NİYƏ SEYRƏLDİ?

Bir ara müxalifətə qarşı böyük təbliğat aparılırdı. Sonra başa düşdülər ki, belə təbliğat müxalifətin xeyrinədir.

Unudulmuş müxalifətin yada salınması kiməsə heç də qəribə görünməsin
Ona görə də müxalifət haqqında sanki tamamilə susmaq göstərişi verildi. Bu göstəriş neçə illərdir ki, qeyd-şərtsiz yerinə yetirilir. Düzdür, arada kiçik epizodlar olur, bir də görürsən ki, heç nədən başlayırlar müxalifətin ardınca deyinməyə. Amma bunlar epizodlardır və daha çox taktiki üsullardır.

Hərdənbir məcbur olub öz siyasətlərindəki neqativ hallar haqqında danışırlar. O saat da müxalifəti də həmin neqativ piarın gözünə qatırlar ki, camaat bilsin ki, bəzi nöqsanlara baxmayaraq millətin ümid və inam yeri yenə də elə bu hakimiyyətdir. Ona görə də unudulmuş müxalifətin yada salınması kiməsə heç də qəribə görünməsin, bu, siyasi texnologiyanın bir elementidir.

BİR SSENARİNİ NƏ QƏDƏR “FIRLATMAQ” OLAR?

Müxalifətin özünə gəldikdə isə, vəziyyət çox mürəkkəbdir. Ən maraqlısı odur ki, müxalifət özü də hakimiyyətin seçki ssenarisinin bir elementi olmaqla sanki barışıb.

Düşünürlər ki, növbəti seçki zamanı hakimiyyət bunlara azacıq efir və azacıq da sərbəstlik verəcək. Təbii ki, verəcək, bunu etməyə məcburdurlar.

Ona görə ki, öz məhsulları olan bir-iki “partiya”nı əsas müxalifət kimi qəbul etdirə bilmirlər. Elə bu səbəbdən ssenaridə ənənəvi müxalifət rolunu saxlayır və neçə illər ərzində alışdığımız ssenarini təkrar “fırladırlar”.

... insanlar daha müxalifətə inanmır
Amma müxalifət bununla niyə kifayətlənir? Bax, bunun cavabını bilmirik. Əslinə qalsa bilirik, amma müxalifətə inananların ümidlərini qırmaq istəmirik. Bu xüsusda çox danışmaq olar. Bəli, ölkədə repressiv siyasi sistem bərqərar olub. Müxalifətin adamları qorumaq istəməsini də başa düşmək olar. Amma belə də siyasət olmur. Nə vaxta qədər biri-birilərini nadir incəsənət əsəri kimi qoruyacalar?

LEVADA MƏRKƏZİ BURADA SORĞU KEÇİRSƏYDİ...

Əminik ki, Levada mərkəzi Azərbaycanda da sorğu keçirsəydi Azərbaycan müxalifətinin də böyük etibar problemi olardı. Böyük ehtimalla insanların etiraz aksiyalarına maraq göstərməməsi də məhz bu etibarla bağlıdır- insanlar daha müxalifətə inanmır. Həqiqəti niyə danaq?

Güman edirik ki, müxalifətçilər özləri də bununla razılaşar. Amma əsas məsələ fatal nəticələrlə razılaşmaq deyil, vəziyyəti dəyişmək üçün nəsə etmək və insanların etibarını qaytarmaqdır. Elə bir vəziyyət yarana bilər ki, müxalifət hətta yuxarıda adı çəkilən sorğunun birinci punktundan da keçə bilməz, məlum olar ki, artıq yeni nəsil onları tanımır.

Bu, heç kimə qeyri-adi görünməsin. 1993-cü ildən bu tərəfə 21 il keçib. Bu, bir gəncin ömrüdür. Həmin gənclik ideoloji təsirlərdən heç də azad olmayıb. Aşağı səviyyəli təhsil, bayağı mədəniyyət- illər ərzində onlara daha çox bunlar aşılanıb.

İndi onların beynində əsasən iki şey var- maşın və bir də “şou-biznes”. Demək olarmı ki, belə gənclik həqiqətən də bu müxalifəti tanıyır?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG