Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda prezident seçkisinin Avroparlament başağrıları


Avropa Parlamenti
Avropa Parlamenti
-
Azərbaycanda 2013-cü il oktyabr seçkisindən dörd aydan da artıq vaxt keçməsinə baxmayaraq, həmin seçkini müşahidə etmiş bəzi Avropa Parlamenti Deputatlarının (APD) hərəkətləri Avropa Parlamenti üçün başağrısı olaraq qalır.

Fevralın 11-də keçirilmiş dinləmədə Avropa Parlamentinin Məşvərət Komitəsi Azərbaycanda 2013-cü ilin oktyabr seçkilərini müşahidə etmiş 8 avropalı deputatın davranışı məsələsinə baxıb. İddia edilir ki, bu APD-lər Azərbaycana səfərləri barədə Avropa Parlamentinin davranış kodeksinin tələblərinə uyğun şəkildə bəyanat verməyiblər.

Təhqiq olunan APD-lərin adları açıqlanmayıb, lakin EurActiv.com əvvəlcə doqquz, sonra yeddi addan ibarət siyahısı olan məqalə dərc edib, daha sonra isə bu siyahının səhv olduğunu bildirərək məqalədən çıxarıb.

2013-cü ilin oktyabrında «European Voice» Azərbaycana Avropa Parlamentinin rəsmi nümayəndə heyətindən kənarda müşahidəçilik etmək üçün səfər etmiş 9 APD-nin adını çəkən məqalə dərc etmişdi. Bu APD-lərdən bəziləri səfərlərinin kim tərəfindən maliyyələşdirildiyini bəyan etsələr də, bir başqaları bunu etməyiblər.

Avropa Parlamentinin içindəki bir mənbə isə təsdiq edirdi ki, Məşvərət Komitəsi 8 APD-nin məsələsini araşdırır. Komitə öz təhqiqatını başa çatdıran kimi Avropa Parlamentinin prezidenti Martin Schulz-a tövsiyələr verəcək, o isə öz növbəsində, güman ki, martın axırlarında və ya aprelin əvvəllərində keçiriləcək plenar iclasda öz qərarını elan edəcək.

Avropa Parlamentinin Prosedur Qaydaları adlı sənədində təfsir olunan müddəalara əsasən, sözügedən APD-lərin barəsində tənbehdən tutmuş parlament fəaliyyətlərinin dayandırılmasınadək bir sıra intizam tədbirləri görülə bilər. Bundan əlavə, elə APD-nin davranış kodeksini pozmasının elan edilməsi – sözügedən 8 APD-nin Avropa Parlamentinə may ayında keçiriləcək növbəti seçkilərdə təkrar seçilmə şanslarına ciddi zərbə vura bilər.
Elxan Süleymanov
Elxan Süleymanov

AZƏRBAYCANIN REAKSİYASI

AvroNest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı Elxan Süleymanov APD-lərin davranışına aid hesabatlara çevik və acıqlı cavab verib:

«Seçkilərdən 4 ay keçməsinə baxmayaraq, belə iddialar bir sıra beynəlxalq güc mərkəzlərinin Azərbaycan üzərinə yeni üslub və kontekstdə təzyiq göstərmək niyyətindən xəbər verir. Bu beynəlxalq güc mərkəzləri Azərbaycanda oktyabrın 9-da keçirilmiş seçkilərin ardınca ölkəni avtoritar, hökuməti isə qeyri-legitim kimi təqdim etməyə çalışdı. Lakin onların məkrli niyyətləri baş tutmadı, Azərbaycan xalqı öz seçimini etdi. Qüdrətli ölkələrin və aşağıvəzifəli rəsmilərin əmrlərini yerinə yetirən ATƏT/DTİHB komandasından başqa, AŞPA və AP-nin seçki missiyaları da daxil olmaqla bütün beynəlxalq müşahidə missiyaları Azərbaycandakı prezident seçkilərinin demokratik və şəffaf bir şəkildə keçirildiyini təsdiq etdilər» – deyib Süleymanov.

PARÇALANMIŞ Aİ

Əlbəttə, Avropa Parlamentinin rəsmi monitorinq missiyası da, hazırda araşdırılan bəzi APD-lər kimi izaholunmaz nəticəyə gəlmişdi. Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti ilə birgə verilmiş bəyanatda deyilirdi ki, onlar «ədalətli, azad və şəffaf seçki prosesini» müşahidə ediblər. Bu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, habelə ölkənin ən böyük və ən çox təcrübəyə malik təşkilatı - Seçki Monitorinqi və Demokratik Araşdırmalar Mərkəzi də daxil olmaqla peşəkar müşahidəçilərin nəticələri ilə kəskin ziddiyyət təşkil edirdi.

7 oktyabr 2013 seçkiləri
7 oktyabr 2013 seçkiləri
Lakin nümayəndə heyətinin bəyannaməsi daha geniş Avropa Parlamenti tərəfindən dəstəklənməyib. 23 oktyabr 2013-cü il tarixli Avropa Qonşuluq Siyasətinə dair qətnamə ATƏT/DTİHB-nin nəticələrini qəbul edib:

«Avropa Parlamenti məyusluqla belə bir faktı bildirir ki, 2013-cü il oktyabrın 9-da keçirilmiş seçki bir daha ATƏT-in standartlarına cavab verməyib, sərbəst toplaşma və ifadə azadlıqlarına məhdudiyyətlər qoyulub. Biz bunlardan çıxış edərək, Azərbaycan hakimiyyətini ATƏT/DTİHB-nin hazırkı və keçmiş hesabatlarındakı tövsiyələrə çevik qaydada əməl etməyə çağırırıq».

Müşahidə missiyasının mövqeyi və bu mövqeyin daha geniş Avropa Parlamentində razılaşdırılmış dili Azərbaycanla münasibətlərdə insan haqları məsələsində bir qərara gələ bilməyən Avropa İttifaqında parçalanmanın bir çox nümunələrindən biridir. Ölkədən insan haqlarının vəziyyətinə dair hesabat tələb edən yuxarıda adıçəkilən qətnamə başqa maraqlardan-ələlxüsus da enerji maraqlarından zəif və uzaqdır.

Avropa Stabillik Təşəbbüsünün təsisçi sədri və «Kürü Diplomatiyası: Azərbaycan Avropa Şurasını necə susdurdu»«Rüsvayçılıq: Azərbaycan və seçki monitorinqinin süqutu» kimi hesabatların müəllifi Gerald Knaus deyir ki, «Son onillikdə ən narahatedici meyl Azərbaycanda avtokratiyanın və repressiyaların Qərb müdafiəçilərinin sayca artmasıdır. Bunun yeganə dərmanı vətəndaş cəmiyyətinin, media və başqa demokratların ayıqlığı və bu kimi halları faş edib, onlara meydan oxumasıdır. Yalnız bu, insan haqları normalarının tamlığını hifz edib qoruya bilər. Avropa Parlamenti onun mötəbərliyinə zərbə vuran «Kürü diplomatiyası» təhlükəsinə reaksiya verib».

Əlbəttə ayrı-ayrı deputatlardan etikalı davranmaları üçün məsuliyyət tələb edilməsi alqışlanmalıdır və bu, düzgün istiqamətdə atılmış, həm də çoxdan ehtiyac duyulan addımdır. Korrupsiyalı siyasətçilərin adlarının belə bədnam edilməsi və belə hərəkətlərə dözülməyəcəyi barədə mesaj verilməsi bu və Avropa Şurası kimi başqa qurumlarda daha geniş islahatların başlanğıc nöqtəsi ola bilər. «Kürü diplomatiyası» kimi praktikalara birdəfəlik və həmişəlik son qoyar.

ABŞ-ın Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Rebecca Vincent hazırda beynəlxalq insan haqları fəalıdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG