Keçid linkləri

Təcili xəbərlər

Bakıda sonuncu «Sovet» işarələrindən biri də sökülür


«Sovetski»
«Sovetski»
-
NİYƏ "SOVETSKİ" BAŞQA AD YOX?

Bəlkə də əvvəl ondan başlamaq lazım idi ki, sökülməyi qərarlaşdırılan "Sovetski" məhəlləsi çox özünəməxsus yerdir. Amma köhnə bakılı olmadığımızdan bu məhəllənin bu cür adlanmasının dürst tarixçəsini də bilmirik, ona görə də bu da bizə maraqlı göründü. Bir neçə adama bu sualla müraciət etsək də məntiqli bir cavab almadıq.

Ona görə də əvvəl öz qənaətimizi bölüşmək qərarına gəldik. Səhv etmiriksə, "Sovetski" bu cür adlanan və özündə sovet dövrünün möhrünü daşıyan sonuncu məkanlardan biridir.

Elə bu səbəbdən də söküntü bizə olduqca simvolik göründü- bəli, bu sonuncu böyük işarələrdən biri idi... Düzdür, Bakıda rus adları daşıyan hələ bir neçə məhəllə, onlarla küçə qalır. Amma onların arasında ən məşhurlarından biri elə "Sovetski" idi.

HƏR ŞEY METRLƏ ÖLÇÜLMÜR...

Bəs onun əsas spesifikası nədir? İnsanlar nədən etiraz edir? Əvvəlcə, onu deyək ki, hakimiyyətin qərarlarına zidd getməyə alışmamış bütün azərbaycanlılar kimi bu sakinlər də məhəllələrinin sökülməsinin əleyhinə deyillər. Onlar ədalətli ödəniş tələb edirlər. Adi həndəsi meyarları əsas götürən vəzifəlilər isə özlərini elə aparırlar ki, sanki heç bakılı deyillər və Bakı məhəllələrinin spesifikasını bilmirlər.
"Sovetski" sakinlərinin tək mənzil deyil, dolanışıq problemi də yaranacaq: onlar öz mənzillərini tələbələrə kirayə verirdilər. Bir çoxunun əsas gəlir mənbəyi bu idi.

Məsələ bundadır ki, başqa məhəllə tipli yaşayış məntəqələrində olduğu kimi "Sovetski"də də çoxlu xırda mənzillər var. Onlar bir deyil, iki deyil, çoxdur, lap çox...

Burada adi “metraj” psixologiyası yaramır. Hansısa başqa meyarlar lazımdır.

Əsas meyar odur ki, kiçik ya böyük, fərqi yoxdur, adamların evi vardı. İndi də insanları mənzillə təmin etmək lazımdır.

Çox güman ki, bu xəmir hələ çox su aparacaq. Zarafat deyil, söhbət minlərlə evin səkülməsindən, insanlara ödəniş edilməsindən gedir.

SOVETLƏRİN YADİGARI

Amma burada bizi bir başqa məqamlar da maraqlandırır. Maraqlıdır ki, keçmiş məhəllələrin çoxu rus adları ilə adlanırdı. Amma orada digər millətlər deyil, daha çox azərbaycanlılar yaşayırdı.

Sovetlərin yerli əhaliyə yadigar qoyduğu daha çox rus adlı məhəllələr idi ki, indi onlar da sökülür. Amma birbaşa sovet adı ilə adlanmasa da hələ bir neçə böyük məhəllə də qalır.

Düşünürük ki, bu adamların tək mənzil problemi deyil, dolanışıq problemi də yaranacaq: bu məhəllələrdə insanlar öz mənzillərini tələbələrə kirayə verirdilər. Bir çoxunun əsas gəlir mənbəyi bu idi.

HƏLƏ TƏLƏBƏLƏR DƏ VAR...

Burada bir məsələ də yadımıza düşdü. Tələbələri də əziyyətdən qurtarmaq, tələbə şəhərçikləri tikmək lazımdır. Sovet dövründən qalma yataqxanaları indi məcburi köçkünlər tutublar. Tələbələr isə mənzil kirayələməklə problemlərini həll edirlər. Bir çox hallarada da onlar mənzili məhz elə Sovetski tipli məhəllələrdə kirayələyirdilər, ona görə ki, yeni binalarda kirayə haqqı onların imkanı xaricindədir, böyükdür...
Qazaxıstanda yeni paytaxt tikdilər. Azərbaycanda isə bir paytaxtı hələ də yeniləyə bilmirlər.

Əslində şəhərin böyük yenilənmə planı olmalı idi. Yəqin ki, o, var. Ən böyük “gecəqondu” məhəllələrindən biri də şəhərin girəcəyindədir - Bakıda "Dvadsatıy" kimi tanınan məhəllə (20-ci yaşayış shəsi - red.).

Onun da maraqlı bir adı var, özü də rusca. Hər dəfə şəhərə daxil olarkən bu məhəllənin bərbad mənzərəsi, onun səliqəsizliyi az qala adamın gözünə girir.

QAZAXISTAN YENİ PAYTAXT TİKDİ...

Maraqlıdır ki, bu illər ərzində Qazaxıstanda yeni paytaxt tikdilər. Azərbaycanda isə bir paytaxtı hələ də yeniləyə bilmirlər.

Amma şəhər öz sovet keçmişi ilə vidalaşır. Fəqət, bəzən adama elə gəlir ki, o, öz şəhər keçmişilə də vidalaşmaq ərəfəsindədir. Yox, biz palçıqlı məhəllələri heç də şəhər adlanmağın əlaməti hesab etmirik.

Sovet dövründə insanların cibi boş, amma ürəkləri dolu idi. İndi tərsinə olub, cib dolur, ürəklər isə boşalır... Gələn il Bakı ilk Avropa olimpiya oyunları olimpiadasına sahiblik edəcək. O vaxta qədər şəhər öz simasını tapacaq, yoxsa elə yaddaşlarda tikilən şəhər kimi qalacaq?

Rusiya Soçi olimpiadasına çox xərclədi: kimi əlli milyard dedi, kimi altmış milyard dollar. Məsələ heç bunda da deyil. Azərbaycan hakimiyyəti də Bakının yenidən qurulması üçün bir vəsait ayıra bilərdi. Bəlkə də o vəsait ayrlıb, ya da ayrılacaq...
Bəli, Bakı da öz keçmişindən, özünün sovet keçmişindən ayrılmaq, qopmaq ərəfəsindədir. Bunu sürətləndirmək olmazdımı?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG