Keçid linkləri

-
ERDOGAN BEZDİ? YOXSA...

Türkiyənin baş naziri R.T.Erdogan bu günlərdə çox maraqlı bir bəyanatla çıxış etdi. Haqqında səslənən ittihamlara və tənqidlərə cavab olaraq baş nazir dedi ki, martın 30-da keçiriləcək bələdiyyə seçkilərində onun partiyası məğlub olarsa o, öz postundan istefa verəcək.

Doğrusu, bizi ən əvvəl Türkiyədə bələdiyyə seçkilərinə verilən önəm təəccübləndirdi. Azərbaycanda bələdiyyə seçkilərinə maraq o qədər azdır ki, bəlkə də bəzi müxalifətçilərin özləri belə bu il ölkədə bələdiyyə seçkisinin keçiriləcəyindən xəbəri yoxdur.

Bu, nəyin nəticəsidir? Bələdiyyələrə, yoxsa seçkilərə inamsızlığın? Bunu aydınlaşdırmaq elə də çətin məsələ deyil, bunların hər ikisi var. Elə hakimiyyətin özü də hələ də bələdiyyələrə Avropa Şurasının ölkəyə “sırıdığı” faydasız və artıq qurumlar kimi baxır.

BAŞ NAZİR VAXT İSTƏYİR...

Nə isə. Qayıdaq əsas mövzumuza-Türkiyəyə. Əslində baş nazirin bəyanatında rasional məqam var. R.T.Erdogan böyük siyasətə də bələdiyyələrdən gəlmişdi. Ona görə də indi deyə bilməz ki, bələdiyyə seçkiləri ona və partiyasına münasibətin göstəricisi deyil. Təbii ki, göstəricidir. Seçki, sözsüz ki, ədalətli və azad seçki, ən yaxşı sorğu və ən yaxşı testdir.

Elə bu səbəbdən də Erdogan və onun partiyası üçün bu seçki həm də etimad testi olacaq. Təqdirəlayiqdir ki, Türkiyədə obyektiv test sayıla biləcək seçkilər olur. Təəssüf ki, Azərbaycanda bunu demək elə də asan deyil.

Ola bilsin, baş nazir həm də vaxt qazanmaq istəyir. Amma bələdiyyə seşkilərinə bir aydan bir qədər az vaxt qalıb. Bu, elə də böyük interval deyil və ən yaxşı halda əsəb sakitləşdirici prosedurlar qəbul etmək üçün yetərli sayıla bilər.

İNDİ SEÇKİ OLSA...

O ki qaldı Türkiyənin ümumi siyasətinə, bəzi müşahidəçilərin fikrincə, indi Türkiyədə seçki keçirilsə (o cümlədən də bələdiyyə) böyük ehtimalla onu dini və millətçi partiyalar udacaq.

Amma Türkiyə siyasətində ilk baxışda baş nazirin partiyasından başqa bir leqal və güclü dini siyasi partiya tanınmır. Fəqət, elə Erdogan-ın da partiyası böyük siyasətə atılarkən bir o qədər də tanınmırdı.
İndi də ola bilsin, ölkə siyasətində bu qəbildən olan elə partiyalar var ki, onlar özlərini təsdiq edə bilməyiblər və hələ bundan sonra öz güclərini göstərəcəklər. Siyasətdə hər şey ola bilər, necə deyərlər, hər anın öz hökmü olur.

Ənənəvi siyasi strukturlardan bir qədər kənara çıxsaq, çağdaş Türkiyənin siyasətində ciddi bir F.Gulen fenomeni müşahidə edilir. Bu fenomen başqa vaxt bir o qədər də sezilmirdi, hazırda isə hamı ondan danışır.

Elə R.T.Erdogan da özünün əsas müxalifəti kimi bu qüvvəni görür, son vaxtlardakı uğursuzluqlarını onun adı ilə bağlayır.

İndiki hakim partiya bu bir neçə ildə gələcək üçün düşünməyə xeyli mövzu verdi. Partiyaları biri-birindən fəqrləndirən adların və ideologiyaların arxasında nə dayanır? Bu, bir şərtilikdir, yoxsa həqiqətən də real fərqlər var?
Bu sualların birmənalı cavabını verə bilmərik, hələ çox şey durulmalı, aydınlaşmalıdır. Əslində ilk baxışda Türkiyə siyasəti bütün spektrlərdən olan dini və milli partiyaları sınaqdan keçirib. Ədalət və İnkişaf Partiyasından əvvəl Rifah, ondan əvvəl Milliyyətçi Hərəkat Partiyası olmuşdu. Bəlkə də bu spektr sağçı, mühafizəkar partiyaların bütün palitrasını özündə ehtiva etmir.

Əgər R.T.Erdogan seçkini uduzarsa və istefa verərsə, siyasətdə “gülənçilər”in, başqa sözlə, desək, “nurçu”ların triumfunu proqnozlaşdırmaq elə də çətin bir iş deyil.

Amma burada bir məsələ qaranlıqdır: “Nurçu”lar kimdir? Bu, bir dini-ideoloji sektadır, yoxsa özündə siyasi partiyalara xas olan keyfiyyətləri də ehtiva edir?

Bəzən “türk masonları” adlandırılan “nurçu”lar haqqında hələ açılmamış və deyilməmiş çox məqamlar var ki, onlara yalnız zaman aydınlıq gətirə bilər, çünki siyasətdə triumf ilə çöküş arasında da bir zaman intervalı olur.

İnsanlar müxalifətçi kimi dəstək verdiklərini bir gün hakimiyyət kimi yola salırlar. Elə bil siyasətin də öz karuseli, onun da yüksəlişi və enişi olur. Ən maraqlısı isə odur ki, adi insanlar və siyasətçilər biri-birini yüksəlişdə daha yaxşı və daha ətraflı tanıyırlar.

Bu məntiqlə yanaşanda tanınmaları üçün “nurçu”ların da bir yüksəlişi olmalıdır. Necə deyərlər, kimisə tanımaq istəyirsənsə, ona hakimiyyət ver...


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG