Keçid linkləri

-
Dəyişiklikdən sonra yenidən Kiyevə gedirdim. Hansı dəyişikliklə üzləşəcəyimi heç düşünməmişdim, amma ilk sürprizlə elə hava limanında rastlaşdım. Bir ay öncə burada 20 dəqiqə saxlamışdılar məni. Kiyevə niyə gəldiyimi, nə edəcəyimi, harada qalacağımı uzun-uzadı soruşub qeyd götürmüşdülər. Təbii ki, jurnalist olduğumu gizlətmiş, «bir dostumuzun xeyir işi var, ona görə gəlmişik» deyərək, yaxamı qurtarmışdım. Şişirdib eləmirəm, belə ünsiyyət o qədər də ürəyimdən deyildi, çünki məni sorğu-suala tutanların sir-sifətindən zəhrimar tökülürdü...

...Bu dəfə tam fərqli personal qarşıladı məni. Gömrük işçiləri uniforma geymişdilər, hamısı da gənclər idi. Pasportuma möhür vurularkən gömrükçü xanımın da sualını tam doğru cavabladım: «Fotojurnalistəm, çəkilişə gəlmişəm. Krıma getməyə çalışacağıq. Ona görə dəqiq ünvan deyə bilmirəm».

Xanım anlayışlı baxışla belə cavab verdi: «Məsləhət görmürəm ora getməyi. Təhlükəlidir, jurnalistləri oğurlayırlar. Oğurlamasalar da texnikanızı qıracaqlar»...

ƏSƏBİ MAYDAN

«Maydan», yəni meydan həmin meydan idi. Əllərində gül-çiçək tutan insanlar üzü «Maydan»a axışırdılar... Çoxminlik mitinqlər yenə izdihamlı və əzəmətli görünürdü. Düzdür, bir ay əvvəlki ilə müqayisədə insanlar aqressiv təsir bağışlayırdılar. Çəkiliş zamanı bir neçə dəfə bizə yaxınlaşıb «məni çəkməyin» deyənlər də oldu. Təbii ki, onları anlamaq olar – xatirələrini danışmaqdan bezən savaş veteranları və ya qoca hərbçilər kimi hər jurnalistə görüntü verməkdən, olub-bitənləri bir də başdan danışmaqdan yorulublar. Bir səbəb də şəhərdə gərginliyin artmasıdır. Yəni Kiyev tikan üstündədir. Bunu ilk gecə bir hadisədən görmək olardı: Dostlarla gecə «Maydan»a yaxın bir yeməkxanadaydıq. Yanaşı masada iki hərbçi (sonradan dəstə rəhbəri olduqlarını öyrəndik) də vardı. Onlar çox səbirsiz görünür, yeməyi də sürətlə yeyirdilər. Qəfildən hərbi geyimdə bir nəfər içəri girərək onlara yaxınlaşdı və nəsə dedi. Oturanların ikisi də dik ayağa durub küçəyə qaçdılar. Oranı rahat görə bilirdik. Bir neçə dəqiqədən sonra bizim qarşımızdan – pəncərənin önündən qaça-qaça bir qrup hərbi geyimli keçdi. Silahları vardı. Daha sonra həmin iki hərbçi yeməkxanaya geri dönərək yeməyə davam etdi. Yoldaşlarımızdan biri onlarla ünsiyyət quranda bildirdilər ki, Kiyevə turist adıyla çox sayda desant və «tituşki» gətirilib. Onlar «Maydan»ın, dövlət binalarının ətraflarında yerləşdirilib, orda yaşayırlar. Bəzi məlumatlar var ki, onlar ilk fürsətdə dövlət binalarına hücum edəcəklər...

KÖNÜLLÜ QVARDİYA

Bir hərbçi ilə söhbət əsnasında anladım ki, ordunun yenidən qurulmasına ciddi ehtiyac var, çünki ordu mütəşəkkilliyini itirib. Bu üzdən könüllü birliklər yaratmaq üçün işlər görülür. Kiyevin istənilən küçəsində fotodan gördüyünüz bu səhnəyə rast gələ bilərsiniz: Masa başındakı hərbçi yaşı 18-dən yuxarı könüllüləri «Könüllü Qvardiya»ya yazır. Yazılanlar da yetərincədir.

GÜLDÜRÜLƏN «MAYDAN»

Nə qədər gərgin olsa da, «Maydan»da şən insanlar da var. Onlar müxtəlif heyvanların «cildinə girir», yolötənləri qucaqlayır, güldürür, birgə şəkil çəkdirirlər. Bəzən onlara pul verən olur, bəzən də onlar bu işin müqabilində pul istəyir, pulu «Maydan» üçün topladıqlarını deyirlər. Hər halda «Maydan»da, belə bir atmosferdə onları görmək dağ kəndində yaşayan bir uşağın Bakıdakı sevincini görmək qədər ürəkaçandır.

(Ardı olacaq)
XS
SM
MD
LG