Keçid linkləri

-
İLK TROLLEYBUS 1882-Cİ İLDƏ XƏTTƏ ÇIXDI...

İnternetdən əvvəlki dövrdə «troll»dan xəbərsiz olsam da, «trolleybus» sözünü bilirdim. Hətta ona dəfələrlə minmişdim də (ah, o ekoloji təmiz günlər!...). Lüğətlərdən bunu da bilirdim ki, ingiliscə «trolley» – təmas xətti və «bus» – avtobus sözlərinin birləşməsindən törənən «trolleybus» elektriklə çalışan nəqliyyat növüdür. İlk dəfə 1882-ci ildə Almaniyada yaradılıb xəttə qoşulan trolleybus 20-ci əsrin ortalarından Bakıda da peyda olmuş və paytaxtın indiki «meri»nin vaxtında, həm həyatdan, həm də yaddaşdan silinmişdi.

«Troll»un nə olduğunu xeyli gec anladım. Əvvəllər musiqi və daha çox balıqçılıqla ilgili mənalarını bilirdim. Bilməyənlərə xatırladım: «troll» – bir-birini izləyən bir neçə səslə mahnı oxumaq; nəqərat söyləmək; tilov atıb suda balıq tutmaq deməkdir...

İLK TROLL 1980-Cİ İLLƏRDƏ YARANDI...


1980-ci illərdə Bakıda yayxana-yayxana və ya «buynuzları» xətdən çıxarkən, deyinə-deyinə trolleybusla gedərkən, internetli ölkələrdə bəzi adamlara «troll» deməyə başladılar. Niyyəti adamları qıcıqlandırmaq, yanıltmaq, qəzəbləndirmək, hövsələdən çıxarmaq, nəyəsə təhrik etmək olan şəxslər «troll» adlandı. Bu trollar internetin «söhbət guşələri»ndə, günlük bloqlarda, dartışma forumlarında yuvalanmışdılar...

...Daha öncə yaransa da, «troll»arın doğum tarixi, adətən, internetin danılmaz gerçəyə çevrildiyi 1991-ci ildən hesablanır. İndi ən müxtəlif sözlüklərdə «troll» anlayışının daha çox bu açıqlamalarına rast gələrsiniz:

Troll – anonim, yəni kimliyini bildirməyən internet təxribatçısıdır. Qalmaqallı, qızışdırıcı müdaxilələri var;

Troll – diqqətyayındırıcı və yalnız sataşmaq niyyəti güdən internet istifadəçisi;

Troll – internetdə qəsdən təxribat xarakterli məqalə və şərh yazan adam.

Troll – internetdə qalmaqal hədəfli, təxribat xarakterli yazı və şərhlər.

Gördüyünüz kimi, bəzən şəxslərə deyil, onların yazdıqlarına da troll deyilir.

MEDİA NƏ VAXT TROLLAMAĞA BAŞLADI?

İnformasiya ötürməyin yeni kanallarına söykənən yeni media bütövlükdə jurnalistikanın ideologiyasını dəyişməkdədir. Bu halda, istər-istəməz, sualla üzləşirik: Yeni jurnalistikanın ideologiyası nədir? Bu sualı tez-tez eşitdiyimdən yazıram. Ən çox da yaşlı, yəni yaşıd həmkarlarımdan eşidirəm. Bəlkə həmin suallardan can qurtarmaq, bəlkə də sınaqdan keçirmək üçün bu dəfə cavabımı açıq bölüşmək istəyirəm.

Çoxbaxışlılıq və xoşniyyətli yanaşmadan məhrum Azərbaycan mediasını troll birləşdirir və bu «troll» deyilən nəsnə ona can və qan verir. Yeni jurnalistikamızın ideologiyası da elə bu «troll», «trollama» və ya «trollinq»dir.

«Axı nədir e, bu troll?» – deyə sizdən soruşsalar, çox sadə bir cavab da verə bilərsiniz: «Adamı haldan çıxaran sual». Bax bu, əsl trolldur... Təbii ki, söhbət məlumatlandırmaq və ya anlatmaqdan deyil, nəyin bahasına olur-olsun, diqqət çəkməkdən gedirsə...

Yaxşı, bəs «troll» niyə yarandı, onu kim xoşlayır, onsuz ötüşmək olmaz? «Troll»un, özəlliklə troll jurnalistin nə ziyanı var, kimə ziyanı var?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG