Keçid linkləri

-

Elə hadisələr var ki, illər də onları uzaqlaşdırmır. Ha çalışırsan ki, həmin illərin cazibəsindən, əsarətindən qurtulasan, alınmır ki, alınmır... 93-cü ilin iyun hadisələri, xüsusən də 4 iyun da belələrindəndir.

O hadisələr ərəfəsində və dövründə baş verən prosesləri çox araşdırmağa çalışmışıq. Hər dəfə də adam özündən asılı olmayaraq geosiyasi məqamları önə çəkməyə məcbur olur. Amma bunlar yeganə məqamlar idimi?

Dərindən fikirləşəndə bu suala «hə» deyə bilmirsən. Qərəz, AXC hakimiyyəti iyun hadisələrini niyə uduzdu?

HAMI ÖZÜNÜ LİDER HESAB EDİRDİ...

Bəlkə də ən birincisi ona görə ki, bu siyasi qüvvə dövlət üçün zəruri olan şaquli idarəçiliyi, hakimiyyət pilləkənini qura bilmədi, subordinasiya yarada bilmədi. Bəli, yalnız o hakimiyyətin dövründə adi polis serjantı idarədə, insanların gözü önündə prezidenti ən təhqiramiz ifadələrlə söyə bilərdi, başqa hakimiyyətin dövründə, fərqli situasiyada bunu fərz etmək belə çətindir.
Görmüşdük ki, prezident, baş nazir, uzağı nazir istefa verər. Amma o vaxt ən kiçik məmur belə özünü yüksək hakimiyyət eşelonunda hiss edirdi...


Hamının «bəy» və hamının «lider» olduğu situasiyada hakimiyyət şaqulundən danışmağa belə dəyməzdi – azacıq qınan kimi o vaxt dərhal istefa ərizəsi təqdim etmək adi hal idi. Özü də ucdantutma hamı öz həmkarlarını istefa verəcəyi və müxalifətə keçəcəyi ilə təhdid edirdi. İstefa sözü də ucuzlaşmışdı.

Görmüşdük ki, prezident, baş nazir, uzağı nazir istefa verər. Amma o vaxt ən kiçik məmur belə özünü yüksək hakimiyyət eşelonunda hiss edirdi...

MƏMUR OLMAQ BU QƏDƏR ÇƏTİN İDİMİ?

Dövlətin siyasətini siyasətçilər müəyyən edir, məmurlar isə onu həyata keçirirlər. O dövrün ən böyük səhvlərindən biri həm də bu idi ki, o vaxt idarə edənlər məmur ola bilmədilər. Özləri üçün hətta «bəraət» də düşünmüşdülər – «cəbhəçilər kabinetlərə sığa bilmir!»... Əslində isə cəbhəçi deyilən zümrə kabinetlərə ona görə sığa bilmirdi ki, adi ərizəyə, sənədə dərkənar qoya bilmir, insanları idarə etməyi bacarmırdılar...

Nə qədər qəribə olsa da, o vaxtın inqilabçılığı və inqilabçıları da indi yalnız ironiya doğura bilər.

İnqilab bəzən onun idealları uğrunda ölməyi bacarmağı da tələb edir. Amma onlar inqilab naminə nə yaşaya, nə də ki, ölə bildilər. «Meydan adamı» ifadəsini təhqiramiz hesab etmirik. Amma onun müsbət yükü də bir o qədər çox deyil.

Bəlkə də onun nəticəsi idi ki, o vaxt prezident də bütün səlahiyyətlərə malik olmasına rəğmən öz silahdaşlarını gəncləri başına toplayaraq onlara qarşı üsyan edəcəyi ilə hədələyirdi. Halbuki, onun prezident kimi bütün səlahiyyətləri vardı və o, bu səlahiyyətlərdən istifadə edərək istənilən adamı vəzifəsindən uzaqlaşdıra bilərdi. Amma o, bunu etmir və ya etməyi bacarmırdı...
Amma səhv təkcə o vaxtkı cəbhəçilərdə deyildi. Təsəvvür edin, böhrandan çıxmaq üçün hakimiyyətə dəvət edilən şəxslər qiyamçılara qoşuldular. Bu, o dövrün ən böyük absurdlarından biri idi.

Ola bilsin, indi, hadisələrin üstündən 21 il ötəndən sonra hər şey başqa cür görünür. Amma lideri prezident olan təşkilatın müxalifətdə qalmasının nə qədər gülünc olduğunu başa düşmək üçün 21 il ötməsinə elə də ehtiyac yox idi. Əvvəldən məlum olmalı idi ki, AXC artıq hakimiyyətdədir və onun hakimiyyətdə olan təşkilata da uyğun ritorikası və davranış tərzi olmalıdır.

Bu yaxınlarda «Nestor Makhno-nun doqquz həyatı» filminə baxırdıq. Həmin an anarxist çağırışlar və şüarlar bizə tanış gəldi, bircə fərqlə ki, Nestor Makhno və onun silahdaşları öz idealları uğrunda vuruşmağı bacarırdılar...

AXC DƏVƏT ETDİ, AMMA...

Amma səhv təkcə o vaxtkı cəbhəçilərdə deyildi. Təsəvvür edin, böhrandan çıxmaq üçün hakimiyyətə dəvət edilən şəxslər qiyamçılara qoşuldular. Bu, o dövrün ən böyük absurdlarından biri idi. Elə AXC özü də bir həftə keçəndən sonra hakimiyyətə dəvət etdiyi insanlara qarşı etiraz mitinqinə çıxdı....

Bir az əvvəl Nestor Makhno haqqındakı filmi xatırlatdıq. O vaxt ukraynalılar bolşeviklərin əlindən Makhno-nun yanına qaçırdılar. Bunu kazak psixologiyası baxımından başa düşmək olar - kazaklarda tarixən özünüidarə çox güclü olub. Bəlkə də bolşeviklər məhz buna görə Makhno-nu özləri üçün hətta ağ qvardiyaçılardan da təhlükəli hesab edirdilər.

Amma Azərbaycanda kazaklar yaşamırdı və anarxist psixologiya burada qərar tuta bilməzdi. Azərbaycanda insanlar ən çox, hətta azadlıqdan da çox stabillik və sabitlik arzulayırdılar və buna görə hətta azadlıqlarından da keçməyə hazır idilər.

Təsadüfi deyil ki, o vaxt, iyun günlərində parlamentdə səslənən bir populist sual – «Nə istəyirsiniz bu xalqdan?» sualı insanların ürəyinə yağ kimi yayıldı, çünki hamı belə hesab etdi ki, xalqın «sahibi» artıq gəlib...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG