Keçid linkləri

Təcili xəbərlər

Recep Tayyip Erdoğan prezidentliyə doğru gedir...


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

-

Gözlə

No media source currently available

0:00 0:04:26 0:00
Direct-ə keçid

MAYDA AÇIQLAMALI İDİLƏR, İNDİ DEDİLƏR...

Əslində bu, bir ay əvvəl olmalı idi. Mayın sonlarında hakim AKP partiyası özünün prezidentliyə namizədini açıqlamalı idi. Amma o vaxt bu baş tutmadı. Hətta əsas müxalifət partiyaları bu məsələdə hakim partiyanı qabaqladılar - onlar Ekmeleddin İhsanoğlunu özlərinin prezidentliyə namizədi elan etdilər.

Hakim partiya isə yalnız srağagün özünün namizədini elan etdi - bu, baş nazir Recep Tayyip Erdoğan oldu.

Ekmeleddin İhsanoğlu
Ekmeleddin İhsanoğlu

İndi artıq seçkidə qeyri-müəyyənlik qalmayıb. Avqust ayında elektorat özünün istədiyi namizədi seçməlidir. Amma Recep Tayyip Erdoğanın şansları haqqında bəzi təhlilçilər bir qədər ehtiyatla danışmağa başlayıblar. Onlar hesab edir ki, müxalifət çox uğurlu namizəd tapıb. Məsələ bundadır ki, Ekmeleddin İhsanoğlu dini dəyərlərə önəm verən elektoratın bir hissəsinin səslərini almağa qadir siyasətçi hesab edilir. Bu hadisənin xüsusən əyalətlərdə baş verəcəyi güman edilir.

Amma bizə elə gəlir ki, təhlilçilər öz nəticələri ilə tələsirlər. Recep Tayyip Erdoğanın partiyası son bələdiyyə seçkilərində möhtəşəm qələbə qazandı. Bu hadisəyə qədər müəyyən tərəddüdlər vardı. Amma bələdiyyə seçkisi baş nazir üçün mühüm siyasi test oldu. Seçkidən bir qədər əvvəl o demişdi ki, partiyası bələdiyyə seçkilərini uduzarsa, siyasətdən gedəcək. Amma partiya seçkini nəinki uduzmadı, hətta ciddi qələbə qazandı. Bu isə o deməkdir ki, söz-söhbətə baxmayaraq, Recep Tayyip Erdoğanın və partiyasının seçici kütləsi arasında hələ də çox böyük nüfuzu var.

İSLAMÇI İSLAMÇIYA QARŞI...

Ekmeleddin İhsanoğlunun şanslarını hərtərəfli, ətraflı şəkildə qiymətləndirməyə çətinlik çəkirik. Amma güman edirik ki, o, indiki baş nazirlə bacarmayacaq. Recep Tayyip Erdoğan çox ciddi rəqibdir.

Amma nə bilmək olar? Bu, seçkidir. Bəzən seçici rəğbəti olan adamı yalnız bir statusda, bir rolda görməyə üstünlük verir.

Amma, necə deyərlər, qatar artıq gedib. Partiyasının nizamnaməsi Recep Tayyip Erdoğana bir daha baş nazir olmaq imkanı vermir. Üstəlik baş nazir də seçimini edib, prezidentliyə namizədliyini irəli sürüb. Görünür, elektorata Recep Tayyip Erdoğanın prezident olması ilə hesablaşmaq lazım gələcək.

ABDULLAH GÜL BAŞ NAZİR OLMAĞA RAZILIQ VERƏCƏKMİ?

Abdullah Gul və Recep Tayyip Erdoğan
Abdullah Gul və Recep Tayyip Erdoğan

Burada bir məsələni də qeyd etmək lazım gəlir. Prezidentliyə real namizədlərdən biri də indiki prezident Abdullah Gül idi. Amma hələ mayda yazmışdıq ki, Recep Tayyib Erdoğan prezident olmaq istərsə, ona bu faktla hesablaşmaq lazım gələcək. Ona görə ki, baş nazirin partiya daxilində nüfuzu daha böyükdür. Ən azı ona görə ki, bu, onun partiyasıdır və o, partiyanı hələ heç kimə güzəştə getməyib.

Amma Recep Tayyip Erdoğan prezidentliyə öz namizədliyini irəli sürəndən sonra gələcək siyasi koalisiya haqda söhbətlər çoxalıb. Bir çoxu indiki prezidenti Recep Tayyip Erdoğanın gələcək kabinetində baş nazir kimi görür.

Amma Abdullah Gül buna nə deyir? İndiki prezident bir dəfə demişdi ki, o, Recep Tayyip Erdoğanın Medvedevi olmaq istəməzdi. Amma kim bilir? Vaxt keçir, siyasi planlar dəyişir. Ən azı ona görə ki, bu, siyasətdir, bir çox hallarda hakimiyyət hissi siyasətçiləri öz planlarına yenidən baxmağa sövq edir...

İLK DƏFƏ ÜMUMXALQ SEÇKİSİLƏ...

Arxiv foto: Türkiyədə parlament seçkiləri
Arxiv foto: Türkiyədə parlament seçkiləri

İndiki prezident seçkisinin müəyyən özəllikləri də var. Ötəri olsa da, bu haqda da bir cümlə deməyə dəyər. Türkiyə ilk dəfədir ki, ümumi seçki yolu ilə prezident seçməyə hazırlaşır. Əvvəllər prezident parlamentdə seçilirdi. Bunu Türkiyə siyasi həyatının son yeniliklərindən biri kimi qiymətləndirmək olar.

O ki qaldı Abdullah Gülə, o da hələ siyasəti tərk edəcək dərəcədə yaşlı deyil və böyük ehtimalla növbəti siyasi tandem baş tutacaq – Abdullah Gül də Recep Tayyip Erdoğanın kabinetində yer alacaq. Amma hadisələri qabaqlamağa elə də ehtiyac yoxdur. Avqust ayına çox qalmayıb. Avqustdan sonra bir çox məsələlər aydınlaşacaq.

Əsas odur ki, prezident seçkisi ölkənin siyasi həyatında elə də böyük dəyişikliklər vəd etmir. Artıq qeyd etdiyimiz kimi, Ekmeleddin İhsanoğlu da islami dəyərlərə önəm verən siyasətçidir. Onun xarici siyasət kursunu da təxmin etmək çətinlik törətmir - böyük ehtimalla o, da islam ölkələrilə əməkdaşlığa üstünlük verəcək, onun bu vaxta qədərki siyasi təcrübəsi belə deməyə əsas verir.

Recep Tayyip Erdoğan belə hesab edirdi ki, Türkiyə keçmiş Osmanlı hüdudlarında daha fəal olmalıdır. Ancaq bu, Recep Tayyip Erdoğana nəsib olmadı. Ola bilsin, seçicilər bunun da hesabını soracaqlar. Kim bilir?...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG