Keçid linkləri

Təcili xəbərlər

Siyasət tək söz oyunu deyil...


Bidzina Ivanishvili və Giorgi Margvelashvili
Bidzina Ivanishvili və Giorgi Margvelashvili

-

Gözlə

No media source currently available

0:00 0:04:51 0:00
Direct-ə keçid

KÖLGƏLƏR GÜNORTA YOX OLUR...

Deyilənə görə, təbiət elə qurulub ki, bir-ikisi istisna olmaqla bütün canlılar işığı sevir. Və bütün canlılar ona doğru can atır. Yəqin burada da təbiətin hansısa çox dərin bir hikməti gizlənib. Kim bilir, bəlkə bu da təbiətin elə bir sirridir ki, hələ uzun müddət özünü gizlədəcək?

Amma o, nə qədər maraqlı və cazibədar olsa da, bu yazı da siyasətdən olacaq. Gərəkdir ki, bəri başdan bunu etiraf edək. Amma nə yazıqlar ki, siyasətdə işıq az qalıb, insan həyatının bu sferasında hələ ki qaranlıq və ya kölgəlikdir.

Kölgələr isə ya günorta, ya da üzü Günəşə doğru dayananda yox olur. Ona görə də «İnsanlar siyasətdən niyə üz çevirib?» deyə soruşmaq lazım deyil. O vaxt ki, siyasətə işıq gələcək, bax, onda hamı üzünü ona çevirəcək.

Bilmirik bu, nə vaxt olacaq, bəlkə də biz onu heç görməyəcəyik. Axı siyasətin nurlu çağları da yüz ildə bir dəfə, ya da uzağı iki dəfə olur. Nurlu adamlar siyasətə gəlir, onun özünü və onun haqqında təsəvvürləri dəyişirlər... Sonra da gedirlər, bir daha yüz ildən sonra qayıtmaq üçün...

BİR ÖMÜRDƏ BİR NEÇƏ SİYASƏTÇİ HƏYATI...

Baxanda görürsən ki, qaranlıqlar tək yaşadığımız ölkənin siyasi həyatında deyil. Elə başqa yerlərdə də belədir. Bu yaxınlarda eks-prezident Eduard Shevardnadze vəfat etdi. Hətta biz də təsirli bir yazı ilə bu hadisəni diqqətə çəkmək istədik. Ona görə ki, Eduard Shevardnadze bir ömürdə bir neçə siyasətçi həyatı yaşamışdı və onlardan ən azı biri təqdirəlayiq idi. Gürcüstanda hakimiyyətdə olan və olmayan siyasətçilər də ona böyük ehtiram göstərdilər. Düz də elədilər...

SAKİT! İSTİNTAQ GEDİR...

Amma bəs indi nələr baş verir, indi nə edirlər? Sabiq prezident Mikheil Saakashvili-ni istintaqa çağırırlar. Təbii ki, bu adam mələk deyildi. Amma, bağışlayın, heç Shevardnadze də mələk deyildi. O şeyi ki, Saakashvili etdi, onu Shevardnadze bacarmamışdı - Saakashvili seçkidə uduzduğunu etiraf etmək üçün özündə güc tapdı və etdi də. Bu, Qafqazda ilk belə hadisə idi.

O vaxt, Gürcüstandakı proseslərin qaynar çağında, yazmışdıq ki, hakimiyyəti elə almaq lazımdır ki, onu verən peşman olmasın. Amma təəssüf ki, həmişə belə olmur. Səbəbi bəlkə elə budur ki, demokratiyalar zamanı hakimiyyətə siyasi qalmaqallarla və necə deyərlər, hay-küylə gəlirlər.

Aydındır ki, bir müddət, ən azı ətalət üzrə belə bir vəziyyət davam etməlidir. Bunu başa düşmək çətin deyil. Amma siyasəti həmişə öz rəqibinin ifşası üzərində qurmaq da olmaz.

NƏ ETMƏK LAZIM GƏLDİYİNİ BİLMƏYƏNDƏ...

Yeni hakimiyyətlər, hakimiyyət olimpinə yenicə yüksələnlər özləri heç nə edə bilməyəndə belə bir mif yaradırlar ki, guya əvvəlki hakimiyyət hər şeyi tamam alt-üst edib, hər şeyi dağıdıb və bütün bunları bərpa etmək üçün nəinki bir prezidentlik müddəti, hətta heç ikisi də bəs etmir.

Mikhail Saakashvili
Mikhail Saakashvili

Amma həqiqətdə belədirmi? Əlbəttə ki, yox. Axı Gürcüstan çox da uzaq deyil və hamımız bilirdik ki, Mikheil Saakashvili çox iş görmüşdü. İndi bunların hamısını danmaq olarmı?

O vaxtlar deyirdilər ki, Eduard Shevardnadze-nin hakimiyyəti Tbilisidən o yana keçmir. Həqiqətən də belə idi. Mikheil Saakashvili bu sərhədləri xeyli genişləndirdi, Gürcüstanın Acarıstandakı suverenliyini bərpa etdi. Ölkədə əsl qayda-qanun yaratdı. Bunları danmaq olarmı?

Elə Azərbaycanda da eyni tendensiya davam edir. Yeni Azərbaycan Partiyası 21 ildir hakimiyyətdədir. Amma 21 ildir ki, AXC hakimiyyətini bir ildə törətdiyi dırnaqarası cinayətlərə görə ittiham edir. Axı bir ildə nəyi dağıtmaq, nəyi uçurmaq və necə uçurmaq olardı ki, onu 21 ildə bərpa etmək mümkün olmasın?

Maraqlıdır, Gürcüstandakı hakimiyyətin Mikheil Saakashvili-yə bu qədər «diqqət» ayırmasının səbəbi nədir? Çox sadədir. Heç nə edə bilmirlər. Bidzina İvanishvili hakimiyyətə gəlişi ərəfəsində daha nələri vəd etməmişdi? İnsanlar hələ də Gürcüstanda sovet dövründən qalma zavodların işə düşməsini gözləyirlər...

Amma nə yaxşı ki, B. İvanishvili öz vədlərindən yalnız birinə əməl etdi - hakimiyyətdən getdi, Gürcüstan elektoratına yeni prezident seçməyə mane olmadı...

Amma yeni prezident nəsə etməlidir. Etməlidir, fəqət, edə bilmir. Əslində bu və ya başqa şəkildə Mikheil Saakashvili-nin siyasi kursu davam etdirilir. Hətta Avropa Birliyilə assosiativ sazişi bu ilin payızında imzalamaq nəzərdə tutulurdu. Amma yeni prezident Rusiyanın təzyiqlərinə preventiv cavab olaraq onu iyul ayına keçirdi.

İndi məlum olur ki, Mikheil Saakaşvili Qərb haqqında nə demişdisə çoxu şişirtmə oldu, amma Rusiya haqında nə demişdisə hamısı doğru çıxdı. İndiki hakimiyyətin də rastlaşdığı ən böyük həqiqət və problem də elə budur – Saakaşvili-nin Rusiya haqda dedikləri çin oldu...

Əslində yeni prezident Georgi Margelashvili özündə güc tapıb bunu etiraf etməli və Mikheil Saakashvilidən əl çəkməlidir. Ən azı ona görə ki, o, bütün prezidentlik müddətini M. Saakashvili-nin «ifşası» üzərində qura bilməyəcək... İnsanlar tək keçmişlə yaşamır, təzə söz də eşitmək istəyirlər.

Təbii ki, çətindir. Gürcüstan kimi yerdə, özü də belə bir geosiyasi regionda nəsə etmək həqiqətən olduqca çətindir. Amma başqa yol yoxdur. Ən azı ona gərə ki, siyasət tək söz oyunu deyil, həm də bir işdir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG