Keçid linkləri

Təcili xəbərlər

Bir səma nəğməsi...


Sent Ekzupery
Sent Ekzupery

-

Amma bizdə necədir? Nəinki yazıçı, hətta iyirmi iki yaşlı jurnalist də belə hesab edir ki, o, insanlara necə yaşamağı öyrədə bilər.

Publisistikanın gözdən düşməsinin bir səbəbi də bəlkə bu oldu – insanlar bir növ mətbuatdan iyrəndilər...

Gözlə

No media source currently available

0:00 0:04:09 0:00
Direct-ə keçid

SEVDİKLƏRİN TƏHLÜKƏDƏ OLANDA...

Dünyanın elə həqiqətən də çox qəribə işləri var. Heç də hər şey buralarda olduğu kimi olmayıb və indi də belə deyil. Dostları ondan müharibəyə getməməyi xahiş edirdilər. Deyirdilər ki, o, bir yazıçı kimi Fransaya daha çox şöhrət qazandıra bilər. Amma o, fikrində qəti oldu, müharibəyə getdi.

Dostları ondan müharibəyə getməməyi xahiş edirdilər

Özü də bu istəyini çox, olduqca lakonik şəkildə ifadə etdi: «Mən bu müharibədə iştirak etməliyəm. Ona görə ki, mənim sevdiyim hər şey indi təhlükədədir...».

Düşünürük ki, bəli, bir insanın, bir vətəndaşın öz Vətənini müdafiə etmək istəyini əsaslandırmaq üçün bundan tutarlı bir dəlil tapmaq çətindir: «Mənim sevdiyim hər şey təhlükədədir»...

«Hər şey» ifadəsi özündə çox şeyi ehtiva edir. «Hər şey» doğmalar, yaxınlar, ölkən, şəhərin, kəndin, hətta sevimli küçən, sevdiyin kafe deməkdir. Əgər bu şeyləri başqa bir yerdə tapmayacağına əmin olsan, Vətən sənə əziz olacaq. Əgər düşünsən ki, yox, onları başqa yerdə də tapmaq mümkündür, onda səndən bəlkə də yaxşı alim, mühəndis, yazıçı, daha nə bilim, kim çıxar, amma heç vaxt əsl vətəndaş və yaxud da şair demişkən, «vətən daşı» çıxmaz...

Amma yəqin indi hamınız düşünürsünüz ki, bu, görən yenə də hansı yazıçının ətəyindən belə bərk-bərk yapışıb? Tələsməyin, deyəcəm...

BİR KİTABI AZI İKİ DƏFƏ OXUYUN...

Bəri başdan deyim ki, mən onu uşaqlıqda, sonra da tələbəlik illərində oxumuşdum. Sizə deyim ki, təsadüf elə gətirdi ki, mən uşaqlıqda oxuduğum bir çox yazıçıları sonradan, yetkinlik yaşında bir daha oxudum...

...onda səndən bəlkə də yaxşı alim, mühəndis, yazıçı, daha nə bilim, kim çıxar, amma heç vaxt əsl vətəndaş və yaxud da şair demişkən, «vətən daşı» çıxmaz...

Düşünürəm ki, bu, çox vacibdir. Bəli, riyaziyyatı, fizikanı erkən yaşlarında öyrənmək və hətta başa düşmək mümkündür. Amma ədəbiyyat üçün zaman lazımdır, elə əsərlər var ki, onları başa düşmək üçün vaxt lazım gəlir. Bəli, kimsə lovğalanıb deyə bilər ki, mən on yaşımda «Anna Karenina»nı oxumuşdum. Amma bu, olsa-olsa, gülüş doğura bilər, çünki elə mətləblər var ki, onlar yalnız yaşla gəlir...

YAZIÇILARIN ƏN ZƏRİFİ...

Məndən soruşsalar ki, oxuduğun yazıçılar arasında ən zərifi kimdir? Düşünmədən bu gün haqqında bəhs edəcəyim yazıçının adını çəkər və de Saint Exupery (de Sent-Ekzüperi) deyərdim...

O, çox, olduqca maraqlı insan olub. Amma mənim diqqətimi tək buna görə özünə cəlb etmədi – bu həftə de Sent Ekzupery-nin ölümündən düz 70 il keçir və bu, müəyyən mənada təkan oldu ki, mən bu yazını yazım...

Bəli, o, düz 70 il bundan əvvəl, 1944-cü ildə vəfat etdi, daha doğrusu, yoxa çıxdı. Onun ölümü ilə bağlı nələr demirdilər? Hansı əfsanələri quraşdırmırdılar? Hətta deyilirdi ki, onu yadplanetlilər oğurlayıb! Yalnız bu yaxınlarda – 1998-ci ildə onun ölümünün təfərrüatları bilindi...

Məni ona bağlayan onun «Balaca şahzadə»si oldu. Bilirsiniz, qəribə əsərlər var. İlk baxışda müəyyən etmək olmur ki, bu, uşaqlar üçün, yoxsa böyüklər üçün yazılıb? Elə «Alisa güzgü arxasında» və «Alisa möcüzələr ölkəsində» əsərləri də belədir. İnanırsınız, bu son əsərləri Lewis Carrol (Luis Kerrol) elə yazıb ki, sonradan böyük fiziklər bu uşaq əsərlərinə kommentarilər yazmalı olublar. Deyim ki, «Alisa»nı yazanın özü də alim- riyaziyyatçı olub.

Amma Exupery ( Ekzüperi) təyyarəçi idi. Bəlkə də təyyarəçiliyi yazıçılıqdan və jurnalistlikdən çox sevirdi. Hər halda, müasirləri belə deyirlər. Exupery-nin bütün əsərləri (onlar o qədər də çox deyil) əsl estetikadır...

YAŞAMAĞI ÖYRƏTMƏLİ, YOXSA SEVMƏYİ?...

Ümumiyyətlə, Qərb ədəbiyytını estetikaya varmadan başa düşmək mümkün deyil. Orada bizim adət etdiyimiz cansıxıcı didaktika, etik ricətlər yoxdur. Bu ədəbiyyat necə yaşamağı öyrətmir, sadəcə, həyatı göstərir.

Ümumiyyətlə, Qərb ədəbiyytını estetikaya varmadan başa düşmək mümkün deyil. Orada bizim adət etdiyimiz cansıxıcı didaktika, etik ricətlər yoxdur

Amma bizdə necədir? Nəinki yazıçı, hətta iyirmi iki yaşlı jurnalist də belə hesab edir ki, o, insanlara necə yaşamağı öyrədə bilər. Publisistikanın gözdən düşməsinin bir səbəbi də bəlkə bu oldu – insanlar bir növ mətbuatdan iyrəndilər...

Qərb ədəbiyyatı isə estetikadır. O, gözəl olanı axtarır, onu tərənnüm edir. Bu mənada o, yorucu və didaktik deyil...

Exupery-nin özü də mənə balaca şahzadəni andırırdı. Böyümək istəyən balaca şahzadəni. Bilirsiniz, bir qədər qəribə səslənəcək, amma mən Exupery-də bir Anderson ruhu, bəli, Anderson nağıllarının ruhunu hiss edirdim, onun rahiyəsini duyurdum...

O, 44 yaşında dünyanı tərk etdi. Amma «Balaca şahzadə» qaldı. Elə o özü də yaddaşlarda balaca şahzadə kimi həkk olundu...

Bəlkə ölümü də simvolik idi. Dənizçilər dənizdə ölməyi üstün tutduğu kimi, hava şahinləri də havada ölürlər...

Qoy bu yazı da bir şahin nəğməsi, əsl səma nəğməsi olsun... Yalnız şahin kimi doğulanlar səmanın nəğməsini duya bilərlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG