Keçid linkləri

Təcili xəbərlər

Siyasətə aparan və siyasətdən aparan yollar...


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

-

Gözlə

No media source currently available

0:00 0:04:11 0:00
Direct-ə keçid

YALNIZ 12-Cİ PREZİDENT, YOXSA...

Bu gün Türkiyədə bir qalib var. O da Recep Tayyip Erdoğandır. Türkiyənin sayca 12-ci prezidenti bunu nəinki gizlətməyə çalışmır, əksinə böyük zallarda böyük çıxışlar edir, onu dinləyənlərə də qələbə impulsunu aşılamağa cəhd edir.

Amma insanlar bu impulsu qəbul etməyə hazırdırlarmı? Onlar özlərini qalib hesab edirmi? Bax, bu suallara cavab vermək hələ tezdir. Bir az gözləmək və yeni prezidentin planlarından agah olmaq üçün vaxt ayırmaq lazım gələcək.

Elə Recep Tayyip Erdoğanın özü üçün də sınaq dövrü başlayır. O, nə edəcək? Türkiyənin 12-ci prezidenti olmaqla kifayətlənəcək, yoxsa bu adamın hələ başqa planları da var?

İndi hamı üçün də olmasa, siyasi təhlilçilər üçün aydındır ki, prezidentin planları əhəmiyyətli dərəcədə növbəti parlament seçkisinin nəticələrindən asılı olacaq. Ona isə çox qalmayıb.

Tayyip Erdoğan və Ahmet Davutoğlu həyat yoldaşları ilə birgə
Tayyip Erdoğan və Ahmet Davutoğlu həyat yoldaşları ilə birgə

Ona görə də düşünürük ki, prezidentə qalib deməklə elə biz də bir az tələsmişik. O səbəbdən ki, ölkədə ən yüksək vəzifəyə də yetişmək güman ki, prezident üçün hələ tam qələbə demək deyil. Baxmayaraq ki, baş nazir kimi onun yardımçısı artıq sınanmış silahdaşı - Ahmet Davutoğlu olacaq...

Bununla Ahmet Davutoğlunu heç də aciz siyasətçi qismində təqdim etmək və bu adamın yeni prezidentin fonunda sezilməz olacağını iddia etmək fikrimiz yoxdur. Yadımıza gəlir ki, məşhur Wikiealks açıqlamalarında amerikalı həmkarları onu olduqca ağıllı və hətta bir az da təhlükəli adam kimi xarakterizə etmişdilər.

Amma Türkiyənin ali qanunu hələ dəyişməyib. Prezidentin bir o qədər də böyük səlahiyyətləri yoxdur. Belə bir vəziyyətdə Recep Tayyip Erdoğan kimi enerjili adam çox davam gətirə bilməz, o, mütləq səlahiyyətlərini artırmağa cəhd edəcək.

Amma böyük səlahiyyətlərə yol böyük konstitusiya islahatlarından keçir...

PARLAMENT RESPUBLİKASININ BİR ÜSTÜNLÜYÜ...

Bu vaxta qədər Türkiyədə parlament üsul-idarəsi mövcud idi. Yeni prezidenti bu vəziyyət bir o qədər qane etmir və o, bunu gizlətmir də.

Nə demək olar? Parlament və ya prezident üsul-idarəsi haqqında çox yazılıb, çox deyilib. Hər iksinin tərəfdarları da var, əleyhdarları da. Amma burada kiçik bir nüans var.

Dünyada prezident respublikası adlanan, amma çox avtoritar idarəçiliyə malik olan xeyli dövlət olub və indi də var. Yada salaq ki, Saddam Hussein, Hosni Mubarak və onlarla bu adamlara bənzər başqa siyasi liderlər prezident adlanır. Amma parlament idarəçiliyinə malik olan və eyni zamanda da avtoritar siyasi sistemi olan ölkə demək olar ki, tapmaq mümkün deyil...

Hətta dünyada bir neçə konstitusiyalı monarxiya var ki, onlar da parlament respublikasıdır. Bu ölkələr monarxiyanın olmasına rəğmən istənilən demokratik dövlətə örnək ola bilər. Amma prezident respublikaları haqqında bunu demək olmur. Səbəbini də bir az əvvəldə dedik...

ERDOĞANIN XİLAFƏT RÖYALARI...

Ən əsası odur ki, Ərdoğan təbiətən də avtoritar adamdır. Bunu sübut etmək, bu fikri dəlillərlə təsdiq etməyə çalışmağa elə bir ehtiyac yoxdur. Siyasətdə Erdoğan dövrü həm də böyük qalmaqallarla, böyük məhkəmə prosesləri ilə, həm də böyük, gurultulu həbslərlə yadda qaldı.

Bunlar bir tərəfə, məsələ tamamilə Erdoğandan asılı olsaydı indi Türkiyə ictimaiyyəti sosial şəbəkələrə girişdən məhrum olacaqdı. O vaxt Ali Məhkəmə Türkiyədə müstəqil məhkəmənin olduğunu sübut edə bildi.

Elə bugünkü andiçmə mərasimi də az şey demir. Mərasimdə iki dövlət - Misir və İsrail təmsil olunmayacaq.

Tutaq ki, Misiri başa düşmək mümkündür. Bu ölkədə faktiki olaraq hərbi çevriliş oldu. Amma İsrail məsələsi mübahisəli olaraq qalır. Recep Tayyip Erdoğanın xarici siyasət doktrinasının əsas prinsipi «qonşularla sıfır problem» idi. Amma sıfır problem alınmadı.

Bu gün Türkiyənin İsraillə münasibətləri olduqca gərgindir. Əslində bu gərginlikdən baş açmaq elə də asan deyil. Türkiyədə başa düşə bilmirlər ki, İsrail kimi kiçik dövləti özünün probleminə çevirmək, konkret olaraq heç nə edə bilməmək və yaddaşlarda «one minute» diplomatiyası ilə qalmaq regional güc mərkəzi iddiasında olan Türkiyəyə o qədər də başucalığı gətirmir...

Amma nə etmək olar? Bu gün Erdoğan özü üçün xəyali bir siyasi areal cızıb. O, bu arealda lider olmaq istəyir. Amma gəl, bir detalı unudur: onun da iddiaları elə Abubakr al-Bagdadi-nin xəlifəlik iddiaları kimi, yumşaq şəkildə desək, bir o qədər də ciddi təəssürat oyatmır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG