Keçid linkləri

Təcili xəbərlər

Ruhanilər cəmiyyəti irəli aparacaqdısa...


Bakıda yas mərasimi
Bakıda yas mərasimi

-

Gözlə

No media source currently available

0:00 0:04:15 0:00
Direct-ə keçid

BİR TƏRƏFDƏN YASAQ, O BİRİ TƏRƏFDƏN REKLAM...

Bəlkə bu da başqa məqsədlər üçün edilir. Amma bu günlərdə ən çox müzakirə olunan problem toy, xüsusən də yas mərasimlərinə məhdudiyyətlərin tətbiq olunmasıdır.

Bəri başdan bu müzakirələrin hansı şəraitdə və necə getməsini bir detalla çatdırmağa çalışacağam. Toylara həsr olunmuş teledebatda elə həmin verilişin arasında 700 nəfərlik zalı olan yeni şadlıq sarayının reklamı gedir!.. İndi insanlar kimə və nəyə inansınlar?

YEYİB-İÇMƏYİ SEVƏN OĞLANLAR...

Bəlkə də haradasa, açığı, çox böyük səy göstərərək toy məclislərini başa düşməyə çalışmaq olar - insanlar yeyir, içir, hətta keflənərək şənlik edir, bir az da israfçılığa varırlar. Bunu çətin də olsa, başa düşmək olar, hərçənd ki, şənlənmək, yeyib-içmək, özü də bir mədəniyyətdir.

İnsan hər yerdə öz mədəniyyətini nümayiş etdirir. Amma yenə də fərz edək ki, hamı eyni cür olmur, möhkəm yeyib-içməyi sevən insanlar və cəmiyyətlər də olur və bizim də bəxtimizə belə bir cəmiyyətin üzvü olmaq nəsib olub...

Bəs, yas mərasimləri haqqında nə deyirsiniz? Onu hansı məntiqlə izah edək? İndiyə qədər olduğumuz yas mərasimlərinin hamısından ürəyimizdə bir sualla ayrılmışıq: görən, yas mərasimlərində insanlara iştah haradan gəlir? Axı yasın atmosferi ağır olur, bu, dərddir, qəmdir, ələmdir, hər halda, kədərli mərasimdir və güman edirik ki, hamı bu fikirlə razılaşar.

Təsəvvür edin, insana kədər üz verib, sən də yeyib-içməyə gəlmisən... Məgər bu normal hal hesab edilə bilərmi? İnsan nəyin qayğısını çəksin - öz ölüsü və dirisi haqqında düşünsün, yoxsa kiminsə mədəsini doldursun?..

Görən, yas mərasimlərində insanlara iştah haradan gəlir? Axı yasın atmosferi ağır olur, bu, dərddir, qəmdir...

BÖYÜK BİZNES ŞƏBƏKƏSİ...

Məsələ elə bir hala gəlib çatıb ki, onu tamamilə obyektiv olaraq sosial bəla və hətta sosial faciə adlandırmaq olar. İndi guya ki, müzakirələr gedir. Amma hiss olunur ki, böyük müqavimət var. Ona görə ki, bu, böyük sənayedir və yaxud da biznesdir. İqtisadçıların təxmini hesablamalarına görə, təkcə yaslara ildə bir milyard manata yaxın vəsait xərclənir...

İndi özünüz təsəvvür edin, görün ki, toy məclislərində hansı pullar «fırlanır».

Yeyib-içməyə hədsiz meyl atavizm kimi bir şeydir. Bəlkə də bunun da bir biopsixoloji kökləri var, bəlkə də insanların bəzisində hansısa arxaik instinktlər baş qaldırır. Bilmirik. Amma bunu normal qəbul etmək də olmur...

RUHANİLƏR İKİ OD ARASINDA...

Yas mərasimləri ilə bağlı müzakirələrə adətən din xadimlərini də dəvət edirlər.

İndi də onların dedikləri ilə oturub-duracağıqsa, Mirzə Cəlilin, Sabirin, Haqverdiyevin və ya Nərimanovun yazdıqları necə olsun?

Bu müzakirələrə yalnız onları dinləmək üçün baxırıq, çünki bu adamlar iki od arasında qalıblar - bir tərəfdən yas mərasimləri onların biznesi, dolanışıq yeridir, o biri tərəfdən də ictimai rəyə, lap açığı, siyasi tendensiyaya qarşı getməyə ehtiyat edirlər.

Amma asan da təslim olmurlar. Öz maraqlarını qorumaq üçün mentalitetdən tutmuş hədislərə qədər hər şeydən istifadə edirlər. Hər dəfə bu adamlara baxanda qeyri-ixtiyari olaraq beynimizdən bir sual keçir: axı bu insanlar nə vaxt milləti, cəmiyyəti irəli aparıblar?..

İndi də onların dedikləri ilə oturub-duracağıqsa, Mirzə Cəlilin, Sabirin, Haqverdiyevin və ya Nərimanovun yazdıqları necə olsun? Axı sadaladığımız insanlar cəmiyyəti bu ruhanilərin ziyanlı cazibəsindən qurtarmaq, millətə elm və mədəniyyət yolunu göstərmək üçün olmazın əziyyətlər çəkmişdilər!..

Biz dinin əleyhinə deyilik, din vicdan məsələsidir. Amma mövhumat əsl sosial faciədir...

Yeyib-içməyə o qədər baş qarışır ki, ölü bir də qırx gündən sonra yada düşür!

Əvvəldə dedik ki, müzakirələrdə onların dediklərinə xüsusi diqqət yetiririk. Bu gün onlar nə deyir? Deyirlər ki, 7 gün, 40 gün olmazsa, heç olmasa, qoy, 3 gün olsun! Deməli, 7 gün yox, 3 gün israfçılıq etmək olar! Onların bu xüsusda dediyi budur ki, ehsan mütləq qalmalıdır!

EHSAN ÜNVANLI SOSİAL YARDIMA DÖNÜB...

Cəmiyyət də deyir ki, qalsın, amma qoy, insanlar gəlib bir stəkan çay içib əzizini itirən adama başsağlığı versin, mərhum haqqında, onun bu dünyadakı xoş əməllərindən danışsınlar.

İndi nə baş verir? Yeyib-içməyə o qədər baş qarışır ki, ölü bir də qırx gündən sonra yada düşür!

Deyirlər ki, ehsan fəqir-füqarə üçündür. Olsun. Amma bu gün ehsan da, az qala, ünvanlı sosial yardıma çevrilib, əsl ehtiyacı olana çatmır. Olmazmı ki, bu hüzrü düşmüş insanlar gücləri çatan qədər kimsəsiz uşaqlara və qocalar evinə yardım etsinlər?

Bunun heç reklamına və nümayiş etdirilməsinə də ehtiyac yoxdur, çünki «Sağ əlin verdiyini sol əl bilməməlidir» deyiblər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG