Keçid linkləri

Təcili xəbərlər

Etnik münaqişələr niyə uzanır?


ATƏT müşahidəçiləri Ukraynada Malayziya sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə - 11 noyabr 2014
ATƏT müşahidəçiləri Ukraynada Malayziya sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə - 11 noyabr 2014

-

Gözlə

No media source currently available

0:00 0:04:20 0:00
Direct-ə keçid

UKRAYNA DA ATƏT-İ TANIDI...

Yaxın keçmişin söhbətidir. Ukraynada separatizm böhranı yenicə başlayan vaxt bir nəfər soruşdu ki, bəs bunun sonu necə olacaq?

Biz də düşünmədən dedik ki, Dnestr, Abxaziya, Osetiya və Qarabağ kimi olacaq. O vaxt həmin adam qayıtdı ki, nə danışırsınız, heç Qərb buna imkan verərmi?..

Təbii ki, onun Qərbə inamını sarsıtmaq istəmədik. Amma bu günlərdə gözümüz bir bəyanata sataşdı. Məlum olurdu ki, ukraynalı siyasətçilər ATƏT-dən şikayətlənirlər. Yerində olmasa da, bu bizə, doğrusu, bir qədər gülməli göründü. Dərhal da ağlımıza gəldi ki, bir görün Azərbaycan ATƏT-dən nə deyir, Azərbaycan ATƏT-in əlindən nələr çəkir?

Elə bunları düşündüyümüz məqamlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişə tərəflərinə-Azərbaycana və Ermənistana ismarışı səsləndi. Həmsədrlər Ermənistana (və yaxud da Dağalıq Qarabağa) məxsus helikopter vurulandan sonra münaqişə prosesində gərginliyin yarana bilməsindən «narahat» idilər...

Nə qədər qəribə olsa da, bu dəfə həmsədrlər çox operativ işləmişdilər, atəşkəs rejiminin kəskin şəkildə pozulduğu digər məqamlarda da belə operativ işləsəydilər, bunu yalnız alqışlamaq olardı...

ERMƏNİSTAN BU DƏFƏ DƏ «DQR»İ TANIMADI...

Ən maraqlısı isə odur ki, helikopter vurulmamışdan bir gün əvvəl Ermənistan parlamenti «Dağlıq Qarabağ Respublikası»nıntanınması haqqındakı növbəti qanun layihəsini rədd etmişdi-131 deputatdan yalnız səkkizi bu qanun layihəsini müsbət qarşılamışdı.

Bütün bunlar onu göstərir ki, hətta Ermənistanın özündə də siyasətdə müxtəlif qrupların çəkişməsi gedir. Ola bilsin, Dağlıq Qarabağdakı qondarma hakimiyyət bununla Ermənistandan özünün bir növ narazılığını ifadə etməyə çalışır. Amma o da var ki, bu palitrada siyasi rənglər o qədər qarışıb ki, nəyin sırf Ermənistana, nəyin isə Dağlıq Qarabağa aid olduğunu müəyyən etmək olduqca çətindir. Necə deyərlər, kimin hansı məzhəbə qulluq etdiyini bilmək olmur...

Amma son vaxtlar Ermənistandakı siyasi elita Dağlıq Qarabağ hakimiyyətinə xoş gəlməyən bir neçə addım atıb. Bunlardan birini qeyd etdik.

Ermənistan prezidenti Qarabağda -- 14 noyabr 2013
Ermənistan prezidenti Qarabağda -- 14 noyabr 2013

Digəri odur ki, Ermənistan Avrasiya İttifaqına Dağlıq Qarabağsız qoşulmalı oldu. Təbii, belə bir hal, vəziyyət ən azı ultra-radikallarda müsbət rəy yarada bilməzdi...

DÜNYADA 4000 DÖVLƏT YARANSINMI?

Amma bütün bu nüanslara baxmayaraq, münaqişə davam edir və Ermənistanda da ona son vermək haqqında çox az adam düşünür.

Bəs niyə bu münaqişələr davam edir? Əgər kimsə post-sovet məkanının xəritəsinə bir az diqqətlə baxsa, bəlkə də mətləbi özü üçün aydınlaşdırar. Belə təsəvvür yaranır ki, Rusiya ondan uzaqlaşmaq istəyən ölkələri bir-bir cəzalandırır-Ukraynanı cəzalandırır, Gürcüstanı və Moldovanı cəzalandırır, eləcə də Azərbaycanı cəzlandırır...

Kimsə deyə bilər ki, Rusiyanı günahlandırmağa ehtiyac yoxdur, millətlərin öz müqəddəratını təyin etmək hüququ var və hər şeydə məhz elə buradan başlanır. Ola bilər. Amma dövlətlərin ərazi bütövlüyü də fundamental prinsiplərdən biri hesab edlilir axı...

Öz müqəddəratını müəyyən etmədə son hal kimi tamam ayrılmaq da nəzərdə tutulur. Amma dünyada 4000–dən çox etnos və etnik qrup var. İndi dünya nə etməlidir? Minlərlə yeni dövlət yaranmalıdırmı?...

İMPERİYALARIN GERİYƏ YOLU OLMUR...

Münaqişələr var ki, onlara həqiqətən də inanmaq olur. Amma bir sıra münaqişələr var ki, onların mahiyyətində geosiyasi tendensiyalar az qala gözə girir. Amma heç kim bunu görmək istəmir...

Rusiya hərbçiləri Krımda - 1 mart 2014
Rusiya hərbçiləri Krımda - 1 mart 2014

Ukraynadakı proseslərdə, heç olmasa, münasibət azacıq da olsa reallığa adekvat oldu. Heç kim nə Krımdakı, nə də ki Şərqdəki separatistləri görmək istəmir- hamı münaqişənin səbəbi və baiskarı kimi Rusiyanı görür...

Amma digər münaqişələrə münasibətdə bu, hiss edilmir. Ona görə də «Niyə bu etnik münaqişələrin bir hissəsi belə uzanır?» sualının əslində bir sadə cavabı var: onlar Rusiya bir imperiya kimi diz çökənə qədər davam edəcək...

Nə qədər ki, Rusiya bir imperiya kimi ayaqüstündədir, onlar davam edəcək...

Nə periodik olaraq yaranan ümid qığılcımları, nə psevdo-patriotik bəyanatlar özündə real olaraq heç nəyi ifadə etməyəcək...

Bütün bunlar bəlkə də bir qədər yeknəsəq səslənir. Ona görə ki, insanların, xüsusən də azərbaycanlıların ən sevimli sualı «Bu işlərin axırı necə olacaq?» sualıdır...

Bu sualın da cavabı var. İmperiyalar heç vaxt geri çəkilmir, onlar sadəcə, dağılırlar. Bir təskinlik verən detal var ki, hələ heç bir imperiya bu aqibətdən-dağılmaq aqibətindən qaça bilməyib. Bütün canlılar öldüyü kimi, imperiyalar da ölür- bir il gec, ya bir il tez, axır ki, «ölürlər»...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG