Keçid linkləri

-

Xalisə Şahverdi

Onunla ilk tanışlığımız 2000-ci illərin əvvəlinə, ictimai faydalı işlərə marağı olan biri kimi, bu sahədə iş axtardığım vaxtlara təsadüf edir. O zamanlar çox az sayda vətəndaş cəmiyyəti qurumları vardı. Tanışlardan biri Hüquq Maarifçiliyi Cəmiyyətini (HMC) məsləhət gördü, çünki çox fəal qurum idi. Ancaq nə o vaxt, nə də sonralar mənə HMC-də işləmək qismət olmadı. Hərçənd, çoxsaylı gənc hüquqçu kimi, mən də dolayısıyla həmin təşkilatdan öyrəndim, orada dəyərli dostlar qazandım.

İntiqam Əliyev deyəndə, ilk ağlıma çox pozitiv və həssas bir insan gəlir. Hansı ağrısı-acısı olsa da, həmişə pozitiv olmağa çalışan, gileylənməyən, qayğılarını və problemlərini bizlərdən gizlətməyə çalışan bir insan.

İşlədiyim ofis HMC-dən bir az yuxarıda yerləşirdi. Çox vaxt işdən sonra dostlarla görüşmək, hərdən də hüquqçular üçün təşkil olunan təlimlərə qatılmaqdan ötrü oraya gedirdim. Olduqca maraqlı, ən başlıcası da, şən günlərimiz keçib HMC-də. Ən şən və zarafatçıl ovqatında İntiqam müəllim bizlərə (gaha çox subay qızlara): «bu qədər əziyyət çəkib seminar təşkil edir, subayları cəlb etməyə çalışırıq ki, hərdən sizlər də bir qarmaq atasınız, bəlkə bir şey düşdü» deyərək bizləri güldürərdi. O, hamımız üçün dəyərli insan, peşəkar hüquqçu, ən əsası, həmişə mənəvi ata olub.

HMC hamımızdan ötrü doğma və müqəddəs yer idi. Təkcə ona görə yox ki, mənə və dostlarıma faydası dəyib. Ona görə ki, HMC yüzlərcə peşəkar hüquqçu, ədalətli və dövlətini sevən insan yetişdirə bilib. Həmin insanlar bu gün də müxtəlif sahələrdə - hüquq-mühafizə orqanlarında, məhkəmələrdə,prokurorluqda, vəkillik qurumlarında vicdanla və ləyaqətlə çalışırlar. İntiqam müəllimin rəhbərlik etdiyi vətəndaş qurumu minlərcə insana təmənnasız hüquqi yardım göstərib, pozulmuş hüquqların sivil həllinə can atıb. Və təbii bir sual orta çıxır: Necə ola bilər axı? Dövlətinə və cəmiyyətinə bu qədər xidmət göstərən HMC niyə fəaliyyətini dayandırmalıdır? Dövlətini ürəkdən sevən, ədalətli cəmiyyət quruculuğu üçün gecə-gündüz demədən çalışan İntiqam Əliyev kimi işıqlı insan bu gün niyə həbsdə olmalıdır? İntiqam Əliyevin təqsiri nədir, axı? Azərbaycan dövləti üçün savadlı və ədalətli hüquqçu yetişdirməsidirmi günahı? Yaxud hüququ pozulmuş, dövlətdən incik düşən Azərbaycan vətəndaşına təmənnasız hüquqi yardım göstərməklə ədalətin bərpasına nail olmaqdırmı onun suçu?

Cənablar, bəlkə bir az dayanıb özümüzə, getdiyimiz yola göz gəzdirək? Olsa-olsa, buraxdığımız səhvləri dövlətimiz, ədalətli cəmiyyətimiz üçün bacardığı qədər düzəltməyə çalışan bir insanın yeri həbsxana ola bilməz, axı. Üstəlik, səhhətində çoxsaylı problemləri olan bir işıqlı insandan – İntiqam Əliyevdən söhbət gedirsə!..

Dövlət və cəmiyyətimizin inkişafı naminə İntiqam Əliyev üçün ədalət istəyirəm!..

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.

XS
SM
MD
LG