Keçid linkləri

Məktəbə, uşaqlara hücumun absurd məntiqi...


Hinsitanda uşaqlar qonşu Pakistanda həmyaşıdlarının Taliban tərəfindən öldürülməsinə etiraz edirlər.

-

UŞAQLARIN NƏ GÜNAHI VAR?

Bu günlərdə Pakistanda baş vermiş böyük terror aktı güman ki, heç kimi biganə qoymadı - xəbəri eşidən kimi insanlar sarsıldılar. Xüsusən də ölənlərin arasında yüzdən artıq uşağın olması xəbəri təsirləndirici idi...

Təbii ki, terror bu günün, dünənin işi deyil. Nəzərə alsaq ki, terror birinci dünya müharibəsinə təkan vermişdi, bunun necə ciddi bir problem oluğunu dərk etmək bir o qədər asan olar.

Amma terror bütün ciddiliyilə bizim qarşımızda 11 Sentyabr hadisələri zamanı dayandı. Hərçənd ki, bu vaxta qədər hətta Azərbaycan da böyük və sarsıdıcı terror problemini yaşmışdı - metroda baş vermiş terror nəticəsində onlarla insan həlak olmuşdu...

Amma etiraf etmək lazımdır ki, terror bir ciddi siyasi vektor kimi dünya siyasətinə məhz 2001-ci ilin 11 Sentyabrında daxil oldu. O vaxt bu hadisənin siyasətçilərə fürsət verdiyini düşünənlər də tapıldı. Bəlkə də ona görə ki, kommunizmdən sonra terror qlobal siyasətin bir nömrəli problemi elan olundu...

Amma kommunizm kimi terroru yenimək mümkün olmadı. Hətta məlum oldu ki, bir nömrəli terrorçu elan edilən Bin Laden-nin ölümü də bu fenomenə “dayan!” demək iqtidarında deyil.

Bir vaxt Taliban necə peyda olmuşdusa bir gün də İŞİD meydana çıxdı. Ona görə də bəşəriyyət terrorlu dünyada yaşamağa alışmaqdan savayı bir yol tapmadı - bu dünyanı elə belə də qəbul etmək lazımdır, bir növ alışmaq lazımdır, çünki dünya ölkələri hələ bu hadisəyə qarşı immunitet formalaşdıra bilməyiblər...

TERROR DEYƏNDƏ XƏRÇƏNG YADA DÜŞÜR...

Təbabətdə xərçəng nədirsə, siyasətdə də terror odur. Həkimlər xərçəngə qarşı əlac tapa bilmədikləri kimi terrorun da hələ çarəsi yoxdur. Bu vaxta qədər bəşəriyyət xərçəngdən qorunmağın yalnız bir yolunu bilir. Bu da sayıqlıqdır. Terror da yalnız sayıqlıq tələb edir. Yalnız sayıqlıqla terrorun qarşısını almaq, onu bir növ zərərsizləşdirmək mümkün ola bilər.

O, ümumi mənada bir zor anlayışını gətirir siyasətə. Lap əvvəllər bu zor tam olmasa da təxminən öz ünvanına qarşı yönəlirdi. Məsələn, rusiyalı inqilabçılar bir neçə dəfə çara qəsd etmək istəmişdilər.

Onların ünvanı, hədəfi çarın özü idi. İnqilabçıların heç ağlına da gəlmirdi ki, məktəblərə, litseylərə hücum etsinlər, dinc insanların toplaşdıqları yerlərə partlayıcı maddə qoysunlar. Yox, onlar belə etmirdi. Belə düşünmürdü.

Amma indi terror da dəyişib, o da xəbisləşib. Bir də görürsən ki, hansısa terror təşkilatı idmançıları hədəf götürür və ya uşaqları girov götürür...

TERRORA BƏRAƏT VARMI?

Terrorun mahiyyətində də guya ki, “ədalət” axtaranlar var. Onlar deyir ki, guya ki, böyük dövlətlərlə bacara bilməyən millətlər terror yolunu tutur.

Tamam absurddur. Qoy, həmin millətlər dünyanı öz işlərinin haqq olduğunu inandırsınlar. Onlar bunu istəmir, ya da bacarmırlar və durub uşaqları, qadınları hədəf seçirlər...

MAHATMA İSƏ BELƏ DEYİRDİ...

Bir təhlilçi olaraq 20 ildən artıqdır ki, siyasətdən yazıram. İndi soruşsaydılar ki, bu illər ərzində hansı siyasi təlim mənə daha çox təsir edib, düşünmədən Mahatma Gandhi-nin təliminin adını çəkərdim.

Bəlkə də bu təlim insanlığın bütün həyatını dəyişdi - bunda müsbət tərəflər də oldu, mənfi cəhətlər də... Amma zorsuz mübarizə təlimi və zorla əməkdaşlıq etməmək nəzəriyyəsi bəlkə də 21-ci əsr insanının xarakterinə uyğun olan ən aktual siyasi cərəyandır...

Düzdür, bütün ömrü boyu zorsuz mübarizəni təblig edən Gandhi-nin özü son anda hindli ekstremistin hücumuna məruz qaldı və aldığı yaralardan da vəfat etdi...

Hələ onu demirik ki, beynəlxalq tədqiqatlara görə Ganhi-nin vətənində bu gün onlarla qadın zorlanır. Təbii ki, bunlar çox düşündürücü faktlardır. Amma belə hallar zorsuz müqavimət təliminə kölgə salmaq iqtidarında deyil.

ZORSUZ MÜQAVİMƏTİN MƏNTİQİ...

Ona görə ki, bu təlimin məntiqi qarşısında acizdirlər. İndi ən aciz hakimiyyətlərin belə əlində böyük təzyiq və təqib arsenalı, böyük silah-sursat cəmləşib. Ona görə də güclər qeyri-bərabərdir. İnsanlar öz hakimiyyətlərinə qarşı zor müstəvisində mübarizədə acizdirlər.

Belə olan halda nə etmək olar? Təbii ki, ən düzgün yol hakimiyyəti başqa mübarizə müstəvisinə - zorsuz mübarizə müstəvisinə çəkməkdir. Mahatma daim bunu təbliğ edirdi...

Bəziləri deyir ki, guya terror da bu zərurətdən yaranıb - guya ki, qeyri-bərabər güc insanları terrora məcbur edir...

Amma bu da növbəti absurddur. Zorsuz müqavimətdən fərqli olaraq güc daha böyük gücün, daha böyük təzyiqlərin, daha böyük təqiblərin meydana çıxmasına səbəb olur. Bunu ən azı bir əsrlik təcrübə göstərir. Bir əsr isə heç də az vaxt deyil...

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.

XS
SM
MD
LG