Keçid linkləri

Təcili xəbərlər

«Google» həyəcan təbili çalır: Proqramlarda çatlar var


Haker (illüstrasiya fotosu)
Haker (illüstrasiya fotosu)

-

"Google" texnologiya şirkətlərinə ultimatum verib ki, proqram sistemindəki boşluqları 90 gün ərzində aradan qaldırmasalar, bunu ictimaiyyətə açıqlayacaq.

Bloomberg.com yazır ki, "Google"un haker və proqramçılar qrupu özlərinin və rəqiblərinin proqramlarında təhlükəli çatlar aşkar ediblər.

Bundan sonra şirkətlərə bu məsələləri həll etmək üçün vaxt verilib. "Google" deyir ki, proqramçılar cəld tərpənməlidirlər, çünki kibercinayətkarlıq ildırım sürəti alıb. Hakerlər bu boşluqları müəyyən edib sistemə daxil ola bilirlər.

"Google" iyulda “Zero (sıfır) layihəsi” adlı qrup yaradıb. Şirkət deyir ki, onlar hər kəsə öz məhsulunu qorumağa kömək etməyə çalışırlar.

Prezidentdən sərəncam gözlənir

Gözlənilir ki, ABŞ prezidenti Barak Obama şirkət və təşkilatların kibertəhlükəsizliklə bağlı bir-biriləri və hökümətlə daha çox informasiya mübadiləsi aparmasını təşviq edən sərəncam imzalayacaq.

Amma ekspertləri bir sual düşündürür ki, iri İnternet şirkətləri səylərini birləşdirə biləcəklərmi?

"Apple" şərh verməkdən imtina edib, "Microsoft" isə bəyanatında yalnız onu bildirib ki, "Google"un taktikasını “məğlub etdim” oyunu kimi hiss edir.

Hakerlər problemlər bəlli olanda sürətli işləyirlər. Çində yerləşən, “Herableed” kimi tanınan qrup ötən il İctimai Səhiyyə Sistemindəki boşluqlar barədə məlumat ictimaiyyətə açıqlanandan bir həftə sonra kiber hücum etmişdi.

"Google" xahişləri qulaqardına vurur

Adını açıqlamayan mənbə deyib ki, bir müddət əvvəl "Apple" "Google"dan Mac OS X əməliyyat sistemində aşkar etdiyi boşluqları düzəltmək üçün bir həftə gözləməyi xahiş etmişdi. "Google" bilirdi ki, boşluqların aradan qaldırılması üçün iş gedir, proqram sistemi yenilənir, amma bununla belə, xahişi qəbul etmədi və əməliyyat sistemindəki boşluqlarla bağlı məlumatları açıqladı,- mənbə Bloomberg-ə bildirib.

"Microsoft" da eyni zamanda Windows-dakı nöqsanları aradan qaldırmaq üçün əlavə iki gün istəmiş, amma "Google" bundan da imtina edib məlumatlarını ictimailəşdirmişdi.

“Google üçün sərfəli sayılanlar heç də həmişə müştərilərə məqbul olmur”

Barack Obama kiber təhlükəsizliklə bağlı çıxış edir, 13 yanvar, 2015
Barack Obama kiber təhlükəsizliklə bağlı çıxış edir, 13 yanvar, 2015

"Microsoft"un Təhlükəsizliyə dair Məsulliyyət Mərkəzinin böyük direktoru Chris Betz yanvarın 11-də bloqunda yazıb ki, "Google" üçün sərfəli sayılanlar heç də həmişə müştərilərə məqbul olmur.

Betz yazır ki, "Microsoft" proqram sistemi təchizatında boşluqları aşkara çıxarmaq üçün birgə işləməyi təklif edir. O deyir ki, belə əməkdaşlığa limit qoymaq və ya rədd etmək nə tədqiqatçılara, nə proqram satıcılarına, nə də müştərilərə fayda gətirir: “Bu proseslərdə bizim heç birimizin uduşu yoxdur”.

Aşkar edilən çatlar

“Project Zero” (Sıfır layihəsi) qrupu "Apple" məhsullarında 39, "Microsoft" məhsullarında 20 boşluq tapıb. Qrup Adobe sistemində 37 dəlik aşkara çıxarıb.

Amma "Google"un siyasətini faydalı sayanlar da var. Onların fikrincə, “sərt siyasət proqram sənayesinin mənafeyinə uyğundur”.

"Google" ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi və başqa dövlət orqanlarından “Heartbleed” casus şəbəkəsi haqqında məlumat aldıqdan sonra “Project Zero”nu yaradıb.

İyulun 15-də qrup öz bloqunda yazıb: “Veb-saytdan istifadə edərkən əmin olmalısan ki, kriminal və ya dövlətin maliyyələşdirdiyi haker qrupu proqram boşluğundan istifadə edərək sənin kompüterinə girib məlumatlarını oğurlamayacaq, sənin yazışmalarını izləməyəcək və ya kompüterini çökdürməyəcək. Bizim məqsədimiz də odur ki, kiber hücuma məruz qalanların sayını əhəmiyyətli dərəcədə azaldaq”.

XS
SM
MD
LG