Keçid linkləri

Təcili xəbərlər

Mövcudluğun xəfif fəlsəfəsi


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası

-

BİZİM “PLAN”IMIZ NİYƏ BAŞ TUTMADI?

Düşüncələr hələ də rusiyalı müxalifətçi Boris Nemtsov-la məşğulkən başqa mövzuya adlamaq bir az çətindir. Amma ortalıqda bir müxalifətçilik və müxalifət məsələsi də var. Elə bir məsələ ki, bəlkə də, elə Boris Nemtsov-un taleyində də həlledici amil olub...

Amma bu yazıya digər iki amil təkan verdi. Biri budur ki, 3 mart həm də Beynəlxalq Yazıçılar Günü idi. Həmin gün avtobusla gələrkən, gözüm üzbəüz əyləşən oğlanın əlindəki kitaba sataşdı. Təkcə müəllifin - Milan Kundera-nın adını oxuya bildim...

Bilmirəm, həmin roman idimi, yoxsa başqası, amma o yazıçının bir neçə il əvvəl oxuduğum əsəri yadıma düşdü. Həqiqətən, çox möhtəşəm əsər idi...

O vaxt bu əsəri oxuyandan sonra müxalifət liderlərindən biriylə söhbətim oldu. Ona əsər haqqında danışdım. Etirazım yoxdur, dinlədi. Amma həmin əsərdən aldığım “elektrik”i, deyəsən, ona ötürə bilmədim... Mənimsə böyük “plan”ım vardı. İstəyirdim ki, bu əsəri tərcümə edim. Məqsədim də onun dərci üçün həmin müxalifət liderindən bir az “pul qoparmaq” idi... Amma alınmadı...

DİSSİDENT OLMAQ ASANDIRMI?

Əsər sosialist düşərgəsi ölkələrindən birinin dissidentlərindən söz açırdı. İnsanlar öz prinsiplərindən vaz keçmədiklərinə görə min bir çətinliklə qarşılaşırlar...

...kitab var ki tale kimidir. İlk baxışda adam müəyyənləşdirə də bilmir ki, bu nədir? Sən bu kitabı yaşayırsan, yoxsa kitab elə sənin haqqındadır?..

Sonradan həmin əsər əsasında çəkilmiş filmə də baxdım. Amma etiraf edim ki, kitabdan aldığım ilk təəssürat məni uzun müddət tərk etmədi...

Dünyada kitablar çoxdur. Elə siyasətçilər, dissidentlər və inqilabçılar haqqında da az yazılmayıb. Onların hər birinin öz yeri var...

Amma kitab var ki tale kimidir. İlk baxışda adam müəyyənləşdirə də bilmir ki, bu nədir? Sən bu kitabı yaşayırsan, yoxsa kitab elə sənin haqqındadır?..

Bunu şişirtmə saymayın. Azərbaycan müxalifətinin düz 25 illik müxalifətçilik “stajı” var. Bu, əsrin dörddə biri deməkdir. Bu illərdə nələr və kimlər olmayıb, insanlar nələrdən keçməyib?..

Amma həmişə bir xətt də olub - zolaqvari tünd rəngli xətt. Elələri olub ki, onların yolu həbs yerlərindən keçməyib, amma bu adamlar uzun, üzücü və bir az da yorucu dissidentlik həyatı yaşayıblar...

İlk baxışda bu, elə də çətin bir iş kimi qavranılmaz, amma inanın, həyatda ən çətin iş, bəlkə də, ev dustağı olmadan ev dustaqlığını yaşamaqdır...

Bir az əvvəldə bir müxalifət lideriylə görüşə toxunduq. Hər gün ev və bir də partiya qərargahı - onun da gündəlik marşrutu elə belə idi...

Bəxti gətirirdisə və kimsə onun yanına “siyasi qeybət” etməyə gəlirdisə, onları qəbul edir, günü belə başa vururdu. İndi bu adamın heç 60 yaşı da yoxdur, daha heç partiya lideri də deyil... Vaxtının çoxunu da evdə keçirir...

Amma o vaxt mənim Milan Kundera-nın əsərindən aldığım təəssüratı bölüşmədi. Hətta dedi ki, Azərbaycanda belə olmayacaq... İndi kimin haqlı və dürüst çıxmasının elə bir əhəmiyyəti yoxdur. Hətta çox istərdik ki, o, haqlı çıxsın və daha “həftə səkkiz, mən doqquz” ev dustaqlığını yaşamaq qismət olmasın...

“ÜÇÜNCÜ SEKTOR” DA KÖMƏK ETMƏDİ...

İnsanlar, ictimai fəallar bu boşluğu, yeknəsəqliyi qeyri-hökumət təşkilatları qurmaqla doldurmağa cəhd edirdilər. Bəzisində alınırdı da. Min bir əzabla öz layihələri üçün qrant udur, sonra bir mənzil kirayələyir və bununla da öz şəxsi həyatlarını yaşamağa çalışırdılar...

Azərbaycan müxalifətinin düz 25 illik müxalifətçilik “stajı” var. Bu, əsrin 4-də 1-i deməkdir. Bu illərdə elələri olub ki, onların yolu həbs yerlərindən keçməyib, amma uzun, üzücü və bir az da yorucu dissidentlik həyatı yaşayıblar...

Amma indi bu yol da “nəzarət”ə götürülüb. Daha qeyri-hökumət təşkilatları qurmaq və onları işlətmək də elə asan iş deyil...

Milan Kundera-nın bəhs etdiyim romanının qəhrəmanı cərrah idi. Bu adam bir bəyanatın, bir imzanın “qurban”ı olur... Təbii ki, buna “qurban” demək mümkün idisə, axı onun özü könüllü olaraq bu yolu seçir. Hökumət adamları o adama dəfələrlə imzasını geri götürməyi təklif edir və bunun müqabilində yenə də əvvəlki həyatı və karyeranı qaytaracaqlarını vəd edirlər...

Amma o, razı olmur. Bəlkə əvvəlki həyatı onun gözündə özünü tam ifşa etdiyinə görə, dəyərini itirmişdi? Güman ki...

AMMA KEÇMİŞİN QAYITMASINI DA İSTƏMİRLƏR...

İndi nə qədər çətin olsa da, Azərbaycan siyasətçiləri, ictimai fəallar da o əvvəlki həyatın qayıtmasını istəmirlər. Musa peygəmbərin dönəmində buna Misir toxluğu və asudəliyi deyirdilər. Yəhudilər əvvəlki kölə həyatını unutsun deyə, Musa (Moisey) peyğəmbər onları düz 40 il səhrada dolandırır...

Elə bizim ictimai fəalların, siyasətçilərin də “səhra təcrübəsi” az deyil. Bir az əvvəldə qeyd etdik ki, bu müxalifətçilik çox çəkdi və artıq 25 il keçib... Heç kim bu 25 ilin peşimançılığını çəkmir. Bu, salnamədə adamı təəccübləndirən əsas detal da budur...

Doğrudan da təəccüblüdür, deyilmi? Kundera-nın qəhrəmanı da peşiman olmur və dissidentlik dövrünü öz həyatının məntiqi davamı kimi yaşayır. Elə yəqin, təkcə buna görə bu həyatı nəsrə çevirməyə dəyərdi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG