Keçid linkləri

Təcili xəbərlər

Rusiyaya qarşı savaş açmaq olar?


Moskvada hərbu parad - 2013
Moskvada hərbu parad - 2013

-

BİR AZ BAYRAMLARA TUŞ GƏLDİYİNDƏN...

8 Martın ərəfəsi, yazın gəlişi və bir-birini əvəz edən çərşənbələr çox maraqlı siyasi xəbəri - ABŞ-ın Ukraynaya 300 hərbçi göndərməsinə dair xəbəri bir az kölgədə qoydu.

Ya sadalanan amillər ucbatından, ya da Ukrayna xəbərlərinə artıq alışdıqlarından, insanlar buna o qədər də diqqət ayırmadılar... Axı son günlər gül-çiçəyin və Novruz ərəfəsi olduğundan, qoz-fındığın qiyməti adamlardan ötrü daha önəmli xəbər sayılır...

Üstəlik, sözügedən xəbər gah təkzib olundu, gah da təsdiqləndi. Amma Rusiyanın hərbi gücünə elə böyük önəm verməsək də, onun kəşfiyyat xidmətlərinin peşəkarlığını etiraf etməliyik. Hər halda Rusiyanın təhlükəsizlik xidmətləri «qulaqlarının dibində» ABŞ-ın nə etdiyindən və yaxud nə etmək istədiyindən xəbərdar olmaya bilməzdilər...

O üzdən düşünürük ki, xəbərə inanmaq olardı və ABŞ, həqiqətən, Ukraynaya məhdud canlı qüvvə və texnika göndərə bilərdi. Buna cavab olaraq Rusiya da Stavropolda iki aylıq hərbi təlimlərə başladı...

SAVAŞA HƏSSAS REGİON...

İndi hərbi-siyasi prosesin sonrakı inkişafı maraq doğurur. Rusiyalı təhlilçilərin fikrincə, ABŞ müharibəyə çox həssas regionda siyasi avantüraya qurşanıb. Təbii ki, bununla razılaşa bilmərik. Görünür, okeanın o tayında da təhlilçilər hər şeyi götür-qoy edirlər...

Heç kimin müharibə istəməməsi də təbiidir. Ən azı ona görə ki, bu münaqişədə artıq hər iki tərəf minlərlə itki verib. Amma əvvəldən demişik ki, Rusiya Ukraynada güc görməsə, yerində oturmayacaq və bu bölgədə rahatlıq bərqərar olmayacaq.

Rusiya Ukraynada güc görməsə, yerində oturmayacaq və bu bölgədə rahatlıq bərqərar olmayacaq.

Əslində bu, bizim fikrimiz deyil. Hələ Winston Churchill deyirdi ki, Rusiya o dövlətlərdəndir ki yalnız güclə hesablaşır.

Həm də vacib deyil ki, Ukrayna dərhal hərbi əməliyyatlara başlasın, ən azı, bu Minsk razılaşması deyilən prosesi də sınaqdan keçirmək lazımdır. Kim bilir, bəlkə bir nəticəsi oldu...

Bu ovqat Ukraynadan gələn xəbərlərdə də diqqət çəkir. «Kobzar»ların ölkəsi maksimum çalışır ki, Minsk prosesi, həqiqətən, bir nəticə versin. Bundan ötrü atəşkəs rejiminə riayət etməyə cəhd göstərilir və ağır texnika mümkün qədər döyüş bölgələrindən uzaqlaşdırılır...

Amma ölkədə başqa ovqat da var. Bəzi siyasətçilər və siyasi qruplaşmalar - onların içində hakimiyyətə yaxın olanları da az deyil - Rusiyaya qarşı daha ciddi həmlə və təzyiq tərəfdarı kimi çıxış edirlər...

Üstəlik, Rusiya tərəfi də belə hesab edir ki, Ukrayna şərqdəki münaqişə bölgələrinə yüksək idarəçilik statusu vermədiyindən münaqişə səngimir və onu tənzimləmək mümkün olmur...

RUSİYA MİFİ...

Elə bu səbəbdən sülh ümidləri elə də böyük deyil. Bu isə o deməkdir ki, məsələnin güclə həlli hələ də gündəlikdə qalır. Amma belə variant bir suala dirənir: Rusiyaya savaş açmaq mümkündürmü?

Bir vaxtlar ABŞ və NATO bu sualın yaratdığı potensial baryeri aşmasaydı, bəlkə Yuqoslaviyada hələ də qanlı müharibələr gedirdi...

Amma onlar bu baryeri aşa bildilər və Yuqoslaviyaya müdaxilə etdilər. İndi də Rusiyanın hərbi mifini dağıtmağın vaxtıdır. Əslində, bu mif heç də ciddi və sarsılmaz dayaqlar üstündə qərar tutmayıb...

Rusiyanın ən yaxşı vaxtında onun, hərbi xərclər də daxil, dövlət büdcəsi ABŞ-ın hərbi büdcəsinin yarısından az idi. Rusiya mifi Əfqanıstanda dağıldı. Əfqanlar sübut etdilər ki, Rusiya ordusu ilə vuruşmaq mümkündür.

Rusiya mifi Yuqoslaviyada da dağıldı. ABŞ və NATO sübut etdilər ki, dünya məsələlərində Rusiyanı nəzərə almamaq da olar.

Rusiya mifi Yuqoslaviyada da dağıldı. ABŞ və NATO sübut etdilər ki, dünya məsələlərində Rusiyanı nəzərə almamaq da olar. Rusiya mifi Çeçenistanda da dağıldı. Çeçenlər sübut etdilər ki, hətta kiçik bir xalq da Rusiya hərb maşınına duruş gətirə bilər...

BİRİ LEHİNƏ, BİRİ ƏLEYHİNƏ...

Təbii ki, indi ABŞ və müttəfiqləri hər şey edirlərlər ki, problem müharibəsiz çözülsün. Vladimir Putin başını itirib və nə etdiyini bilmir. Məsələn, durub özünün və nazirlərin maaşını 10 faiz azaldır ki, bəlkə bu yolla büdcəni xilas etmək mümkün oldu. Amma gülünc deyilmi?

Bundan sonra belə gülünc qərarların sayı bir az da artacaq. Əlbəttə, etiraz edə bilərlər ki, Ukrayna Yuqoslaviya deyil və Rusiya o vaxt Şərqi Avropadan öz mandatını geri çəkmişdi. Düzdür, amma elə Serbiya da Rusiyaya dost ölkə sayılırdı və elə o vaxtlar da «Slavyanları qırırlar!» kimi şüarlar səslənirdi.

Düzdür, deyə bilərlər ki, onda zaman başqa idi və Rusiya indiki Rusiya deyildi. Bu da doğrudur, qismən də olsa, razılaşmaya bilmərik. Amma heç indiki Rusiya da bir şey deyil və bu ölkəni indi, vur-tut, 200 milyard dollarlıq ehtiyat «danışdırır». Böyük ehtimalla həmin ehtiyatı da elə bu il yeyəcək və üstündən də su içəcək...

Deyə bilərlər ki, serblər başqa, ruslar başqa... axı şərqi Ukraynada qanlı qovğa qopsa, ölən ruslar olacaq və buna biganə qala bilməyən Rusiya mütləq prosesə müdaxilə etməyə çalışacaq...

Nə demək olar, bu da düzdür. Amma ciddi müdaxilə törənəndə münaqişə bölgəsində ciddi bir polyarlaşma da qaçılmazdır. Məlum olacaq ki, bu dəfə də «atan kazaklardır» və ruslar - sadə ruslar heç də müharibə etmək və qırılmaq arzusunda deyillər...

Beləcə, hər bir tezisin lehinə və əleyhinə dəlillər var. Burada Immanuel Kant-dan bir detal yada düşür. Fəlsəfi paradiqmaları sübut etmək üçün onun gətirdiyi dəlilərin sayı onları inkar etmək üçün lazım olan dəlillərin sayı qədər olurdu...

Bu isə o deməkdir ki, istənilən məntiqi sxem qüsurludur. Həyat daha canlı və rəngarəngdir. Görək, bu dəfə həyat həzrətlərinin özü nə göstərəcək?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG