-
Yer kürəsindəki həyatı bir az da sevin, – hər bir mikrob, məməli, quş və böcəyə, hər bir insana yaxınlaşın, dostlaşın. Çünki planetimiz bioloji baxımdan həyat olan yeganə məkandır deyəsən.
TİME jurnalında Jeffrey Kluger yazır ki, Yerdən kainata çox siqnallar göndərilə bilər, ancaq cavab verən olmayacaq – çünki orada heç kəs yoxdur.
DRAKE TƏNLİYİ
Yerdən kənarda da həyatın olmasını təbliğ edən ən nüfuzlu alimlərdən biri, astronom, SETI institutunun təsisçisi Frank Drake öz adına qurduğu tənlik vasitəsilə sübut etməyə çalışır ki, kainatda nəinki həyat, zəkalı həyat mövcuddur.
Drake tənliyində n aşkarlanan radio siqnallar buraxan Süd Yolundakı sivilizasiyaların sayını göstərir. Bu rəqəm qalaktikamızdakı günəşəbənzər ulduzların, planetlərin orbitindəki ulduzların sayına uyğun gəlir.
Drake tənliyində bütün x-lərin yerini dolduranda minlərlə sivilizasiya alınır. Drake özü bunun 10 min olduğunu qeyd edir. Mərhum alim Carl Sagan 1 milyon rəqəmini irəli sürürdü. Hətta bu rəqəmi 10-a, 100-ə, 1000-ə bölsək belə, bizim tək olmadığımız aydınlaşar. Ancaq deyəsən təkik axı.
Arizona Universitetinin kosmik tədqiqatçısı Paul Davies isə “Müdhiş sükut” kitabında Yerdən kənarda zəkalı həyatın olmasına dair heç bir arqumentin inandırıcı olmadığını üzə çıxarıb.
O, Drake tənliyində boşluqları tapıb. Ən böyük boşluq da həmin planetlərdə həyatın mümkün olması ilə bağlıdır. Faktiki olaraq, həmin arqumenti əsaslandırmaq üçün əlimizdə heç bir empirik məlumat yoxdur. Həyatın olduğu tək bircə dünyanı dəqiq bilirik, qalanı tapmacadır. Süd Yolunda 40 milyard planetin mövcudluğu da heç nəyi dəyişmir, ancaq birində həyat var, vəssalam.
SİQNALLARA CAVAB YOXDUR
Bundan başqa, Davies inanır ki, hətta kənarda ağıllı sivilizasiya mövcud olsa belə, onların hər hansı yolla mesaj göndərməyi inandırıcı deyil. Çünki bir əsrdən çoxdur radio və TV siqnallar göndəririk – bu siqnallar işıq sürətilə fəzaya yayılır – mürəkkəb varlıqlar bu siqnalları eşidərdilər. Problem ondadır ki, bütün istiqamətlərə 13.8 milyard işıq sürətilə uzanan kainatda 100 işıq sürətli siqnallarımız o qədər yayılıb ki, mütləq yerdə tutulmalı, yayılmalıydı.
Ən pisi də odur ki, biz yerdənkənar əlamət axtardığımız illər boyunca müdhiş səssizlik hökm sürüb. SETI-nin antennaları yarım əsrdir göyə tuşlanıb, cavab siqnalı gözləyib, amma heç nə eşitməyib.
"WOW!" SIQNALI
Ancaq bircə dəfə həyəcanlı an yaşanıb, 1977-ci il avqustun 15-də. SETI alimi Jerry Ehman Ohayo Universitetinin radio teleskopu ilə işləyirmiş. O, uzaq kainatdan gələn güclü səs eşidib. Səs 72 saniyə çəkib və tezliyi də hidrogenin spektr xəttini xatırladıb. (Bu da nisbidir, SETI alimləri uzun müddət inanıblar ki, hidrogen fəzada ən adi elementdir və kainatın göndərici tezliyi kimi seçilə bilər).
Ehman siqnalı aşkarlayan radio teleskop üzərində ancaq bu sözü yazıb: “Wow!”. Elə siqnalın adı da “Wow!” qalıb. Sonradan o siqnal heç vaxt təkrar eşidilməyib. Bu səbəbdən indi təxmin edilir ki, bu siqnal kosmik parçanın, yaxud yer mənşəli cismin əks-sədası olub. Hər halda yad planetdən gəlməyib.
YERİ QORUYAQ
Müəllif qeyd edir ki, bütün bunları birmənalı sübut kimi qəbul etmək də çox tezdir. Kainat nəhəng və qədimdir, 50 illik tədqiqat da zaman baxımından bircə piksel belə sayıla bilməz. Elmdə qəfil dönüşlər də olur: bir gün Kopernik (Copernicus) dedi ki, Yer fəzanın mərkəzidir və hər şey dəyişdi.
Eynşteynin (Einstein) nisbilik nəzəriyyəsi, Leeuwenhoek-in mikroskopla açdığı biomühit də yeni dünya açdı. Yad planetlərdə həyat da bir gün beləcə kəşf oluna bilər.
“Ancaq o vaxtadək Yerə kainatın həyat olan yeganə qoruğu kimi baxmağa dəyər. Həyat təkcə burdadırsa, bu planetə görə məsuliyyət daşımalıyıq. Bu bioloji işığı söndürmək bizim səhvimiz olmayacaq. Bu, bizim cinayətimiz olacaq,” - Jeffrey Kluger yazır.