Keçid linkləri

.

“50 MİLYON NƏDİR Kİ?”...
Bəlkə də burada mövsümi vaxtın elə özünün problemlərindən danışmaq olardı. Fikir vermisinizsə, insanların çoxu yay və qış vaxtlarına keçiddən narazı qalır, bunun, ən azı, bir həftə əməlli-başlı əsəb yaratdığından gileylənirlər.

Düzdür, iqtisadçılar məsələnin iqtisadi tərəfini önə çəkərək, bu yolla 40-50 milyon manata qənaət edildiyini bildirirlər...

Amma məmurları “100 milyon nədir ki?” deyən ölkənin, doğrudanmı, bu məbləğə fövqəladə ehtiyacı var?..

BİRCƏ DƏFƏ AVROPALI OLMAQ...
Avropa ölkələrinin əksəriyyətində bu praktika tətbiq olunmur. Azərbaycan da həmin ölkələrin baxışında şərqi Avropa ölkəsi kimi təsnif edilir. Deməli, heç olmazsa, bircə dəfə avropalı olmaq olardı...

...biloji ritmlər uzlaşmadığı kimi, ictimai-siyasi ritmlər də uzlaşmır və rəsmi Bakı öz saatı ilə yaşamaqda davam edir. Ölkə avropalılardan bir saat əvvəl oyansa, onlardan bir saat tez evə yollansa da, əqrəbləri mexaniki olaraq irəli-geri çəkmək hələ heç nə demək deyil...

Amma nə faydası? Azərbaycanda onsuz da ictimai rəylə hesablaşan hökumət yoxdur. Böyük ehtimalla saatların dəyişdirilməsində də əsas motiv heç də bundan əldə olunacaq qənaət deyil.

Bu, sadəcə, kiməsə və yaxud kimlərəsə daha xoşdur...

O səbəbdən saatların irəli-geri çəkilməsinin məcazi tərəflərindən bəhs etmək daha düzgün olardı...

BİOLOJİ RİTMLƏR UZLAŞMADIĞI KİMİ...
Azca əvvəldə “bir dəfə avropalı olmaq” ifadəsini işlətdik. Amma bu da çətin məsələdir, biloji ritmlər uzlaşmadığı kimi, ictimai-siyasi ritmlər də uzlaşmır və rəsmi Bakı öz saatı ilə yaşamaqda davam edir...

Amma ölkə avropalılardan bir saat əvvəl oyansa, onlardan bir saat tez evə yollansa da, əqrəbləri mexaniki olaraq irəli-geri çəkmək hələ heç nə demək deyil...

Heç pessimist olmaq istəməzdik. Amma ölkənin saatları ümumilikdə geri gedir, geri qalır... Bir dəfə əqrəbləri geriyə işləyən saat düzəldən saatsazı danışdırırdılar. O vaxt bu, çox simvolik görünmüşdü - 1993-cü ildə ölkə, həqiqətən də, saatlarını geri çəkdi...

BU O STANSİYA DEYİLDİ...
Məlum oldu ki, əski kommunistlərlə vidalaşmaq hələ tezdir. Və ölkə özünün müqəddəratını düşünüb-daşınmadan onlara həvalə etdi...

Onlar da bərk-bərk yapışdılar bundan, axı digərlərindən fərqli olaraq bu zümrə gözəl anlayırdı ki, hakimiyyət sərvət, başqa bir həyat deməkdir. O həyat ki onlar bu vaxta qədər onu yaşamağa alışmışdılar...

Çox qısa müddət - təxminən 4-5 il onlara “tarix qatarı”nda yer tapılmadı. Bu adamlar da hər şeyi etdilər ki, həmin “qatar” yerindən tərpənməsin - “rels”ləri sökdülər, “yol işarələri”ni dəyişdilər və s. və i.a. Beləcə, “qatar” dayandı və sükan əski kommunistlərə təhvil və təslim edildi...

Onlar da başladılar bu “qatar”ı hərəkət etdirməyə və... Və daşa-divara çırpmaqla, “yol qaydaları”nı pozmaqla, min cür çətinliklə, axır ki, gətirib onu bu günə çıxardılar...

Amma məlum oldu ki, bu “stansiya” o “stansiya” deyil - sərnişinlərdən beşi-üçü etiraz etmək istədisə də, onları dərhal “qatar”dan aşağı endirdilər... Qalanları vəziyyətlə barışmalı oldu və hamısı “saat”larını geri çəkdi - bu, yay və ya qış vaxtı deyildi... Bu, bir partiyanın, bir siyasi sistemin vaxtı idi...

TƏKCƏ ƏQRƏBLƏR GERİ ÇƏKİLMƏMİŞDİ...
Az keçməmiş məlum oldu ki, saatlar, sadəcə, geri çəkilməyib, onlar tamam-kamal geri işləyir. Qərəz, ölkə beş-üç il boyunca adını saxlayıb, məzmununu tamam dəyişdi. Bu vaxtadək əldə edilənlər, demək olar, bütün azadlıqlar insanların əlindən alındı və onlar, əslində, bir partiyanın rəhbərliyi ilə yenidən “çiçəklənən diyar” yaratmağa başladılar...

İndi başqa bir vaxt gəlir - problemli ölkədə yaşamaq və bir də problemli ölkəni idarə etmək vaxtı... Görək, bu sınaqdan kim çıxacaq? Yurddan kimlər köçəcək və kimlər qalacaq?..

Rusların bir məsəli var: Bədbəxtlik kömək etməsə, xoşbəxtlik də olmazdı... Bir az keçəndən sonra - daha doğrusu, 2014-cü ilin ortalarında məlum oldu ki, saatlar elə hakimiyyətin özü üçün də geri işləyir...

İndi məlum olur ki, böyük neft pulları dövrü arxada qaldı. Düzdür, bu proses çox ağrılı keçir, gah ümidləndirir, gah da incidir...

Amma deyəsən, tendensiya üzü o tərəfədir - daha o dövr qayıtmayacaq... O dövr isə, az qala bütün rayonlarda tikilən mərkəzlər, hər kvartal təkrar təmir olunan yollar, böyük idman yarışları dövrü idi... O vaxt hər nazir bir idman növünə başçılıq edirdi. İndi, deyəsən, idmançıları görəndə nazirlər qaçmağa başlayacaq...

Elə bu səbəbdən, yay-qış vaxtı deyib, pəjmürdə olmağa dəyməz. Daha vaxt o vaxt deyil. İndi başqa bir vaxt gəlir - problemli ölkədə yaşamaq və bir də problemli ölkəni idarə etmək vaxtı... Görək, bu sınaqdan kim çıxacaq? Yurddan kimlər köçəcək və kimlər qalacaq?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG