Keçid linkləri

-

MÜXALİFƏT KÜTLƏVİLİKDƏN ÇƏKİNDİ...

Bir vaxt bütün keçmiş sovet ərazisində, o cümlədən Azərbaycanda, az qala, hara daş atırdınsa, gedib «siyasətçi»yə dəyirdi...

Siyasət kütləvi məşğuliyyətə çevrilmişdi. Bir başqa zaman da onun bu qədər kütləviliyini görmək bizə qismət olmadı...

Doğrusunu desək, bunu heç istəmirdik də... O vaxtlar materialist dialektikası çiyinlərini təzəcə yerə qoymuşdu...

Biz də fərqinə varmadan, ağına-bozuna baxmadan, onun bütün qanunlarını elmdən «silmişdik»- kəmiyyətin keyfiyyətə çevrildiyinə bizi inandırmaq elə də asan deyildi...

Zaman keçəcək və hər şey yerini tutacaqdı. Amma o vaxtlar hamımız mərhum Aydın Məmmədovun bir fikri ilə yüzə-yüz razıydıq. Aydın müəllim tez-tez deyirdi ki, xalqı «siyasi narkoman»a çevirib buraxmışıq küçələrə, indi də yığa bilmirik...

Aramızda o dövrün siyasətçilərini - «cəbhəçi»ləri sevməyənlər az deyildi. Bir çoxumuzun fikrincə, bir az köntöy, bir az savadsız, bir az da qışqırıqçı «cəbhəçi»ləri qaragüruhçu saymaq olardı - hamımız AXC orqanlarında təmsil olunsaq da. Sıralarında olduğumuz bu təşkilata qarşı bir çoxumuzun içində bir opponentlik hissi vardı...

Bir az köntöy, bir az savadsız, bir az da qışqırıqçı «cəbhəçi»ləri qaragüruhçu saymaq olardı - hamımız AXC orqanlarında təmsil olunsaq da.

Amma «Bütün dərdlərin məlhəmi zamandır» – deyiblər. Sonralar nə oldu, bunu hamı yaxşı bilir. Öz opportunizmimizi davam etdirirdik, ta bir nəfər gəlib bizi xəyallardan ayırana, bir az yerə enirənəcən. Həmin o bir nəfər maraqlı bir fikir söylədi: «Siz nə edirsiniz? Yoxsulların düşərgəsində oturub varlıların şüarlarını qışqırırsınız?!.».

BİR VAXT «AYILDIQ», AMMA GEC İDİ...

Bu sözlər çox təsir etdi. Həm də Alexis Tokvill-dən oxuduğumuz bəzi şeylər də bizi ayıltdı. O da Amerika təəssüratlarında heyrətlə yazırdı ki, bu necə qəribə ölkədir, insanlar meydanlardan yığışmır, hara gedirsən mitinqdir!..

Bunları oxuyandan sonra nədə səhv etdiyimizi anladıq. Amma gec idi, artıq qatar getmişdi. Artıq «cəbhəçi»lər də yox idi, onlar müxtəlif partiyalara səpələnmiş, dolanışıq ucbatından ölkəni tərk etmiş və yaxud ümumiyyətlə siyasətdən çəkilib-getmişdilər...

Amma gec də olsa, anladıq ki, siyasətə «intellektual»lar axtarmaqla, mücərrəd şüarlar söyləməklə, əslində, sosial bazamızı, siyasi düşərgəmizi və tərəfdarlarımızı dağıtmaqla məşğul olmuşuq. Sözsüz ki, «cəbhəçi»lər intellektual deyildilər. Aralarında intellektuallar yox dərəcəsində idi, amma elə özümüz də olan-qalan ölkə intellektuallarının sevimlisi deyildik...

«KÜBAR»LAŞDILAR VƏ TƏK QALDILAR...

Bu qədər girişə niyə ehtiyac duydum? Gözümüzə kiçik bir xəbər sataşdı ki, Boris Nemtsov-un qətlindən sonra Rusiya müxalifəti birləşməyə, növbəti parlament seçkilərinə vahid siyahıyla qatılmağa təşəbbüs göstərib...

Müxalifət sıralarında süni «elitarlaşma» prosesi getdi. Axırda o qədər «elitar»laşıb, o qədər «kübar»laşdılar ki, cəmiyyətə, tərəfdarlarına tam anlaşılmaz oldular.

Xəbər o qədər kiçik, o qədər sönük idi ki, elə bil Rusiya müxalifətinin boyuna ölçülmüşdü. Eyni aqibəti Azərbaycan müxalifəti də yaşayır...

Hər iki ölkədə müxalifət sıralarında süni «elitarlaşma» prosesi getdi. Axırda o qədər «elitar»laşıb, o qədər «kübar»laşdılar ki, cəmiyyətə, tərəfdarlarına tam anlaşılmaz oldular və fikrimcə, tam marginallaşdılar. Azərbaycanda hətta AXC-dən qopmuş elə partiyalar vardı ki, «cəbhəçi» sözü orada az qala söyüş kimi işlədilirdi...

Nəticəsi nə oldu? Bir vaxt kütləvi hərəkat, kiçik qəlpələrə, kiçik qəlpələrsə, ən yaxşı halda, «dissident klubları»na, amma daha çox «siyasi məntəqə»lərə çevrildilər..

MƏNİMSƏNİLMİŞ ŞÜARLAR...

Rusiya müxalifətinin elə bir şansı yoxdur, axı bu müxalifətin hansı ideoloji düşərgəni təmsil etdiyi və kimin maraqlarına tuşlandığı məlum deyil...

Eyni aqibəti Azərbaycan müxalifəti də yaşayır. Hakimiyyət müxalifətin, demək olar, əksər şüarlarını mənimsəyib. Düzdür, onların məzmununu da dəyişib, özünə sərf edən şəklə çevirib, amma mənimsəyib...

Hələ onu demirik ki, müxalifətin bir çox məsələlərlə bağlı təsəvvürləri şüar səviyyəsində də qalıb. Amma bir daha söyləyirik ki, hakimiyyət bütün bunları elə həqiqətən necə var, o cür öyrənib... Öyrənməsəydilər, onları özlərinə sərf edən kimi təhrif edə bilməzdilər...

Artıq millətçi də, türkçü də, azərbaycançı da, liberal bazar tərəfdarı da, dövlətçi də, müstəqillik tərəfdarı da elə bunların özləridir. Bir kimsəyə azacıq şans saxlamırlar...

Eyni sözləri Vladimir Putin və onun təmsil etdiyi siyasi cinah haqqında da söyləmək olar. Putin sağ mərkəzçi elektoratı ələ keçirdi. Özünün dövlətçi baxışları ilə Rusiya millətçilərinin dəstəyini, sovet keçmişinə sayğısı ilə solçu elektoratın rəğbətini qazandı...

Azərbaycanda da hakimiyyət «dövlət milləti» –azərbaycançlılıq ideyasını mənimsədi, Qarabağ məsələsində müxalifətdən də sərt mövqe tutdu və özünün radikal ritorikası ilə müxalifətin liberal-vətənpərvər şüarlarını geridə qoydu, müəyyən qədər bazar iqtisadiyyatını təmin etdi... Daha nə qaldı?..

O şüarları ki, bir vaxt müxalifət meydanlarda deyirdi, indi onları eşitmək üçün meydana getmək lazım deyil, televizorun düyməsini basmaq yetər. Artıq millətçi də, türkçü də, azərbaycançı da, liberal bazar tərəfdarı da, dövlətçi də, müstəqillik tərəfdarı da elə bunların özləridir. Bir kimsəyə azacıq şans saxlamırlar...

O üzdən istər Rusiyada, istərsə Azərbaycanda müxalifət haqqındakı xəbərlər o qədər sönük görünür ki, dünyanın ən güclü «projektor»ları da onların parıltısını artırmaq gücündə deyil. Çox təəssüf... Plüralizm, fikir və baxış çəkişmələri olmayan yer, təbii ki, sönüklüyə, yerində saymağa və geriləməyə məhkumdur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG