Keçid linkləri

Təcili xəbərlər

Aprel «utopiya»sı...


Vladimir Lenin - 1919
Vladimir Lenin - 1919

-

HEÇ İNDİ DƏ «BABA»LARSIZ KEÇİNMİRLƏR...

Dünyanın böyük diktatorları sırasında onun adını çəkmirlər. Amma o, dünyanın ən böyük diktaturalarından birini yaratmışdı. Hələ xeyli keçəcək, politoloq və sovetoloqlar onun qurduğu rejimə totalitar rejim adını qoyacaqdılar...

Amma bu o vaxtlar heç ağlımıza da gəlməzdi, bundan tam xəbərsiz idik. Az qala, hər yandan bizə boylanan bu qıyıqgöz və hamını çox qəribə gülümsəyişlə süzən daz kişi bizdən ötrü dünyanın ən mələkmisal adamıydı... Bəli, o bizə məhz belə - özündə dünyanın ən nəcib keyfiyyətlərini təcəssüm etdirən insan kimi (təkcə insan kimimi?!.) təqdim olunurdu və biz də ona inanırdıq. İnanırdıq deyəndə ki, başqalarının əvəzinə danışmaq çətindir, amma inanmadığını deməyən adamlar ya yox idi, ya da biz onları görmürdük...

O, ideal şagird, ideal tələbə, ideal oğul, ideal inqilabçı, ideal siyasətçi və ideal alim idi...

Bəlkə də Sovetlər Birliyi dağılandan sonra dünyaya göz açmış və o quruluşu görməmiş indiki gənclərə bunlar bir qədər qeyri-adi görünür...

Əslində isə qeyri-adi heç nə yoxdur. Bəli, əslində, o qəlib və standartlar, o pafos, haradasa, elə indi də qalıb, sadəcə, ad və sözlər dəyişib... Özü də təkcə Azərbaycanda deyil, Türkmənistanda da qalıb, Özbəkistanda da, Qazaxıstanda da... Hələ Quzey Koreyanı demirəm. Hələ onu da demirəm ki, dünyada Çinin və çinlilərin toxunmadığı bir yer, sahə qalmayıb… Amma Mao - o qoca və qocaman Mao tam toxunulmaz qalıb...

İndiki gənclərlə bizim fərqimiz, olsa-olsa, yalnız onda idi ki, onlar bəlkə yalan danışdıqlarını bilirlər, düşünürlər ki, elə belə də lazımdır. Düşünürlər ki, bu, karyera və inkişafa gərəkdir, bizsə bilmirdik...

O üzdən bizim suçumuz, günahımız daha az idi... İnanmağımız – günahımız idi...22 aprel bizim üçün, gerçəkdən, sayqılı gün idi. Axı o gün «dünyanın bütün əzilənlərinin pənahı, bütün hüquqsuzların dayağı» Vladimir Ulyanov Lenin doğulmuşdu...

Lenin Bolşevik partiyasının lideri Yakov Sverdlov-un dəfnində çıxış edir - 1919
Lenin Bolşevik partiyasının lideri Yakov Sverdlov-un dəfnində çıxış edir - 1919

LAP SANTA KLAUS KİMİ...

Vaxt keçəcək, biz də böyüyəcəkdik. Və böyüdük də... Lenin də bizimlə, elə bizimlə həmahəng böyüdü. Uşaqlıqda mələk kimi tanıdığımız bu adamı böyük «əmi» kimi də tanımaq imkanımız oldu...

Bilmirəm, o, bəlkə də, yalnızca tarixdir. Elə bir tarix ki, ola bilsin, çoxu onun bir daha qayıtmayacağını düşünür. Bizim də kimisə qorxutmaq, «özünü yaxşı aparmasan, Lenin baba qayıdar» demək fikrimiz yoxdur.Kimin və ya nəyin qayıdıb-qayıtmayacağını heç kim bilmir. Mənə qalsa, düşünürəm ki, o, hələ tam getməyib...

...Şaxta babanı uşaqlar hər yerdə fərqli adla (Santa Klaus, Noel baba...) çağırdığı kimi, onu – Lenin babanı da indi müxtəlif yerlərdə müxtəlif adlarla çağırırlar... Bir ölkədə Mao, başqasında Kim Jong-il, digər bir yerdə də bir başqa cür... Əsas odur ki, dünyada insanlar hələ də «baba»larsız keçinə bilmirlər... Daha əvvəldə ərz etdiyim kimi, «baba»lar hələ çox ölkələrdə qalıb... Və hələ nə qədər də qalacaq...

Asan deyil, axı utopiyalar da tiryək kimidir. Bir də görürsən, haradasa baş qaldırdı və başladı... Yox, vacib deyil məhz kommunizm qiyafətində olsun. Bilirsiniz, əsasnədir? Əsas odur ki, utopiyalar cənnət vəd edir. Dünyada isə insanlara cənnət vəd edənlər həmişə çox olur...

İŞİD DƏ BİR «UTOPİYA»DIR...

Məndən tutalım, bugünkü İŞİD-çilər mahiyyət etibarilə utopiyaçılardan elə də fərqlənmirlər - bəli, haradasa bir adam peyda olur və fərqi yoxdur ki, özünü bütün insanların, yoxsa yalnız müsəlmanların pənahı elan edir… Əsas odur ki, o, cənnət vəd edir...Və bunun üçün də öldürmək lazım olduğunu deyir. İnsanlar da öldürürlər... Düşünürlər ki, nə qədər çox öldürsələr, cənnətə yol o qədər tez qısalacaq...

Vladimir Lenin Almaniya proletariatının liderləri Karl Liebknecht və Rosa Luxemburg-un qətlinə etiraz yürüşündə çıxış edir - 1919
Vladimir Lenin Almaniya proletariatının liderləri Karl Liebknecht və Rosa Luxemburg-un qətlinə etiraz yürüşündə çıxış edir - 1919

«LİKVİDATOR»...

Bu sətirlərin müəllifinin artıq əlli yaşı var. Bu yaşda düşünürəm ki, görəsən, Lenin-in ən çox sevdiyi söz nə idi? Ağlıma onun çox işlətdiyi «likvidirovat» (ləğv etmək, aradan qaldırmaq, yox etmək…) sözü gəlir.

O, həqiqətən inanırdı ki, ölkənin bütün filosoflarını bir günün içində tam «likvidirovat» eləmək olar. Elədi də... Hamısını bir gəmiyə toplayıb bir günün içində ölkədən qovdu...

Həqiqətən də inanırdı ki, bütün varlıları bir günün içində «likvidirovat» eləmək olar... Elədi də... Öldürdüyünü öldürdü və qalanlarını ölkədən qovdu... Sonra fikirləşdi ki, bəli, bütün başqa cür düşünənləri də «likvidirovat» eləmək olar... Beləcə, bir ölkədə, bəlkə də, 20-ci əsrin ən böyük həbs düşərgələri yarandı...

İndi bəlkə İŞİD-çilər də düşünürlər ki, bütün qərbliləri «likvidirovat» eləmək olar. Nəyi «utopiya» deyil?..

Doğrusu, «utopiya» sözünü yazıram, özüm də bir az duruxuram, axı «Əcəb utopiyadır!» deyəcəyinizdən ehtiyatlanıram...

Lenin-ə «Kreml xəyalpərvəri» deyirdilər... Bəli, o Lenin-ə ki onun üçün vətəndaş müharibəsi və öldürmək, sürgün etmək adi bir inqilabi «stixiya» idi... Əcəb xəyaldır, deyilmi? Nə isə. Getsin, bir daha qayıtmasın...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG