Keçid linkləri

-

SEÇKİ ƏN GÖZƏL ŞOUDUR....

Türkiyədə parlamentə seçkilər bitdi, amma cavabdan çox suallar ortaya çıxdı: İndən belə nə olacaq? Hakim partiya öz planlarını gerçəkləşdirə biləcəkmi? Hökumət necə formalaşacaq? Koalisiyanı hansı partiyalar quracaq? Təkrar seçkilərə gediləcəkmi? İndi bu və başqa suallar təkcə seçki ekspertlərini və politoloqları deyil, Türkiyənin bütün vətəndaşlarını düşündürür...

Amma bir incə məqam var: Bu seçkiyə dörd-beş partiyanın maraqları prizmasından da baxmaq olar, cəmiyyətin, ölkənin prizmasından da...

Ən çox nə diqqət çəkdi? Jurnalistlər seçkinin ilkin nəticələrini elə coşquyla şərh edirdilər ki, adam, istər-istəməz, «dünyada seçkidən maraqlı şou yoxdur» düşüncəsinə qapılırdı...

Arada, bilərəkdən, telekanalları bir neçə dəfə dəyişdim. Bilmək istədim ki, görəsən, bizim TV-lər nə göstərir? Oxuyurdular!.. Bəli, bütün kanallarımızda musiqili verilişlər gedirdi...

Məyus olub yenidən Türkiyə kanallarına qayıtdım və sonadək onları izlədim. Təsəvvür edin, hər bir bölgədə seçkinin nəticələri analiz olunur, əvvəlki göstəricilərlə tutuşdurulurdu...

HƏM SEVİNİR, HƏM KƏDƏRLƏNİRDİK...

Adam buna baxanda həm sevinir, həm də kədərlənir. Ona görə sevinir ki, haradasa, daha bir ölkədə insanlar həqiqi seçkilərə qatılır və siyasətçilər də məhz onların qərarını əsas götürürlər...

Ona görə kədərlənir ki, qeyri-ixtiyari düşünürsən: İlahi, görəsən, doğrudanmı, biz də müsəlman və ya türkük?..

Azərbaycandakı seçkilərlə bağlı dəfələrlə yazmışam. Yazmışam ki, bu seçkilərin saxta olduğuna əminlik üçün onların nəticələrinə bircə dəfə baxmaq yetər. Bəli, seçkilərin coğrafiyası yetərincə işıqlandırılmır, mandatların, demək olar, hamısını hakim partiya «qazanır», digər partiyaların payına tək-tük mandat düşür, özü də hamının yox, yalnız hakimiyyətə yaxınlığı ilə seçilən partiyaların... Üstəlik, bu «siyasi konstruksiya» ildən-ilə və seçkidən-seçkiyə dəyişmir, necə var, elə də qalır...

Təhlilçi sifətində bir neçə dəfə hakim partiyanın deputatları ilə söhbətlərə qatılmışam. Hər belə söhbət zamanı düşünmüşəm ki, ilahi, mən kimi sorğu-suala tutmuşam, bu adam özü də əməlli-başlı bilmir ki, hansı dairədən seçilib...

BİRCƏ DƏFƏ HƏQİQƏTƏN DƏ SEÇİLMƏK...

Jurnalist fəaliyyəti dövründə adam çox şeylə rastlaşır. Təhlilçi sifətində bir neçə dəfə hakim partiyanın deputatları ilə söhbətlərə qatılmışam. Hər belə söhbət zamanı düşünmüşəm ki, ilahi, mən kimi sorğu-suala tutmuşam, bu adam özü də əməlli-başlı bilmir ki, hansı dairədən seçilib... Bilmir ki, həqiqi, gerçək seçki və həqiqətən seçilmək necə olur!..

O üzdən indi apteklərə ürək dərmanlarına görə üz tutanların çoxalmasına təəccüblənmirəm. Elə mövzular var ki, onlara toxunmaq da adamın ürəyini ağrıdır...

«İNZİBATİ RESURSLAR...»

Burada, əslində, Türkiyədəki son seçkilərin sonuclarını araşdırmalıydım, amma sözümün əvvəlində dedim ki, vəziyyət çox mürəkkəbdir. Bəzi təhlilçilər hətta bu nəticələrlə hökumətin qurula bilməsinə şübhə edir və erkən seçkilərdən dəm vurur...

Amma hələ bütün resurslar səfərbər olunmayıb və hətta ilkin nəticələr bir neçə koalisiya formuluna işarə edir... Əsas odur ki, Türkiyə demokratik dövlətdir və bu ölkədə həqiqətən də demokratik seçkilər keçirilir...

Hakim partiyanın müəyyən problemlərlə qarşılaşacağını seçki ərəfəsində mən də təxmin etmişdim. Demokratik ölkələrdə hakimiyyətdə olmağın seçki baxımından üstünlükləri onun çatışmazlıqlarından, «mənfilik»lərindən daha azdır, çünki Azərbaycan kimi ölkələrdə dəb olan «inzibati resurslar» ifadəsinə və hakim partiyanın bu resurslardan yararlanmasına oralarda bizdəki dərəcədə təsadüf etməzsiniz. Aşağı-yuxarı, bütün partiyalara eyni şərait yaradılır və hakim partiyanın sözügedən resurslardan yararlanması üzə çıxsa, bu, seçkinin nəticələrinin ləğv edilməsinə əsas ola bilər...

Ölkə 1993-cü ildən bəri halallıqdan uzaqlaşdı. Ölkədə cəmi bircə dəfə seçkiyə bənzər nəsə keçirildi... Əsl seçki nəticəsini - 50 faizdən bir qədər artıq nəticəni bizlər də gördük və...

İDEAL OLMASA DA...

Demirəm ki, Türkiyə ideal dərəcədə demokratik ölkədir. Bəlkə də cinsi azlıqların, ümumiyyətlə, azlıqların hüquqlarına daha həssas olan Avropa ölkələrinin prizmasından baxanda, bu ölkədə «problemlər» hələ çoxdur...

Ola bilsin, məhz bu amilləri nəzərdə tutan bəzi postliberal ölkələr Türkiyə demokratiyasını, sadəcə, «seçki demokratiyası» adlandırır. Amma diqqətlə baxanda görürsən ki, ölkə son vaxtlar hətta bu problemlərə də diqqət yetirir -cinsi azlıqlar olmasa da (onların təmsilçiləri həmin postliberla ölkələrin özündə də seçki siyahılarına başçılıq etmirlər!), dini və milli azlıqların təmsilçiləri əsas partiyaların seçki siyahılarında çox önəmli yerləri tuturlar...

Amma bütün bunlar haradasa uzaqda – Türkiyədə baş verir. Bir daha Azərbaycana qayıdaraq düşünürəm ki, ölkə 1993-cü ildən bəri halallıqdan uzaqlaşdı. Ölkədə cəmi bircə dəfə seçkiyə bənzər nəsə keçirildi... Əsl seçki nəticəsini - 50 faizdən bir qədər artıq nəticəni bizlər də gördük və... Bitdi, daha olmadı və gerçək seçki bir daha təkrarlanmadı...

...Bunları düşünə-düşünə, yenə kanalı dəyişdim. Bizimkilər hələ də oxuyurdular...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG