Keçid linkləri

Təcili xəbərlər

Başqa planetə köçə bilməyəcəyiksə...


Hökumətyönümlü gənclərin Avropa Birliyinin Bakı ofisi qarşısında etiraz aksiyası - 11 iyun 2015. Foto: Trend.
Hökumətyönümlü gənclərin Avropa Birliyinin Bakı ofisi qarşısında etiraz aksiyası - 11 iyun 2015. Foto: Trend.

-

ABŞ BATMADI, ƏVƏZİNDƏ...

Bu bir gün də sovuşsaydı, rahatca nəfəs alardıq... Yəqin səbəbini xüsusi incəliklə izah etməyə ehtiyac yoxdur - ölkədə sanki bir şübhəlilik atmosferi və qısqanclıq ovqatı yaşanır. Bircə o qalıb ki, lap sovetlərin vaxtında olduğu kimi, hər yerdə böyük bir plakat assınlar və üstündə də yazsınlar ki, sən Avropa Oyunlarını dəstəkləyirsənmi?

Öz tərəfimdən deyirəm: bəli, dəstəkləyirəm, özü də hamıdan da çox. Sadəcə, oyunlar ərəfəsində ölkədə baş alıb gedən avropafobiya məni qorxudur. Bu nə əcaib məntiqdir ki, ilk Avropa Oyunlarının keçirməyə hazırlaşan ölkədə böyük avropafobiya yaşanır, hə?..

Bir neçə dəfə demişəm: bu, bizə başucalığı gətirmir. Fikir verin, görün, hansı ölkələr Avropaya, ümumiyyətlə, Qərbə opponentlik edir? Onlar elə də çox deyil, bir neçə ölkədir - İran, Şimali Koreya və s...

Xüsusən jurnalistika sahəsində geriyə böyük bir addım atıldığı sezilir. Bunu elə sovetlər vaxtındakı jurnalistika ilə müqayisə edərdim. O vaxt bir məşhur sovet jurnalisti vardı - amerikaşünas, keçmiş bakılıydı, adı da Valentin Zorin...

Bu adam Amerika haqqında silsilə verilişlər, filmlər hazırlayar - az qala, ABŞ-da harada yerə zibil tullayardılarsa, gedib oranı çəkər və təxminən belə deyərdi: «ABŞ batır, ABŞ çökür, tənəzzül edir...».

Bu nə əcaib məntiqdir ki, ilk Avropa Oyunlarının keçirməyə hazırlaşan ölkədə böyük avropafobiya yaşanır, hə?..

Amma axırı çox maraqlı oldu - ABŞ tənəzzül etmədi, batmadı. Əvəzində sovet hakimiyyəti çökəndən sonra həmin o Valentin Zorin cənabları digər bir jurnalistin – Vladimir Pozner-in məsləhətiylə özünün jurnalistlik fəaliyyətinə görə bütün sovet xalqından üzr istədi...

GERÇƏK AVROPA NƏLƏRİ SEVMƏZ?..

Oyunlar ərəfəsində Avropada Azərbaycanla bağlı neqativ fikirlər səslənməsəydi, buna təəccüblənərdim. Axı, az qala, bütün aləmi biri-birinə qatmışıqsa, heç kimi eşitməz və saymaz olmuşuqsa, buna görə bizə kim «sağ ol!» deyəcək. Belə umacaqlar hansı məntiqə sığar?

Məsəl var, deyirlər ki, od yanmasa, tüstü çıxmaz. Heç olmasa, bircə dəfə tənqidlərə diqqət yetirməliyik. İnanın, tənqidlərə diqqətli olsaq və bu tənqidlərdə səslənən qüsurları aradan qaldırmağa çalışsaq, bir də görərik ki, Avropanın ən çox sevdiyi ölkə bizik...

Əslində, səslənən iradlar ölkədən və onun cəmiyyətindən daha çox idarəçilərin və siyasi sistemin özəlliklərindən irəli gəlir. Bizdə hələ də özünə qarşı münasibəti hamıya qarşı münasibət kimi təqdim edənlər çoxdur...

Avropada, bir cəmiyyət kimi, azərbaycanlılara qarşı hansısa neqativ münasibət ola bilməz. Ən azı ona görə ki, onların çoxu, bizi heç tanımır...

Avropada, bir cəmiyyət kimi, azərbaycanlılara qarşı hansısa neqativ münasibət ola bilməz. Ən azı ona görə ki, onların çoxu, bizi heç tanımır.

Avropada tənqid olunan yalnız ölkənin siyasi sistemi, ölkədə demokratiyanın və insan haqlarının vəziyyətidir...

MARSA KÖÇMƏK ŞANSIMIZ BÖYÜK DEYİL...

Bircə detalı unutmaq lazım deyil ki, başqa planetə, tutalım, Marsa uçmaq şansımız hamıdan azdır. Biz Yer adlı planetdə yaşamağa məhkumuq.

Bu planetin də öz birgəyaşam qaydaları var. Nə olar, gəlin bu qaydalara bir az diqqətli yanaşaq...

Rusiya böyük ölkədir. Bəlkə onun Avropasız yaşamaq imkanları doğrudan da az deyil, amma Azərbaycan kiçik dövlətdir. Böyüməyimizin də bir yolu var: dünyaya açıq olmaq, dünya xalqları ilə əməkdaşlıq etmək və aldatmağa çalışmamaq... Bunlar olsa, onda bizə qarşı münasibət də dəyişəcək... Demirəm ki, ziddiyyətli durumda təkcə bizik. Yox, belə başqa kiçik dövlətlər də var. Onlar hələ də stabil və birmənalı siyasi zolağa çıxa bilmirlər...

Amma Avropada qitənin siyasi atmosferinə gözəl uyğunlaşan kiçik dövlətlər az deyil. Gözəl uyğunlaşdıqları qədər də gözəl yaşayırlar...

AVROPA ASİYALILARIN GÖZÜ İLƏ...

İndi, bir az əvvəldə dediyim kimi, qəribə tendensiya yaranıb - gedib Avropadakı asiyalı miqrantların problemlərini çəkirlər ki, bu qitə haqqında neqativ fikir formalaşdırsınlar...

Avropada yüz illər boyunca insanlar zəhmət çəkib normal dövlətlər yaradıblar. İndi onlar nə etsinlər? Hər işə hazır olan, bir az da demokratiyaya etinasız olan asiyalıları öz ölkələrində yuxarı başa keçirsinlər?!

Bəli, miqrantların Avropada problemləri var. Bu da təbiidir. Bu problemlər olmasa, Asiyada müstəbid diktatorlardan savayı heç kim qalmaz və hamı Avropaya qaçar...

Məgər bunu başa düşmək bu qədərmi çətindir? Avropada yüz illər boyunca insanlar zəhmət çəkib normal dövlətlər yaradıblar. İndi onlar nə etsinlər? Hər işə hazır olan, bir az da demokratiyaya etinasız olan asiyalıları öz ölkələrində yuxarı başa keçirsinlər?!

Bu, təbii ki, olmayacaq. Avropa həmişə miqrantların sayını tənzimləməyə və məhdudlaşdırmağa çalışacaq... Ta o vaxtacan ki Asiyada da normal dövlətlər çoxalsın. Asiyalılar - zəif inkişaf etmiş dövlətlərin vətəndaşları da çalışmalıdırlar ki, onların vətəni Avropa kimi olsun, Avropaya çatsın...

Bizim «film»lərə, «telesüjet»lərə gəlincə, onların Avropaya elə bir isti-soyuğu yoxdur. Hətta bəlkə də, bir kənar baxış kimi, onlara maraqlıdır. Yetər ki qərəzli olmasın...

Bəzən, bir qrup insan da, bütün baxış bucaqlarını əhatə edə bilmir. O üzdən, güman ki, «Avropa asiyalıların gözü» ilə rubrikası altında təqdim olunan film və videosüjetlər avropalılarda maraq doğura bilərdi. Təbii ki, səmimi və qərəzsiz çəkilsə...

...Bir vacib məqam da var: Fərdlərə xas olan simptomlar cəmiyyətlərə şamil edilməz. Amma fərd səviyyəsində hər şeydən şübhələnmək, hamını özünə qarşı qərəzli saymaq çox ciddi tibbi-psixiatrik simptomdur. Demək, fobiyalardan qaçmaq lazımdır, onlar hələ heç kimə xeyir gətirməyib...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG