Keçid linkləri

-

YAXŞI Kİ ETİRAZ ETMƏYƏ QOYURLAR...

Ermənistanda gedən aramsız siyasi etirazlar hərədə bir cür təəssürat oyada və hərə bundan istədiyi nəticəni çıxara bilər. Di gəl, bir nəticə də var ki, ondan heç cür qaçmaq mümkün deyil: orada insanlar, heç olmasa, etirazlarını dilə gətirə və eşitdirə bilirlər...

Düzdür, oradakı etirazlar da polisdən ciddi təpki görür - insanları döyür, etirazları dağıdır, fəalları həbs edirlər. Amma əsas odur ki, öz etirazlarını ifadə etmək üçün onları dağa-dərəyə, gözdən-qulaqdan uzaq yerlərə göndərmirlər. İnsanlar ölkə başçısı ilə görüşmək istədiklərini eşitdirirsə, bu, o qədər də fantastik tələb deyil. Hətta görüş heç baş tutmasa da...

Yadınıza salım ki, Azərbaycanda da bir neçə dəfə belə istəkdə bulunmuşdular - söhbət yalnız siyasi partiya təmsilçilərindən getsə də. Amma onlara verilən cavabdan sonra həmin partiyalar, çətin ki, indən belə bənzər tələb irəli sürsünlər...

DƏRİNDƏN BAXANDA HEÇ ORADA DA...

Burada iki ölkəni ciddi şəkildə müqayisə etmək fikrindən uzağam. Əslində, siyasi baxımdan onların hər ikisi avtoritar ölkədir. Ümumi hesabda, xüsusən sosial-iqtisadi göstəricilərinə görə Azərbaycan, sözsüz ki, irəlidədir.

Amma Azərbaycanda demokratiya balının aşağı düşdüyü də bir faktdır və dərhal da təbii sual doğur: Burada nə vaxtsa əməlli-başlı demokratiya olub?

Ermənistandakı seçkiləri götürsək, ilk baxışda, onların nəticələri daha inandırıcı görünür. Heç olmasa ona görə ki, oralarda 90 faizlik seçki sonucuna təsadüf edilmir....

Məsələn, Ermənistandakı seçkiləri götürsək, ilk baxışda, onların nəticələri daha inandırıcı görünür. Heç olmasa ona görə ki, oralarda 90 faizlik seçki sonucuna təsadüf edilmir....

Bununla Ermənistan hakimiyyətinin siyasətini təmizə çıxarmaq fikrindən çox-çox uzağam. Axı bəzi parametrlər daha gözəxoş görünsə də, orada gerçək demokratiyadan deyil, onun daha məharətli imitasiyasından söhbət gedə bilər.

Ermənistanda beynəlxalq siyasi konyunkturanın nəbzini daha yaxşı tuturlar. Belə olmasaydı, o zaman bütün seçkiləri, az qala, eyni siyasi klan necə uda bilərdi?!

Ermənistan hakimiyyətinin bir böyük suçu da xalqı yaxşı heç nə vəd etməyən – gələcəksiz bir münaqişəyə sürükləməsidir. Bu münaqişə olmasaydı, ölkədəki iqtisadi və sosial-siyasi durum indikindən bir neçə dəfə yaxşı ola bilərdi...

BİR OVUC BÜDCƏ İLƏ...

Hər halda, indiki «siyasi vurnuxma»lar mənasız olacaqdı. Baxın, ölkə, haradasa, Rusiya üçün də önəmini itirib. Gör Ermənistan nə günə qalıb ki, yarıhənək-yarıgerçək Avrasiya İttifaqı da ona maraq göstərmir.

Burada Ermənistan və Rusiya siyasi elitaları arasında bəlli psixoloji yaxınlığa da toxunmamaq olmur: Rusiya, vur-tut, 70 milyard dollarlıq hərbi büdcəsiylə (ABŞ-ın hərbi büdcəsi bundan 8 dəfə çoxdur!) dünyaya meydan oxuduğu kimi, Ermənistan da özünün cırtdan hərbi büdcəsiylə bölgədə siyasi hegemonluğa can atır...

Gör Ermənistan nə günə qalıb ki, yarıhənək-yarıgerçək Avrasiya İttifaqı da ona maraq göstərmir.

RUSİYANI İRAN KÖRFƏZİNƏ ÇIXARMAQ İSTƏYİ...

Təbii ki, Ermənistan bu vəziyyətdən «çıxmağa», Rusiya və Avrasiya İttifaqı üçün maraqlı olmağa çalışır. Bu yaxınlarda böyük bir layihədən - ölkəni, əslində, İran körfəzinə çıxaracaq Ermənistan-İran dəmiryolu layihəsindən söhbət getdi. Ermənistanda ümid edirlər ki, bu ilin sonunda və ya gələn ilin əvvəlində layihə üzərində işə başlamaq mümkün olacaq... Amma bir neçə nüansı unutmayaq...

NÖVBƏTİ XÜLYA, YOXSA...

Birincisi, layihəni gerçəkləşdirmək üçün Ermənistanın heç bir resursu yoxdur və sadəcə, ümid var ki, onun «geosiyasi çəkisi», böyük ehtimalla, Rusiya və Avrasiya İttifaqının diqqətini çəkəcək...

Ermənistan hakimiyyətinin fikrincə, bu,Rusiyanın çoxəsrlik geosiyasi ambisiyasına - İran körfəzinə çıxmaq istəyinə yardımçı ola biləcək bir layihədir. Beləcə, Ermənistan özünün, ən azı, bir əsrlik tarixi olan «geosiyasi missiya»sına bir daha sadiq qalaraq Rusiyaya növbəti xidmətini təklif edir.

İkincisi, başqa bir problem də var. Azərbaycanın da İran və Rusiya ilə münasibətləri pis deyil və lazım gələrsə, Azərbaycan da onlaraöz xidmətini təklif edə bilər. Bu ölkənin coğrafi şəraiti uyğun, maddi resursları yetərlidirsə, sözügedən layihəni nədən Azərbaycandan keçməklə gerçəyə çevrilməsin? Bu, daha ucuz başa gələr, axı...

Diaspor yalnız bir istiqamətdə - Ermənistan vətəndaşlarının xaricdə mühacir statusu almasında yardımçı ola bilir...

Qərəz, ola bilsin, haqqında danışdığımız layihə Ermənistan hakimiyyətinin növbəti xülyasıdır. Burada qeyd etmək yerinə düşər ki, neçə illərdir, Azərbaycan da böyük bir layihəni həyata keçirməyə çalışır. Söhbət Bakı-Tbilisi-Qars dəmiryol xəttindən gedir. Ən müxtəlif və çox da açıqlanmayan səbəblərdən həmin xəttin təhvil verilməsi yubansa da, bir şey aydındır: hər halda, sözügedən dəmiryol xətti Ermənistanla İranın planlarından daha tez gerçəkləşəcək. Bu isə o deməkdir ki, Azərbaycan başqa bir layihəyə də başlamaq fürsəti bulacaq...

CƏMİYYƏT ÖZÜNÜN ƏSAS PROBLEMİNİ GÖRMÜR...

O üzdən proseslər Ermənistan üçün o qədər də ümidverici deyil. Hətta nisbi demokratiya da, ölkədə siyasi atmosferin öz qonşusuna görə bir az mülayim olması da Ermənistan cəmiyyətinin rifahını önəmli dərəcədə yüksəldə bilməz...

Bu illər ərzində diasporla bağlı ümidlər də doğrulmadı. Diasporu «erməni genosidi» daha çox maraqlandırır, nəinki sosial-iqtisadi layihələr. Diaspor yalnız bir istiqamətdə - Ermənistan vətəndaşlarının xaricdə mühacir statusu almasında yardımçı ola bilir...

...Və istər-istəməz, bir maraqlı sual – «Bəs «Böyük Ermənistan»da kimlər yaşayacaq» sualı diqqət çəkir. Axı indiki – bu kiçik, bu balaca, bu ufaq Ermənistanı da əkib-becərən və tikib-quran tapılmır!..

...Deməli, düşünmək olar ki, bu ölkədə etirazlar hələ çox sürəcək. Di gəl, narazılıq aksiyaları bir nəticə verəcəkmi? Axı Ermənistan cəmiyyəti, hələ ki, ən əsas məsələyə - son 30 ildə təkrar girovuna çevrildiyi mənasız hərbi münaqişəyə son qoyulma tələbini dilə gətirmir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG