Keçid linkləri

Təcili xəbərlər

Manat yenə dəyərdən düşəcək?


-

İNSANLAR NƏDƏN NİGARAN QALIBLAR?

Mərkəzi Bankın sədri milli valyuta kursunun problem yaşatmayacağını desə də, xeyli insan nigaran-nigaran vurnuxur. Axı bu fikir də dolaşırdı ki, hökumət Avropa Oyunlarından sonra milli valyutanın məzənnəsini yenə dəyişəcək.

Görünür,inflyasiyanın birinci dalğası çox adamı xoflandırıbmış. O vaxt müstəqil iqtisadçıların əksəriyyəti ölkədə güclü böhran yaşanacağını deyirdi. Amma böyük böhran baş vermədi. Həmin iqtisadçılar bunu belə əsaslandırdılar ki, hökumət milli valyutanın kursunu bir az aşağı salıb. Düzdür, ardınca da kursu bəlli həddə saxlamaq üçün bazara valyuta emissiyasından söz açdılar...

Bu günlərdə keçirilən toplantıda hökumətin yarımillik fəaliyyəti dəyərləndirildi. Şəxsən mən həmin toplantıda deyilənlərə diqqət kəsildim, amma hipotetik böhranla bağlı bir kəlmə də səslənmədi. İş burasındadır ki, böhranın birinci dalğası ərəfəsində də hökumət belə davranmışdı, yəni dünyada, özəlliklə Avropada böhran yaşansa da, bunun ölkədən yan ötəcəyi, manatın kursunun sabit qalacağı deyilmişdi. Di gəl, az sonra manatın ovaxtkı kursunun ticarət əməliyyatlarına problem yaratdığı açıqlandı vəmilli valyuta 33 faiz dəyər itirdi...

Analitiklər bir yana, adi vətəndaşlar da bu işlərin, adətən,belə qəfil edilməsindən təlaşlanırlar. Görünür, hökumət məsələ öncədən bilinsə, sosial kataklizmlərin yaşanmasından çəkinir. Qısası, indi hökumətin dediklərinə inanmaqdan və bunu qəbul etməkdən başqa çarəmiz yoxdur...

İŞ YERLƏRİNİN «DONU» ACILACAQ?

Az əvvəl xatırlatdığım toplantıda dilə gətirilməyən başqa suallar da vardı. Məsələn, Avropa Oyunları ərəfəsində çox sayda iqtisadi layihə dayandırılmışdı. Onların taleyi necə olacaq? Bu layihələr yenidən maliyyələşdiriləcəkmi? Təəssüf ki, bu xüsusda da heç nə deyilmədi. Halbuki bu məsələ bilavasitə sosial proseslərlə, iş yerlərinin açılması ilə bağlıdır. Elə ona görə də hökumətin toplantısını heç də son söz saymaq olmaz...

Böhranın birinci dalğası ərəfəsində də hökumət belə davranmışdı, yəni dünyada, özəlliklə Avropada böhran yaşansa da, bunun ölkədən yan ötəcəyi, manatın kursunun sabit qalacağı deyilmişdi.

YENƏ NEFT, YENƏ QİYMƏTLƏR...

Bir ciddi məsələ də var – ölkə iqtisadiyyatını durumu birbaşa neftin dünya bazarındakı qiymətindən asılıdır. Rəsmi tribunalardan neftdənkənar sektor haqqında nə qədər yüksək sözlər deyilsə də, büdcəni təmin etmək baxımından bu sektor hələ neft və qaz sektoru ilə rəqabətə girə bilməz...

Neftin qiymətini proqnozlaşdırmaq elə də asan deyil. Bu qiymətlər aşağı düşməyə başlayanda elə düşünürdülər ki, təxminən yay aylarında qiymət sabitləşəcək və böyük ehtimalla, ilin sonunadək eyni həddə qalacaq...

Amma iki məqam həmin fikri şübhə altına alır.Birincisi, ABŞ öz neft ehtiyatlarının bir hissəsini bazara çıxara bilər və belə söhbətlər gəzir. Bu ehtimalı gözdən qaçırmaq olmaz. İkincisi, axır ki, İranla «altılıq ölkələri» arasında razılaşma imzalandı. Düzdür, çox detallar hələ aydın deyil, di gəl, İrana qarşı sanksiyalar götürülsə və bu ölkə daha artıq neft və qaz ixrac etməyə başlasa, bu fakt dünyadakı enerji balansına və qiymətlərə təsir edəcək, çünki İranın zəngin ehtiyatları var...

Azərbaycan hakimiyyəti reallıqda ictimai rəydən və seçici sanksiyalarından asılı olmasa da, məncə, seçki dövründə kəskin inflyasiyaya və qiymət artımına getməz...

Demək, ilkin razılaşmalar göstərir ki, enerji bazarında təklifin artacağı və tələbin azalacağı daha realdır. Bu isə, sözsüz ki, qiymətlərə təsir edəcək...

PSİXOLOJİ İNFLYASİYA

Beləcə, çox arqumentlər sadalamaq olar. Amma inflyasiyanın bir sosial tərəfini də unutmaq olmaz - psixoloji inflyasiyanı. Axı adi söz-söhbət və panika da ölkə iqtisadiyyatındakı, xüsusən maliyyə bazarındakı balansı poza bilər. İnsanlar bunu inflyasiyanın birinci dalğası dövründə yaşadılar. O vaxt dükan və supermarketlər satışı dayandırmamışdımı?! Valyutadəyişmə məntəqələri qarşısında uzun növbələr yaranmamışdımı?!.. Amma xoşbəxtlikdən bunlar çox çəkmədi və panika nisbətən tez sovuşdu...

HƏLƏ SEÇKİ DƏ OLACAQ...

İlin sonu «maraqlı» olmağı vəd edir. Yada salmaq lazımdır ki, bu il həm də parlament seçkiləri olacaq. Azərbaycan hakimiyyəti reallıqda ictimai rəydən və seçici sanksiyalarından asılı olmasa da, məncə, seçki dövründə kəskin inflyasiyaya və qiymət artımına getməz... Ona görə də bu ilin problemsiz sovuşacağı qənaətindəyəm. «Gələn il nə olacaq» sualı isə hələ aktual deyil. Bu, indinin deyil, necə deyərlər, növbəti ilin qayğısıdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG