Keçid linkləri

Təcili xəbərlər

«Dəmir Feliks» qayıdır?


Felix Dzerzhinsky
Felix Dzerzhinsky

-

KOMADAN 4 AYAQ ÇIXIR...

Sovetlərin vaxtında onun adını sağa-sola yayıb, o dərəcədə göylərə qaldırmışdılar ki, «əfsanə» desən, bu adam ağla gəlirdi... Əvvəllər başqa ayamaları da olmuşdu: Yasek; Yaqub; Cildçi; Franek; Astronom; Yuzef; Domanski və s.

Cəmi 44 il yaşamış, bunun da 11 ilini məhbəsdə keçirmişdi. Bu adam sayəsində bir «çekist» (ruscadan çevirəndə «Fövqəladə Komitədə çalışan» anlamına gələn ifadənin qısaldılmış forması – red.) obrazı yaranmışdı - hədsiz vicdanlı və fədakar, dəmir kimi əyilməz...

Nə deyim? Bu adam sonuncu rus inqilabının üzünü ağardan, ona ucalıq gətirən bir şəxsiyyət kimi tanıdılırdı. 20-ci əsrin 2-ci yarısında Che Guevara dünyada nə qədər məşhur və nə qədər sevimliydisə, keçmiş Sovet İttifaqında da Felix Dzerzhinsky o qədər tanınan və örnək sayılacaqbir sima idi. Ən azı, rəsmən...

LENIN RAZLİVDƏ

...Amma sonradan siyasi küləklərin səmti dəyişdi. Əvvəlcə şayiələr, dedi-qodular başlandı. Dedilər ki, guya F.Dzerzhinsky Vladimir Lenin-in arvadının - Nadezhda Krupskaya-nın məşuqu olub. Buna dair bir lətifə də yaranmışdı: Deməli, şəkildə ağac koma təsvir olunub. Komadan dörd ayaq çıxır. Deyirlər ki, bu ayaqların ikisi N.Krupskaya-nın, ikisi isə F.Dzerzhinsky-nindir. Bir nəfər də soruşur ki, bəs Lenin haradadır? Cavab gəlir ki, Razlivdə... Elə lətifənin adı da «Lenin Razlivdə» idi...

İndi çox şey adama adi gülməcə kimi gəlir. Amma o vaxt Dzerzhinsky bir neçə ilin içində inqilabın fədakar simvolundan ilk sovet repressiyalarının simvoluna çevrildi və bir gün, daha doğrusu, məşhur «QKÇP» dönəmində insanlar onun heykəlini aşırdılar...

KOMMUNİSTLƏR İMZA TOPLAYIRLAR...

Bütün bunları niyə xatırlayıram? Moskvada F.Dzerzhinsky-nin heykəlini yerinə qaytarmaqdan ötrü referendum keçirmək təklif olunub. Hətta Rusiya kommunistləri bu məqsədlə 150 min imza da toplayıb...

Felix Dzerzhinsky və Joseph Stalin - 1924
Felix Dzerzhinsky və Joseph Stalin - 1924

Ümumiyyətlə, Rusiyada sovet dövrünə maraq çox böyükdür. «Bu ölkədə sovet simvollarına qayıdış var!» – desək, yanılmarıq. İndiki rəhbərliyin «dəmir Feliks»in şinelindən çıxmış adamlardan olduğunu yada salsaq, onda bir çox şey daha tez aydınlaşar...

Təsəvvür edin, artıq Boris Yeltsin-in kultu sıfırlanıb. Hamı onun haqqında «hər vaxt sərxoş rus mujiki» kimi danışır və ona çox şeyi, o cümlədən SSRİ-nin dağılmasını bağışlamaq istəmirlər...

ƏSL NARAHATLIĞI BALTİK ÖLKƏLƏRİ YAŞAYIR...

Ətraflarda bu proseslərə maraq müxtəlifdir. Burada zaman da özünü göstərir.

Sovet dövrünün gerçək «qəhrəmanlıq anları»nı görən və onu yaşayan insanların sayı get-gedə azalır. İndi «Böyük Vətən müharibəsi»nin də sağ qalan iştirakçılarını barmaqla saymaq olar. Hər il 9 mayda parada çıxanların sayı bir ucdan azalır...

Amma bütövlükdə sovet dövrünü xatırlayanlar hələ kifayət qədərdir . Di gəl, əsl təlaş yalnız Baltik ölkələrində hiss olunur, digər yerlərdə təlaşdan çox vecsizlik və biganəlik var...

Baltik ölkələrininsə əhalisi çox narahatdır. Onlar Rusiyanın təcavüzündən ciddi şəkildə ehtiyatlanır və bundan xilas yolunu NATO ilə daha dərin inteqrasiyada – tam hərbi bütünləşmədə görürlər...

Rəsmi Rusiya isə baltiklilərdən yox, orada möhkəmlənməyə can atan NATO qoşunlarından çəkinir. Beləcə, dairə qapanır: Baltik ölkələri tək Rusiyadan, Rusiya isə orada yerləşən NATO silahlarından və əsgərlərindən qorxur...

NƏ RUSOFOBİYA, NƏ RUSOFİLLİK...

Azərbaycana gəlincə, burada da Rusiya təhlükəsi barədə xəbərlər zaman-zaman bəzi qəzetlərin manşetinə çıxarılır. Amma əksəriyyət bunu ciddi qəbul etmir...

Məşhur «QKÇP» dönəmində insanlar onun heykəlini aşırdılar...
Məşhur «QKÇP» dönəmində insanlar onun heykəlini aşırdılar...

Bu gün Azərbaycanda nə rusofobiya, nə də rusofillik yaşanır. İnsanlar tərəfsiz təsiri bağışlayırlar. Bütün siyasi mövzular kimi Rusiya təhlükəsi də elə bir ciddi oxucu auditoriyası toplaya bilmir.Ürəklərdən keçəni də duymaq olmur. Bir misal çəkim: 2-ci inqilabını yaşayan Ukraynada V.Lenin-in heykəllərini yığışdırdılar. Düzdür, axıradək yığışdıra bilmədilər, çünki ölkənin şərqindəki heykəllər qaldı.

Azərbaycan bu prosesi çoxdan, lap çoxdan -80-ci illərin sonlarında keçdi. Nə qədər paradoksal olsa da, burada sovet dövrünün kommunist heykəllərinə təsadüf etməzsiniz. Halbuki ölkəni idarə edən məmurların çoxu həmin dövrün adamlarıdır...

Etiraf etmək lazımdır ki, bu adamlar hansı şəkildəsə sovet dövrünün təəssübünü çəkmirlər. Onlar keçmiş sovet liderlərini, simvollarını və hətta sovet ideologiyasını rəqib kimi görür və böyük məmnuniyyətlə V.Lenin-in və yaxud başqa bir kommunist liderin uçurulmuş heykəllərinin yerində öz heykəllərini ucaldardılar...

«Dəmir Feliks»ə gəlincə, onun təcəssüm etdirdiyi sistem Azərbaycanda heç vaxt bəyənilməyib.Bəlkə şəxsən Dzerzhinsky-nin özünə azacıq simpatiya olub, amma bu simpatiya heç vaxt «sovet çekisti»nə, xüsusən o vaxtın «sovet milisi»nə şamil edilməyib, hətta bəlkə də əksinə olub – insanlar, ən yaxşı halda, onlardan aralı durmağa çalışıblar...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG