Keçid linkləri

Təcili xəbərlər

Əgər dağıdıcı inqilab istəmiriksə...


Zaur Qurbanlı
Zaur Qurbanlı

-

Nəticədə Frenk kimi Raskolnikovlar ortaya çıxa bilər. Bu isə dağıdıcı inqilabdır...

Zaur Qurbanlı

TANRI MODERNİZMİ QORUSUN

“Tanrı Amerikanı qorusun” (“God bless America”) filminə baxdım. Qanlı səhnələr, ölüm səhnələri bəs deyincədir.

Amma qanlı səhnələrlə dolu olan ekran əsərlərinin yaratdığı təəssüratı yaratmır.

Film Amerikanın müasir problemlərindən cəsarətlə və vicdanla, həm də ifrat reaksiya göstərərək söz açır. Sığorta işçisi Frenk qonşunun uşağının səsindən, həmin uşağın atasının televizorunun səsindən bezir.

Frenkin özü boşanıb,arvadı yeganə qızlarını da götürüb gedib və başqası ilə yaşayır. Frenk evdə olanda adətən televizora baxır, maşında isə radio dinləyir.

Televizor və radioda isə daim pop mədəniyyət, çoxlu sub-kulturalar, bayağılıq, rasizm, müharibə təbliğ olunur, çünki kütlənin marağı, eyni zamanda yaxşı pul qazanma imkanı bu tip verilişlərdədir.

Televizor və radioda isə daim pop mədəniyyət, çoxlu sub-kulturalar, bayağılıq, rasizm, müharibə təbliğ olunur, çünki kütlənin marağı, eyni zamanda yaxşı pul qazanma imkanı bu tip verilişlərdədir.

Frenk televizora baxdıqca bunun Amerikanın dərin problemi olduğunu hər an daha çox başa düşür.

Frenk işdən də qovulur. Axşam televizorda ad gününə onun istədiyi maşını yox, başqa model maşın aldığına görə atasını söyən qızı dinləyir, telefonda öz qızının “Blackberry” yox, “İphone” istəməsinə görə ağlayıb, özünü yerə çırpmasına qulaq asır. Özünü öldürmək istəyir.

Amma qərara alır ki, əvvəlcə televizorda atasını söyən həmin qızı öldürsün. Filmin hamısını danışmaq fikrində deyiləm. Əsas məzmun odur ki, gedib o qızı öldürür, bu zaman bir məktəbli qızla tanış olur.

Bu məktəbli ilə fikirləri üst-üstə düşür və birlikdə “ölümə layiq olanları” öldürməyə davam edirlər. Onların gecə söhbətində “ölümə layiq olanlar” sadalanır: “Rockstar”ı sifət olaraq istifadə edənlər, bütün günü enerji içkiləri içənlər, ekstrim kəlməsini istifadə edənlər, anarxiya işarəli kofta geyinən hər kəs və s..

Filmdə “qara yumor”dan geniş istifadə edilib. Ona görə də bu siyahı da əslində gülmək üçündür. (Ardı filmin treylerindən sonra)

Amma filmin çatdırmaq istədikləri ilə də uyğun gəlir. Məsələ prinsiplərdədir, indiyədək tarix boyu əziyyət çəkilərək, yaradılmış sivilizasiyanın göz görə-görə özümüz tərəfindən məhv edilməsindədir.

Post-modernizmin gətirdiyi, hər bir şeyə verilən yaşamaq hüququndadır.

Əslində isə dəyərlərə zidd olan nəsnələrin dəyər kimi sırınıb o dəyərlərlə bir sıraya qoyulması yolverilməz olmalıdır. Pislə yaxşının sərhədi itməməlidir. “Bu mənim şəxsi fikrimdir” şərhi həqiqəti aşa bilməməlidir.

Nəinki aşa bilməməli, heç həqiqətlə bir səviyyədə də durmamalıdır. Nələrisə qorumaq lazımdır ki, Frenkin dediyi kimi, qızlar özlərini başqalarına təslim etmə səhnələrini canlı olaraq televiziyaya verəndə bu, “ifadə azadlığı”dır deyə müdafiə edilməsin.

Filmin sonunda mahnı müsabiqəsində pis oxuyan uşağı bütün ölkə lağa qoyur. O uşaq da özünü öldürmək istəyir. Bu şou olan zala silahla və üstünə bağladığı bomba ilə girən Frenk hər kəsi onu dinləməyə məcbur edir və deyir: “Mənim adım Frenkdir. Amma bu, əhəmiyyətli deyil.

Əhəmiyyətli olan sual isə budur: Siz kimsiniz? Amerika amansız və qəddar bir yer oldu. Ən malı, ən pisi, ən axmağı, ən çox səs-küy salanı mükafatlandırırıq. Artıq ümumi nəzakətimiz qalmayıb. Utanmamız da qalmayıb.

Doğru və yanlış yoxdur. İnsanların ən pis xasiyyətləri bəyənilir və təqdir edilir. Yalan demək və qorxutmaq yaxşıdır – bundan pul qazandığınız müddətdə. Şüar söyləyən və nifrət qusan bir xalq vəziyyətinə düşmüşük artıq. Nəzakətimizi itirdik. Ruhumuzu itirdik. Toplumumuzdakı ən zəif olanı gülünc vəziyyətə salanda biz nəyə çevrilmiş oluruq? Kefinə və əyləncəsinə görə gülünən.

Onlar artıq elə bir vəziyyətə gəliblər ki, bizimlə yaşamaq əvəzinə özlərini öldürməyi üstün tuturlar.” Bu zaman həmin o uşaq bildirir ki, o, ona lağ etdiklərinə görə özünü öldürmək istəməyib, televizora bir daha çıxa bilməyəcəyinə görə özünü öldürmək istəyib.

Frenk artıq buna dözmür və o uşaq daxil olmaqla, hamını qırmağa başlayır. Çünki bu, son həddir. Dəyərlərin tapdalanması elə hala gəlib ki, bu tapdalanmadan əziyyət çəkənlər də dəyərsizləşmənin köləsinə çevriliblər.

“Tanrı Amerikanı qorusun” filmi “Çovdarlıqda uçurumdan qoruyan” əsərini xatırlatdı mənə. O əsər Amerikanın mühafizəkar cəmiyyətinə lağ edirdi. O romanı “Amerikanı Amerika edən şeylər” siyahısına salıblar.

Ola bilər ki, etdi. 60-ların inqilabi hərakatı mühafizəkarlığa sağalmaz yaralar vurdu. Amerika cəmiyyəti, onun kimliyi birdəfəlik dəyişildi.

Amma bu, elə bir dəyişmə idi ki, prosesin dağıdıcılığa gedən istiqamətinin qarşısını alan vasitələri də, demək olar ki, məhv etmişdi. Frenkin “əsas sual budur ki, siz kimsiniz” sözü də bundadır. Köhnə kimlik məhv edilir və yerinə heç nə təklif edilmir. “Bizi birləşdirən dəyər” sualına cavab tapmaq get-gedə çətinləşir.

Amerika elə təbii sistemdir ki, orda baş verənlər adətən geridönməz xarakterdə olur. Orda dəyişiklik enerjisi yavaş-yavaş yığılır və birdən inqilab törədir. 1776, 1861, 1960-lar inqilabları belə baş verib. Və indi də inqilab üçün enerji yığılır. Mühafizəkarlıq vaxtı keçəndə reqressiv, inkişafı tormozlayan olur. Amma onda olan bəzi şeylər faydalı olur.

Amerika elə təbii sistemdir ki, orda baş verənlər adətən geridönməz xarakterdə olur. Orda dəyişiklik enerjisi yavaş-yavaş yığılır və birdən inqilab törədir. 1776, 1861, 1960-lar inqilabları belə baş verib. Və indi də inqilab üçün enerji yığılır.

Heyf ki, inqilablarda o faydalı şeylər də silinir. Amerika tormozlanması hələ ki, mümkünsüz görünən yola girib – postmodernizm yoluna. Dəyərsizləşmə, əxlaqi qütblərin sərhədinin itməsi, ən rəzil anlayışlarla ən alilərin bərabər yaşama hüququ qazanması yoludur bu.

Mühafizəkarlığın bu dərəcədə məhvi artıq prosesin özünü reqressiv edib. İndi yüzillərdən bəri milyonlarla qurban hesabına qurulmuş bu dəyərli sivilizasiya qorunmalıdır və ola biləcək inqilab, qəribədir ki, nələrisə mühafizə etmək üçün olacaq. Modern sivilizasiya öz “post”una qalib gələrək, bəşəriyyətin indiyə kimi əldə etdiyi ən yüksək dəyərləri yaşada biləcəkmi?

Bu suala cavab sadəcə insanın xarakterinə bağlıdır – optimistsən, yoxsa pessimist?! Bu postmodern istiqamətin əslində dəyərdağıdıcılıq, mədəniyyətsizləşmə və sivilizasiyasızlaşma olmasına əsas səbəb o oldu ki, dağıtdıqlarının yerinə dəyər təklif etmədi.

Fərdə sonsuz şərh səlahiyyəti verdi və şərhlərin də hamısına (doğru və ya yanlış olmasından asılı olmayaraq) bərabər yaşama hüququ verməklə, həmin fərdin özünü yüzlərlə yerə parçaladı.

Nəticədə müasir sivilizasiyanın məhək daşı olan fərd parçalandı, konkret dəyər daşıyıcısı olmadı, əksinə dəyərləri aşındıran şərhlərin mənbəyi oldu. Frenk demişkən, izah həqiqətdən ağır olub.

Nəticədə Frenk kimi Raskolnikovlar ortaya çıxa bilər. Bu isə dağıdıcı inqilabdır. Nə qədər ki, modernizmin liberal dövlətləri qalır, dəyərlər qorunmalıdır. Hələ ki, rəsmi üstünlük sivilizasiyanın əlindədir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

XS
SM
MD
LG