Keçid linkləri

Təcili xəbərlər

Rusiyalı Hamlet...


Vladimir Vysotsky
Vladimir Vysotsky

-

SƏKİNİN ÜSTÜNDƏKİ KİTAB DÜKANI...

Bəlkə də 20 il öncənin söhbətidir. Bakıda - Mərkəzi Univermağın yanında bir oğlan kitabları səkinin üstünə düzərək, açıq havada ticarət yapırdı... Hər dəfə işdən qayıdanda, mən də bu «səyyar dükan»dakı kitablara baxar və çox vaxt oradan nəsə alardım...

...Bir dəfə bapbalaca bir kitaba gözüm sataşdı - Vladimir Vysotsky-nin kitabı idi. Tərəddüd etmədən aldım... Oxuya-oxuya metroya çatdım və bir də gördüm ki, bu kitabcığı elə yoldaca oxuyub qurtarmışam.

O QƏDƏR TANINIRDI Kİ...

Vladimir Vysotsky bir vaxtlar çox populyar, az qala, canlı əfsanə idi – misilsiz aktyor, şair, bard... Çox güman, indiki Azərbaycan gəncliyi onu heç tanımır, amma o vaxt... O vaxtlar onun Moskvada – «Taqanka Teatrı»nda canlandırdığı obrazlar, özəlliklə Hamlet haqqında əfsanələr dolaşırdı. Kinodakı rolları da ayrıca maraq doğururdu. Yaşlı nəsil onun baş rollardan birini oynadığı «Görüş yerini dəyişmək olmaz» filmini xatırlamamış olmaz...

O, həm də gözəl bard idi. Sovetlər çağında adamlar bəzi filmlərə yalnız ona görə baxmağa gedirdilər ki, orada Vysotsky oxuyacaq – öz gitarasında öz sözlərinə öz mahnısını oxuyacaq!.. O vaxt haradan biləydilər ki, çağa damğasını basan görkəmli bir sənətçinin müasirləridirlər, onunla eyni şəhərdə - Moskvada yaşayırlar?!.

ONU SOVET QURULUŞUNUN ƏLEYHDARI SAYMAQ OLARMI?

Bilmirəm, onu sovet quruluşunun əleyhdarları sırasına aid etmək olardımı? Bu adam bütün davranışı ilə qaydalardan istisna idi - tam fərqli şəkildə yazır, tam fərqli şəkildə oynayır, hətta tam fərqli şəkildə sevirdi... Onun rus əsilli fransız aktrisası Marina Vlady ilə məhəbbəti də elə bir əfsanə idi- uzun illər Moskva ilə Paris arasında dolaşan əfsanə...

Vladimir Vysotsky və Marina Vlady - 1979
Vladimir Vysotsky və Marina Vlady - 1979

Amma mən yenə də onu antisovet adam saya bilmirəm. O, heç nəyə qarşı «anti» ola bilməzdi. O, sadəcə, standartları pozan, tam bənzərsiz və özgün bir adam idi...

ÖZÜNÜ OYNAYAN AKTYOR...

O, əslində rusların Hamleti idi... Duyarlı, doğrucul və dönüklüyü bağışlaya bilməyən rus Hamleti... Əlbəttə, həyat adətən sənətdən daha qəliz olur. Hətta çox istedadlı aktyorlar da həyatda tam başqa cür davranır, səhnədə, çəkiliş meydanında isə, sadəcə, rola girirlər...

Amma Vysotsky üçün bir rol vardı – o da elə Vysotsky-nin özü idi. Hamlet də, sadəcə, paltar dəyişmək, başqa cür qrimlənmək idi... Elə bu səbəbdən ona aktyor kimi baxa bilmir və bir daha deyirəm ki, onun tək bir rolu varsa, o da onun özü idi... O, sanki özünü oynayırdı!..

MOSKVADA BİR KÜÇƏ...

...Axır ki, gəldim mətləbə. Nədən birdən-birə Vysotsky-ni xatırladım? Bu günlərdə oxudum ki, Moskva küçələrindən birinə onun adını veriblər.

Adlar, küçələr, meydanlar... Elə adamların adına küçə verirlər ki, adam bunu heç hiss etmir, fərqinə varmır. Düşünürsən ki, «iks» adı verdikləri bu küçəyə «iqrek» adı da versələr, heç nə dəyişməz...

Amma adam da var ki, adını harasa verəndə, o yer tam dəyişir və sirli bir məna qazanır...

BÜTÜN YOLLAR EVƏ APARIR, BU YOL İSƏ...

Bu məsələ mənə Rusiyada baş verən proseslərin kontekstində də maraqlı göründü. Bəli, bugünkü Rusiyanı duyub-anlamağa çox çalışıram...

V.Vysotsky «Taqanka Teatrı»nda - 1967
V.Vysotsky «Taqanka Teatrı»nda - 1967

Amma hər şey sanki məzəli güzgülərdəki kimi - təhrif edilmiş, gülməli hala salınmış və bir az da eybəcərləşdirilmiş şəkildə gəlib çatır mənə...

Sizdən nə gizlədim, indiki Rusiya kinosundan, ədəbiyyatından, musiqisindən Rusiyanı görə bilmirəm, o, mənə çatmır...

...Bir-iki ayın söhbətidir. Rusiyada dövlət mükafatları təqdim olunurdu. Laureatlardan biri də Aleksandra Pakhmutova idi... Nədən indi«Nadejda» («Ümid») kimi mahnılar yaranmır, hə?..

Sonra da deyirlər ki, insanlar nostalji keçirir, xiffət çəkirlər. Niyə də çəkməsinlər. Axı jurnalistlər də, siyasətçilər də və elə zamanın özü də insanların əlindən çox şeyi alıb, amma əvəzində onlara heç nə verməyib. Bəzən baxıb görürsən ki, insanların, tutalım, bütöv bir nəslin keçmişindən başqa heç nəyi yoxdur. Di gəl, bu da bizi sakitləşdirmir... Dinc durmuruq və o keçmişi də insanların əlindən qoparmaq, ayaqlar altına atıb tapdalamaq istəyirik...

...Amma Moskvada bir küçə var - Vysotsky küçəsi... Adamlar çox şey ummur və çox şey də istəmirlər. Bir şeirin, bir nəğmənin ucundan tutub həmin küçə ilə, sadəcə, addımlamaq - bəli, addımlamaq istəyirlər, çünki onlara elə gəlir ki, bu naməlum və məchul dünyada həmin küçə onları HARASA aparır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG